Emil Rasimoğlu: "Məsələ həllini tapmalı idi. Amma olmadı!"
"Məsul qurumlar, səlahiyyətli şəxslər mövcud mənzərəni görməli və problemin fərqinə varmalıdır!"
“Günlər öncə yazıçı Əlisa Nicatın aktuallaşan durumuna olan münasibətləri yetərincə seyr etdim. Doğrudur, Şahbaz Xuduoğlu bir yazıçının acınacaqlı durumunu ictimailəşdirdi, amma onun həlli yolunu Əlisa Nicatı fərdləşdirməkdə, yazıçı kontekstindən çıxartmaqda tapdı”. Bu sözləri “Şərq”ə açıqlamasında şair Emil Rasimoğlu deyib.
Şairin sözlərinə görə, məsələnin əsas mahiyyətinin fərqinə varılmasında, üzə çıxarılmasındakı gücsüzlük, iradəsizlik tək Şahbaz Xuduoğlunda yox, elə Əlisa Nicatın özündən tutmuş bu məsələni müzakirə edən hər kəsdə müşahidə olundu: “Əslində Əlisa Nicatın mənzərəsi bir faciənin simptomu idi. Şahbaz Xuduoğlu (və müəyyən ədəbi, ictimai çevrə) bəs neylədi? Həmin simptomu yaradan faciəni yox, simptomun özünü aradan qaldırdı. Bunun da müvəqqəti olduğunu düşünürəm. Fərz edin, qan-damar sistemində problemi olan bir adamın təzyiqi yüksəlir. Burada təzyiqin tənzimlənməsinə qarşı atılan addımlar yalnız müvəqqəti rahatlığa xidmət edəcək, problemin aradan qalxmasına yox.
Bəs Əlisa Nicatın mənzərəsinin fonunda nə dayanırdı? Təbii ki, bir ölkədə yazıçıya, sənətkara müəyyən laqeydlik və o laqeydliyə səbəb olan amillər! Bir az da dəqiq desək, dövlətin yazıçıya, sənət adamına olan qayğısının bəs qədər olmaması, bu azmış kimi, göstərdiyi o az qayğının da doğru ünvanlara, öz sahibinə düzgün şəkildə çatdırılmamasıdır.
Məsələ bu istiqamətdə aktuallaşmalı, müzakirə olunmalı, həllini tapmalı idi. Amma olmadı! Səbəbi isə bir daha deyirəm, iradəsizlik, gücsüzlük.
Bu məsələdə Əlisa Nicatın da bir yazıçı kimi iradəsi, necə deyərlər, əlindəki bir tikə çörəyi aşa bilmədi. Əgər aşsaydı, o, durumunun aktuallaşmasını alqışlayardı, amma fərdi formada - bu şəkildə həllindən imtina edib, öz vəziyyətini ölkədə yazıçı yaşamı ilə, yazıçıya olan diqqətlə əlaqələndirib problemin bu yöndə çözülməsinə çalışardı, can atardı, hətta tələb edərdi!
Yoxsa ki Əlisa Nicat bilməli idi ki, kitabı oxumaq üçün alarlar, yardım üçün yox! Kitabı oxumaq üçün imzalayarlar, yardım üçün yox! Yardım üçün alınan, imzalanan kitabın taleyi də elə müəllifinin taleyindən geri qalmayacaq.
Bu gedişlə Şərif Ağayarlar, Pərviz Cəbrayıllar, Salam Sarvanlar, Kənan Hacılar...və daha kimlər, kimlər sabahın Əlisa Nicatları deyilmi? Hətta bəlkə də bu günün Əlisa Nicatlarıdır, nəinki sabahın! Dövlət, məsul qurumlar, səlahiyyətli şəxslər mövcud mənzərəni görməli və problemin fərqinə varmalıdır!".