Vüqar Bayramov hesab edir ki, qiymətlərin yüksək olmasının səbəblərindən biri rəqabətsizlik mühitidir
Qarşıdan Yeni il gəlir və hər kəs yeni ili fərqli, yaddaqalan etmək istəyir. Yeni il tətil günlərində dincəlmək istəyənlər üçün fərqli alternativlər var. Bir çox adam regionlara üz tutur. Regionlara üz tutan vətəndaşların bir hissəsi hotellərdə qalmağa üstünlük verirlər.
"Trend"in əməkdaşı regionlarda yerləşən hotellərdə Yeni ili qarşılamağın qiymətini araşdırıb.
Məlum olub ki, Yeni ilə bir neçə gün qalsa da, əksər hotellərdə yerlər dolub və məhdudiyyət yaranıb.
Qusar rayonunda yerləşən "Şahdağ" hoteldə dekabrın 30-dan yanvarın 2-dək bütün yerlər bron edilib. Bayram günləri - dekabrın 30-31-i və yanvarın 1-i tarixlərinə 2 nəfərlik paketin qiyməti 1810 AZN-dir. Bura gündə 3 dəfə qidalanma və SPA xidmətləri daxildir. "Şahdağ" hotelin əvəzində müştərilərə “Zirvə” və ya “Qala” hotelləri təklif olunur. Lakin bu hotellərdə də bütün yerlər bron olunub. Bu hotellərdə qiymətlər 1630 manata qədər bahalaşıb.
“Tufandağ” hoteldə isə bayram günləri üçün boş yer yoxdur. 2 nəfər üçün otağın günlük qiyməti 1396 AZN-dir. Dekabrın 31-dən 3 gecə isə 2 nəfər üçün 1693 AZN müəyyənləşib. Bura dekabrın 31-i şam yeməyi, digər günlər səhər yeməyi daxildir. VİP koteclər isə 4316 manatadır.
"Quba Palace Hotel"də qiymətlər dekabrın 30-dan yanvarın 2-dək 1900 manatdır. Daha yüksək kateqoriya sayılan “family suit” otağın qiyməti isə 4000 min manatdır.
“Basqal” hoteldə isə tətil günlərində 2 nəfər üçün 3 günlük paketin qiyməti 1950 AZN-dir. Bura dekabrın 31-i qala gecəsi, hoteldəki digər xidmətlər, o cümlədən SPA daxildir. Eyni günlər üçün “delux” nömrə 2110 AZN, “family suit” isə 3980 AZN-dir.
“Şamaxı Palace” hotelində eyni günlər üçün 1450 AZN, eyvanlı otaqda isə 1480 AZN-ə başa gələcək. Qiymətlər dekabrın 30, 31-i və yanvarın 1-də 2 nəfər üçün nəzərdə tutulub. Buna gündə 3 dəfə qidalanma, qala şam yeməyi, hovuz və sauna xidmətləri daxildir.
Ekspertlər isə hesab edir ki, regionlarda və Bakıda 1-2 ulduzlu hotellər, hostellər inşa edilməyənə qədər qiymətlər bahalaşmağa davam edəcək.
1-2 ulduzlu hotellər yaradılacağı təqdirdə bazarda rəqabət artacaq və 4-5 ulduzlu hotellər məcbur qalıb endirim edəcək, əks halda onlar boş qalacaq.
Millət vəkili Vüqar Bayramov da hesab edir ki, qiymətlərin yüksək olmasının səbəblərindən biri rəqabətsizlik mühitidir. Deputatın "Şərq"ə açıqlamasına görə, ölkədə hotellərin sayının azlığı və rəqabət mühitinin olmaması qiymət artımında mühüm rol oynayır:
"Bəzi regionlarda rəqabət zəifdir, hotellərin sayı azdır. Bu da sahibkarların qiymətləri yüksəltməsi üçün fürsətə çevrilir.
Monitorinqlər də göstərir ki, bölgələrimizdə olan turizm obyektlərinin qiymətləri əvvəlki illərlə müqayisədə xeyli yüksəlib. Bu isə yeni il tətilini rayonlardakı hotellərdə keçirmək istəyənlər üçün ciddi çətinliklər yaradır. Turizm xidmətlərində qiymət artımlarının səbəbləri iqtisadi baxımdan aydın olmasa da, bir sıra sahibkarların “daha qısa zamanda daha çox gəlir” prinsipi ilə işləməsi danılmazdır"”.
V.Bayramovun sözlərinə görə, hotellərdə qiymətlərin yüksəlməsi daxili turizmdə imkanları xeyli məhdudlaşdırır:
“Sahibkarların qiymətləri artırmaması, əksinə, optimallaşdırması üçün daha çox təşviqedici və həmçinin maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir.
Regionlarda hotellərin sayı artsa, bu, həmçinin daxili turizmin inkişafına səbəb olacaq. İnsanlar tətillərdə, yay və ya qış aylarında, o cümlədən həftə sonlarında regionlara istirahətə getmək istəyirlər. Bunun üçün ölkədə daxili turizmi inkişaf etdirmək vacibdir. Belə ki, Avropa ölkələrində turizm gəlirlərinin 80 faizi daxili turizmin payına düşür. Bu sahənin inkişafı daxil olan vəsaitin ölkədə qalmasına səbəb olur. Qiymətlər mövcud məvacibə uyğun olmalıdır”.