İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur
İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması
İrqindən, dinindən, yaşından və cinsindən asılı olmayaraq Yer üzündə hər bir insanın hüquqları var. İnsan hüquqlarının əsas mahiyyəti ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar. Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları var. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət və digər şəxslər qarşısında məsuliyyətini və vəzifələrini əhatə edir.
İnsan hüquqları ləyaqət, ədalət, bərabərlik, hörmət və müstəqillik kimi ortaq dəyərlərə əsaslanır. Bu dəyərlər qanunla müəyyən edilir və qorunur. Beynəlxalq ictimai hüquqda onları təsdiqləyən ən məşhur sənəd BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir. Bəyannamədə deyilir: “Hər bir insan onun mənsub olduğu irqindən, cinsindən, dilindən, dinindən, siyasi və digər baxışlarından, milli və sosial mənşəyindən, mülkiyyətindən, doğum və digər hallarından asılı olmayaraq təmin olunmuş insan haqlarına və azad olmaq hüququna malikdir”.
“Bütün insanlar azad və bərabərdir” tezisinə əsaslanan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası 10 dekabr 1948-ci ildə həmin günü Ümümdünya İnsan Hüquqları Günü olaraq qəbul edib.
Həmin vaxtdan 10 dekabr dünyada Ümümdünya İnsan Hüquqları günü kimi qeyd olunur.
Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra beynəlxalq birliyin tamhüquqlu üzvü kimi əsrlərin sınağından çıxmış ümumbəşəri dəyərlərin üstünlüyünü qəbul edərək demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf yolu seçib. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müstəqil və demokratik dövlət quruculuğu kursu sürətlə yeniləşən dünyanın tələblərinə cavab verir. Dövlətin inkişaf konsepsiyası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha da təkmilləşdirilib, dövrün tələblərinə uyğun sistemli islahatların aparılması, ictimai-siyasi və sosial-iqtisadi sahələrdə mütərəqqi dəyişikliklərin edilməsi nəticəsində ölkəmizdə yüksək inkişaf dinamikasına nail olunub. Bu gün hər bir cəmiyyətin və dövlətin inkişafı demokratiya və insan hüquqlarına hörmət olmadan mümkün deyil. Demokratiya, inkişaf, insan hüquq və azadlıqlarına hörmət bir-biri ilə üzvi surətdə bağlı olan və bir-birini şərtləndirən amillərdir. Bəşər sivilizasiyasının ən müdrik kəşflərindən sayılan insan hüquqları əvəzsiz nailiyyətdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur.
Ölkəmizdə həyata keçirilən sosial islahatlar xalqın maddi rifahının yaxşılaşdırılmasına, vətəndaşların iqtisadi və sosial hüquqlarının müdafiəsinə zəmin yaradır. Hər bir şəxsin həyatında və cəmiyyətdə insan hüquqlarının reallığa çevrilməsi amalı ilə yaşayan Azərbaycan dövləti insan hüquqları sahəsində 20-dək beynəlxalq konvensiya və sazişlərə qoşulub.
1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarını ali dəyər kimi qiymətləndirərək, onlara hörməti, insan hüquq və azadlıqlarının qorunmasını qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının vəzifəsi kimi müəyyənləşdirib.
Azərbaycan Respublikasının insan hüquqları haqqında beynəlxalq sazişlərə qoşulması, bu sahədə elmi-tədqiqat institutunun yaradılması, normativ-hüquqi aktlarının insan hüquqlarına dair beynəlxalq standartlara tam uyğunluğunun təmin edilməsi, hüquqi mexanizmlərin təkmilləşdirilməsi, insan hüquqları sahəsində fəaliyyət göstərən qurumlarla əməkdaşlığın daha da inkişaf etdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq institut və mərkəzlərdə tədqiqat və təhsil problemləri üzrə mütəxəssislərin hazırlanması, insan hüquqları haqqında öhdəliklərə riayət edilməsi və digər məsələlər ölkəmizdə insan hüquqlarına verilən dəyərin əsas göstəricisidir.
Qeyd edək ki, 10 dekabr “Ümumdünya İnsan Hüquqları Günü” ilə əlaqədar Baş Prokurorluqda “İnsan hüquqlarının əsas təminatları” mövzusunda konfrans keçirilib.
Konfransda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Milli Məclisin, həmçinin hüquq-mühafizə orqanlarının, insan hüquqları üzrə təsisatların yüksəkvəzifəli şəxsləri, Birləşmiş Millətlər Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatların, vətəndaş cəmiyyəti, qeyri-hökumət təşkilatlarının və media nümayəndələri iştirak edib.
Qeyd edilib ki, Ümummilli Liderin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müasir dövrün çağırışları və cəmiyyətin inkişafından irəli gələn tələblər nəzərə alınmaqla aparılmış məqsədyönlü tədbirlər insan hüquq və azadlıqlarının müdafiəsində səmərəliliyi artırmaqla hüquq müdafiə mexanizmlərinin təkmilləşdirilməsinə, əhalinin müxtəlif qruplarının hüquqlarının qorunmasının gücləndirilməsinə zəmin yaradıb.
Konfransda prokurorluq orqanlarının vətəndaşların hüquq və azadlıqlarının etibarlı müdafiəsinin təmin edilməsində digər qurumlarla əlaqəli şəkildə üzərlərinə düşən vəzifələri layiqincə icra etdiyi bildirilməklə bu sahədə birgə əməkdaşlığın önəmi vurğulanıb.
Həmçinin İnsan hüquqlarının müdafiəsi üçün Avropa Şurası alətləri, qaçqınlar, məcburi köçkünlər və insan hüquqları, Vətən müharibəsindəki qələbə kontekstində insan haqlarına yeni baxış, insan hüquqlarının təminatına xidmət edən məhkəmə-hüquq islahatları, insan hüquqlarının təminatında məhkəmə hakimiyyətinin, o cümlədən prokuror nəzarətinin rolu, insan hüquq və azadlıqlarının müdafiə mexanizmlərinin fəaliyyətində vəkillərin yeri və rolu, insan hüquqlarının təmin edilməsində konstitusiya nəzarətinin, habelə Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin rolu, Azərbaycanda dayanıqlı inkişafın təmin olunmasında qadın və uşaq hüquqlarının əhəmiyyəti, uşaq hüquqlarının təmin edilməsində prokurorluq orqanlarının rolu, cinayət prosesinin ayrılmaz tərkib hissəsi kimi azadlıq hüququnun təmin edilməsi mövzularında çıxışlar edilərək, ətraflı müzakirələr aparılıb.
İnsan hüquqlarının müasir dünyada ümumbəşəri mədəniyyətin mühüm tərkib hissəsi olduğunu xatırladan Baş prokuror Kamran Əliyev Azərbaycanın insan hüquqları ilə bağlı çoxsaylı beynəlxalq sənədlərə qoşulmasından danışıb: "Bütün insanların bərabərliyinin insanlara bəxş olunmuş ləyaqətə əsaslandığını təsbit edən Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasında hər bir demokratik dövlət tərəfindən tanınmalı və müdafiə edilməli olan fundamental insan hüquqlarının və əsas azadlıqların dairəsi müəyyən olunub. İnsanların cinsindən, irqindən və milli mənsubiyyətindən, dini etiqadından, sosial mənşəyindən, siyasi əqidəsindən və başqa hallardan asılı olmayaraq onların hüquq və azadlıqlarının maneəsiz həyata keçirilməsinin təmin olunmasını öz öhdəsinə götürüb”.
K.Əliyev qeyd edib ki, Azərbaycanda beynəlxalq normalara əsaslanan demokratik, hüquqi dövlət quruculuğunun böyük vüsət alması, suveren Azərbaycan Respublikasının əsas qanunu olan Konstitusiya qəbul edilib:
"Vətəndaş cəmiyyətinin formalaşdırılması, yeni iqtisadi kursun müəyyənləşdirilməsi, Avropa yönümlü inkişaf strategiyasının seçilməsi ilə bu gün də davam edən inkişafın təməlini qoymuş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlətçilik siyasətinin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikada həyata keçirilən müasir məzmunlu və gələcəyə istiqamətlənmiş genişmiqyaslı islahatlar nəticəsində ölkə həyatının bütün sahələrində yüksək nəticələr əldə edilib, müstəqilliyimizin və suverenliyimizin əsasları daha da möhkəmləndirilib, yüksək sosial-iqtisadi inkişaf göstəricilərinə nail olunmaqla hüquqi və demokratik dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesləri yeni müstəviyə qaldırılıb, dünya birliyinə inteqrasiya dönməz xarakter alıb".
Baş prokurorun müavini Heydər Məmmədov isə deyib ki, Baş Prokurorluq tərəfindən təxribatçı erməni silahlı birləşmə üzvlərinin əsir və girov götürülmüş azərbaycanlılara qarşı törətdikləri cinayətlərə görə beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətli işlər görülüb: “30 il öz doğma torpaqlarından məcburi köçkün düşmüş vətəndaşlarımızın pozulmuş hüquqlarının bərpa edilməsi istiqamətində addımlar atılır. Həmçinin onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsi, eləcə də erməni vandalları tərəfindən dağıdılmış tarixi-mədəni, dini abidələrimizin qiymətləndirilməsi, ümumilikdə işğal nəticəsində respublikamıza vurulmuş ziyanın hesablanması, eyni zamanda təxribatçı erməni hərbi qulluqçularının və qanunsuz silahlı birləşmə üzvlərinin əsir və girov götürülmüş soydaşlarımıza qarşı törətdikləri cinayətlərə görə cinayət prosessual qanunvericiliyin yaratdığı imkanlar çərçivəsində və beynəlxalq hüquq normalarının tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunması istiqamətində əhəmiyyətli işlər görülüb".
H.Məmmədov bildirib ki, son iki il yarımdan artıq müddət ərzində Baş prokuror Kamran Əliyevin peşəkar rəhbərliyi ilə prokurorluqda aparılan müasir dövrün tələblərinə, vətəndaşlarımızın hüquqlarının qorunmasına yönələn genişmiqyaslı islahatlar nəticəsində prokurorluq cinayət təqibinin həyata keçirilməsi zamanı insanların hüquqlarının qorunması istiqamətində mühüm işlər görülüb.
Konfransda çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Prezident İlham Əliyevin I Qarabağ müharibəsinin nəticələrini beynəlxalq gündəliyə daxil etməkdə israrlı olduğunu deyib.
Deputatın sözlərinə görə, Baş Prokurorluq son illər yeni obrazda Azərbaycan xalqının qarşısına çıxır, ictimai nüfuz və etibar qazanır: "Bu qurumun xüsusilə II Qarabağ müharibəsi dövründə hüquq səngərində göstərdiyi peşəkarlıq döyüş meydanlarında aparılan əməliyyatlar qədər vacib idi. Baş Prokurorluğun Ermənistana casusluqda ittiham olunan şəxslərlə bağlı uzun illər davam edən, müxtəlif informasiya vasitələrində dövlət və ordu əleyhinə çevrilən əməllərə obyektiv və qanuni qiymət verilməsi üçün dövlət başçısının tapşırığı ilə xüsusi komissiyanın yaradılması və hüquqi düyünə salınan işgəncə cinayətlərinə yenidən qiymət verməsi mühüm hadisə idi. Əlbəttə, hərbi sistemdə mövqe tutan şəxslərin, o cümlədən həmin əməllərə anındaca qiymət verməli olan istintaq qrupunun və hakimlərin ağır mirası indi yüzlərlə ailənin, cəmiyyətin ədalətli qərarı ölkə rəhbərindən gözləməsinin başlıca səbəbidir. Prezidentin etimadını itirən, rütbəsindən və mövqeyindən asılı olmayaraq, hər kəsə qarşı güzəşt limiti bitib".