Söküntü işləri çoxdan aparılmalı idi

Bakının bəzi ərazilərində binalar bir-birinə yapışıb

"Bir eyvandan digərinə hoppanmaq olar. Binaların qarşısı, yan-yörəsi də digər obyektlərlə zəbt edilir"

  Bakıda qanunsuz inşa olunan obyektlər sökülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən görülmüş tədbirlər nəticəsində aşkar olunmuş pozuntuların aradan qaldırılmaması səbəbindən Bakı şəhəri, Nərimanov rayonu, akademik Həsən Əliyev küçəsində yerləşən vətəndaşlar Tariel İdrisov və Natiq Hacıyevə, vətəndaş Cəmilə Səfərəliyevaya məxsus, həmin rayonun Rasim Muxtarov küçəsində yerləşən qanunsuz inşa olunan obyektlərin söküntüsünə başlanılıb. 

Fotolardan göründüyü kimi, tikililər bir-birinə yaxın məsafədə, eyni zamanda digər yaşayış binaları ilə demək olar, bitişik inşa edilirmiş. Bu isə təhlükəsizlik qaydalarına zidd olmaqla yanaşı, şəhərsalma normalarına da ziddir. 

Qanunsuz obyektlərin söküntüsü ilə bağlı “Şərq”lə fikirlərini bölüşən təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev qeyd etdi ki, paytaxtda tikinti normativlərinin pozulduğu, sakinlərin, şəhər əhalisinin həyatına təhlükə törədən tikililərin sayı az deyil: 

- Müsbət haldır ki, FHN Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bu cür nöqsanları görür və aradan qaldırmağa çalışır. Lakin bu, birinci hal deyil. Paytaxtda tikinti normativlərinin görməzdən gəlindiyi, heç bir təhlükəsizlik qaydasına əməl edilmədən tikilmiş və fəaliyyətdə olan obyektlər var. Yaşayış binalarını bir-birinə çox sıx, demək olar ara məsafəsi saxlamadan inşa edirlər. Halbuki tikintilər zamanı binalar arası məsafə, hündürlüklə bağlı bəlli normalar mövcuddur. Fikir versəz, görərsiniz ki, paytaxtın bəzi ərazilərində binalar bir-birinə yapışıb. 

Bir eyvandan digərinə hoppanmaq olar. Binaların qarşısı, yan-yörəsi də digər obyektlərlə zəbt edilir. Fövqəladə hadisə baş verdikdə yanğınsöndürən və digər iri kabaritli avtomobillər nəinki həyətə daxil olmaq, heç binaya yaxınlaşa bilmir. Nəticədə yanğının əhatə dairəsi genişlənir, yanğın getdikcə daha geniş ərazini əhatə etməyə başlayır, zərərçəkənlərin də sayı artır. 

 Daha çox mənzilə, ümumilikdə binaya zərər dəyir. Hər bir obyekt layihələndirilərkən Dövlət Yanğın Nəzarəti Xidməti və Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ilə razılaşdırılmalıdır. 

Binada, obyektdə ehtiyat çıxışlar, təxliyə yolu, yanğından mühafizə sistemlərinin harada, necə olacağı sənəddə mütləq əksini tapmalıdır. Yanğınsöndürən vasitələr mütləq olmalıdır. 

Qaz kəməri, su boruları, elektrik naqilləri düzgün qaydada çəkilməli, sızmalara, qısa qapanmalara səbəb olacaq hallar nəzərə alınmalı və işlər bunların qarşısının alınması məqsədilə aparılmalıdır. Obyektin daxilində çalışanların təhlükəsizliyi təmin edilməlidir. Amma layihədə bunlar göstərilir, tikinti zamanı isə bəzən görürsən ki, layihədən kənara çıxırlar. 

Təhlükəsizlik üçün vacib olan məsələlər qalır kənarda, daha çox gəlir etməyə hesablanmış məsələlər önə keçir. Bütün tikintilər layihə üzrə inşa edilməli, tikinti normativlərinə və təhlükəsizlik qaydalarına əməl edilməlidir.