Mətbəxdə rəngli masa partladı


Stolun üstü çilik-çilik olub  

  Paytaxtdakı mənzillərdən birində mətbəx masası partlayıb. Qəribə, təəccüblü, ağılalmaz görünsə də, bu, belədir. Bu barədə sosioloq Lalə Mehralı feysbuk səhifəsində paylaşım edib: “Mətbəxə su içməyə girmişdim, iki saniyə keçməmiş partlayış səsi eşitdim, 2 sm məsafədən nəsə keçdi divara dəydi. Elə bildim elektriklə işləyən cihazların hansısa partladı, sən demə, mətbəx stolunun üz qabığı imiş partlayan. Çilik-çilik olub stolun üstü, bütün mətbəxə yayılıb çilikləri. Gözümə də girə bilərdi. Şükür elədim ki, nə yaxşı uşaqlar mətbəxdə olan vaxt, nahar zamanı olmayıb, yoxsa faciə qaçılmaz olacaqdı. Bu necə partlaya bilər öz-özünə? Üstünə isti-soyuq heç nə qoymamışam, boş idi stolun üzəri”. L.Mehralı paylaşıma partlayışdan sonra mətbəxdə çəkdiyi videonu da əlavə edib. Videodan görünür ki, mətbəxdə üzəri rəngli rəsmlə işlənmiş şüşə ilə örtülü masa olub.  
  Məlumdur ki, satışda bu cür üzəri rəngli və şəkilli şüşələrlə örtülü mətbəx masaları satılır. Cazibəli görünüşə görə bu cür masaları alanlar da çoxdur. Demək ki, çox da güvənli deyilmişlər. Partlayışa nəyin səbəb olduğu isə hələ də müəmmalıdır. Bir çoxları belə hesab edir ki, bu masalar keyfiyyətsiz materiallardan hazırlanır, ona görə də təhlükəlidirlər. Mebel ustası olan bir nəfərsə yazıb ki, şüşə masaların orijinalları 450-500 manatdır. Bazarda satışa çıxarılanlarsa, onların oxşarı olan keyfiyyətsiz masalardır, qiymətləri də 120-130 manat arasıdır. Bazarda keyfiyyətli mal ilə keyfiyyətsizi də artıq ayırd etmək çətindir. Çünki əsli malla çox oxşar hazırlanır. Ekspertlər hesab edir ki, burada hava sıxılması ola bilər. Masa mətbəxdəki hava təzyiqinə tab gətirməyərək partlayıb. Bu cür hallar bəzən su stəkanları ilə bağlı baş verir. Şüşə materiallar istidən soyuq mühitə düşdükdə çatlaya, hətta partlaya da bilər. Qaz plitələrinin şüşələri də bəzən istinin təsirindən partlayır. Şüşəli mətbəx masaları taxta və şüşə kombinə edilərək düzəldilir. Taxta materiallar isti-soyuq havada ölçüsünü dəyişir. Sıxılır, enlənir. Bunu adicə taxta pəncərələrin misalında da görmək mümkündü. Şüşə material taxta materialın üzərinə yapışdırılıbsa, taxtanın həcmində dəyişiklik baş verdiyində dartılma yaranacaq və şüşə buna davam gətirməyərək partlayacaq. Ona görə də “dədə-baba” masaları məsləhətdi, ən azından partlamayacağından əmin olmaq mümkündür.