Milyardlarla gəlirlər xaricə axır


Bəzi dövlətlər tiktoku bağlamaqla şəxsi kommersiya maraqlarını qoruyurlar
  ABŞ Senatı məmurlara Çinin tiktok tətbiqindən hökumətə məxsus cihazlarda istifadə etməyi qadağan edən qanun layihəsini qəbul edib.
Qərar yekdilliklə qəbul edilib, indi o, Nümayəndələr Palatası və ABŞ Prezidenti Co Bayden tərəfindən təsdiqlənməlidir.
  Qeyd edək ki, Çinin yaratdığı tiktok platforması bu ölkənin özündə ciddi qadağa altındadır. Çin öz uşaqlarını bu platformadan qoruyur. Çin hökuməti uşaq və yeniyetmələrin tiktoka girməsinə birbaşa nəzarət edir və 15 yaşdan aşağı uşaqların gündə cəmi 40-45 dəqiqə bu platformaya çıxışı var.
  Hindistanda isə tiktok ümumiyyətlə, açılmayıb.
Pakistan, Dubay, Səudiyyə Ərəbistanı, böyük müsəlman dövlətləri, eləcə də Yaponiyada tiktoka ancaq xüsusi VPN vasitəsilə daxil olmaq mümkündür.
Yəni ABŞ Senatının tiktok tətbiqini qadağan etməsi səbəb deyil, dünyanın bir çox ölkələri zaman-zaman tiktokla bağlı narahatlıqlarını bildirir.
  İKT eksperti Tural Məmmədlinin “Şərq”ə açıqlamasına görə, tiktokun bağlanması ilə bağlı qərar ölkələrin siyasətindən asılıdır: “Dövlətlərin bu istiqamətdə kommersiya maraqları var. Diqqət yetirsəniz, Çində heç bir iri biznes xarakterli sosial şəbəkələr, nə yutub, nə feysbuk var. Lakin onların özlərinin hər istiqamət üzrə internet resursları var ki, bu da onlara ölkə daxilində milyardlarla gəlir gətirir. Əgər Çində adı sadalanan sosial şəbəkələr olsaydı, onların qazandıqları bu pullar Çindən axacaqdı. Eyniylə başqa dövlətlər tiktoku bağlamaqla şəxsi kommersiya maraqlarını qoruyurlar. Onlar bəzi hallarda deyə bilərlər ki, şəxsi məlumatların gizliliyi məsələsində problemlər yaradır. Həmçinin tiktokun da alqoritmi elə qurulub ki, daha çox qalmaqallı və nifrət doğuran paylaşımları "kəşfet"ə salır. O baxımdan da bir çox ölkələr tiktoku cəmiyyət üçün təhlükəli hesab edir”.