Hansı məntiqlə Şuşada kazino açmaq olar?

Kərim Kərimli: “Ola bilər, kimlərsə Qarabağ adından məkrli istifadə edib pul qazanmaq istəyirlər”

“Bu başqa məsələ, amma imkan versinlər, biz qayıdaq, sonra kazino “gələr”

  Dövlət Turizm Agentliyi Şuşa şəhərinə turizm məqsədli səfərlərin təşkil edilməsi üçün işləri yekunlaşdırmaq üzrədir. "Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib. O, bu barədə rəhbərlik etdiyi qurumun və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycan Turizm Sammiti”ndə danışıb. “Vətəndaşlarımız digər yerlərə olduğu kimi Şuşaya da turizm məqsədli səfərlər edə biləcəklər”, - deyə o qeyd edib. 

“Qarabağın turizm potensialının öyrənilməsi, reallaşdırılması, tanıdılması üçün çoxistiqamətli tədbirlər icra olunur. Bu ilin mart ayında Tərtər rayonunun Suqovuşan kəndində Prezidentin iştirakı ilə turizm kompleksinin təməli qoyuldu. Eyni zamanda Ağdamda tarixi Şahbulaq qalası ətrafında turizm üzrə ilkin rekreasiya infrastrukturu qurulub. Şuşa şəhərinin və Daşaltı qəsəbəsinin, Füzuli, Xocavənd, Cəbrayıl, Zəngilan, Qubadlı və Kəlbəcərin turizm imkanlarının qiymətləndirilməsi aparılıb, müvafiq inkişaf strategiyaları və fəaliyyət planlarına inteqrasiya edilib”, - deyə sədr əlavə edib.

  İşğaldan azad edilmiş Qarabağda və ətraf bölgələrdə abadlıq, quruculuq işləri sürətlə davam edir.  Turizm infrastrukturunun qurulması da görülən işlərin mühüm bir hissəsidir. Lakin bəzən ayrı-ayrı şəxslər tərəfindən nə məntiqə sığan, nə də qulağa xoş gələn təkliflər səslənir. Bunlardan biri də işğaldan azad edilmiş ərazilərdə kazinoların fəaliyyətinin və mərc oyunlarının təşkilidir. Kazinoların açılmasını “məsləhət görənlər” bunun turist axınına, iqtisadi inkişafa müsbət təsir edəcəyini, büdcəyə külli miqdarda gəlir daxil olacağını iddia edir. Qonşu Gürcüstanı da “örnək” gətirirlər ki, Tbilisidə kazinoların fəaliyyətinə rəsmi icazə verilməsi hətta pandemiya dövründə ölkənin gəlirlərinin artmasına səbəb oldu. Bizim bəzi kazino həvəskarları da “şəhid qanı ilə alınmış torpaqlarda kazino açmaq utancvericidir” deyənləri populizmdə günahlandırır, “bu pullar həmin rayonlarım büdcəsinə gəlir gətirəcəksə, niyə də olmasın? Bu pullarla işğaldan azad edilmiş əraziləri qısa müddətdə bərpa edə bilərik” söyləyərək ağla zərər açıqlamalarla çıxış edirlər. Guya ki, ölkəmizin maddi sərvətləri bitib-tükənib, büdcəmiz bom-boşdu, ümid qalıb kazinolardan əldə ediləcək haram pullara?!  Əvvəla onu qeyd etməliyik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə "Böyük Qayıdış"a dair I Dövlət Proqramı” təsdiqlənib. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərin dayanıqlı inkişafına nail olunması məqsədilə müvafiq qurumlara lazımi tapşırıqlar əksini tapıb. Və Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə kazinoların açılmasına dair bircə söz, ifadə belə yoxdur. Deməli,  kazinoların açılması dövlət başçısının iradəsindən kənardır. Bunu hansısa işbazlar, çirkli yollarla sərvət əldə edənlərin könlü istəyir. Könüllərindən keçir ki, Şuşada, Ağdamda kef eləyib, haram yolla qazandıqları pulları elə o cür də haram yolla kazinoda xərcləsinlər. Torpaqların  müqəddəsliyinə xələl gətirsinlər. 

Yazıçı-publisist, əslən şuşalı jurnalist Kərim Kərimli “Şərq”ə açıqlamasında kazino həvəskarlarının “məntiqinə” qarşılıqlı məntiqlə cavab verdi: 

- Prinsip etibarilə müasir dünyada qanunla qadağan olunmayan fəaliyyətlərin əleyhinə deyiləm. Amma bir neçə haşiyə çıxmalıyam. Birincisi, niyə məhz Qarabağda, işğaldan azad edilmiş ərazilərdə kazino açılmalıdır? Kazino hansısa ərazi vahidinin büdcəsinə külli miqdarda gəlir gətirəcəksə, niyə, məsələn, Mingəcevirdə açılmır, gənclər şəhəri Sumqayıtda, ya paytaxtın özündə açılmır? Büdcə korluğu çəkən o qədər rayon, bölgə var ki. Hansı məntiqdən çıxış edərək məhz işğaldan azad edilmiş rayonlarda, Ağdamda, Şuşada açılmasını istəyirlər? Büdcə büdcədir, harda açılır açılsın, əldə olunan gəlir işğaldan azad edilmiş ərazilərə xərclənsin də. Hamımız, bütün ölkə ərazilərimizi, dağıdılmış şəhərlərimizi bərpa etmək üçün çalışmırıqmı?! İkincisi, nə Şuşanın, nə Ağdamın, nə də Qarabağın başqa bölgələrinin tanıdılması üçün kazinoya ehtiyacı yoxdur. Şuşa o günə qalıb ki, kazino hesabına tanınacaq, kazinoya görə ora axın olacaq? Bu, nə məntiqdir?  Nədir, demək istəyirlər ki, Şuşanın Qafqazın konservatoriyası adlanmasından heç nə əldə etmədik, bəlkə “Qafqazın Las-Veqası” olar, bunun hesabına varlanar, tanınar?! Biabırçılıqdı bu! Üçüncüsü, əhali hələ doğma yurduna qayıtmayıb. Əhalinin köçündən əvvəl bölgədə kazinoların kök atması hansı məntiqə söykənir, düşünmək belə insanı incidir, alçaldır. Hazırda bütün qüvvələr, dövlətin bütün resursları əhalinin doğma yurdlarına qayıdışına sərf olunmalıdır. Əhali qayıtsın, evlər tikilsin, məskunlaşma prosesi sürətlənsin, sonra kazino barədə düşünərlər.  Bir də ki, əhalinin qayıdışına əsas maneə ərazilərin minalanmasıdır. Deyirlər təhlükə var, aşkarlanmamış, partlamamış sursatlar təhlükəlidir.  Bəs kazinolara gələnlər üçün təhlükəli olmayacaq?  

  K.Kərimli qeyd etdi ki, Şuşanın kazino ilə məşhurlaşmağa ehtiyacı yoxdur, bəlkə kazinonu Şuşanın hesabına populyarlaşdırmaq, yayğınlaşdırmaq istəyirlər, bu başqa məsələ: 

-  Şuşa kazinodan başqa hər nəylə desən məşhurdu. Eləcə də bütün cümlə Qarabağ. Təbiəti, təbii sərvətləri, maddi-mədəni xəzinəsi, mədəniyyəti, elmi, təhsili, səhiyyəsi, ictimai-siyasi xadimləri. Şuşanın hər şeyi var. Bircə kazinosu çatmır, onu da açmaq istəyirlər.  Ola bilər, kimlərsə kazinonu Şuşanın, ümumilikdə Qarabağ adının hesabına məşhurlaşdırmaq, Qarabağ adından məkrli istifadə edib pul qazanmaq istəyirlər, bu başqa. Amma imkan versinlər, biz qayıdaq, sonra kazino “gələr”.