“2957-ci ilədək açmayın”


Qədim dövrlərə aid böyük ölçülü zaman kapsulu tapılıb

  ABŞ-nin İllinoys ştatının sakini uçuq-sökük axurun təmirinə başlayıb, yerə basdırılmış daşları qaldırarkən qədim dövrlərə aid böyük ölçülü şüşə qab (banka) aşkar edib. Şüşə qab sakinin diqqətini çəkib və maraqlanaraq qapağı açıb. Adam gördükləri qarşısında heyrətə gəlib. Qabın içindən 10 avqust 1894-cü il tarixli “Ayer's American Almanach” qəzetinin bir parçası, bir dəftər və taykeş ayaqqabı çıxıb. Qəzet səhifəsində 1890-cı illərdə Amerikada istifadədə olan dərmanların siyahısı vardı. Ortaya çıxan həqiqətlərsə təkcə o adamı deyil, hər kəsi heyrətə düşürüb. Adam tapdığı əşyanı qardaşı oğluna göstərib. O da sosial mediada “əmim babamın vaxtilə keçilərini bəslədiyi köhnə axuru təmir edərkən daşlardan birinin altından şüşə qab tapıb” yazaraq şüşə qabın fotosunu paylaşıb. Görənlər bunun “zaman kapsulu” olduğunu iddia ediblər. Bundan bir neçə il əvvəl də oxşar əşya tapılmışdı və bu barədə Amerikanın məşhur elm və təbiət muzeyi Ecotarium tərəfindən  məlumat verilmişdi. Bu, 40 il əvvəl basdırılmış kapsula idi. Muzeydə Günəş saatının altına basdırılmış kapsul bu günlərdə açılıb. Kapsulun içində "Worcester Lions" Klubu ilə bağlı xatirələrin yazıldığı səhifələr, şəxsi fotolar, pul, hətta ABŞ prezidentlərindən biri Ronald Reyqanın kluba göndərdiyi təbrik məktubu vardı. Əşyaların hamısı korlanmasın, uzun zaman xarab olmasınlar deyə, alüminium falqaya sarınmış vəziyyətdə olub. 2015-ci ildə ABŞ-nin Massaçusets ştatında tapılmış daha bir zaman kapsulu isə “2957-ci ilədək açmayın” xəbərdarlığı ilə diqqəti cəlb edir. Niyə 2957-ci il? Kapsulun Massaçusets Texniki Universitetinin professorları tərəfindən basdırıldığı müəyyən edilib. Kapsulun içində sintetik pensilin şüşəsi və kriyoton parçaları olub. Materiallar korlanmasın deyə professorlar kapsula arqon qazı və karbon-14 də əlavə ediblər. Professorlar kapsulun ağzını bağlamadan bir məktub da yazıblar: “Gələcək nəsillərin bizim dövrümüzdəki elmə nə dərəcədə hörmət eədəcəklərini bilmirik. Əmin olduğumuz budur ki, siz kainatla ilgili daha çox bilgilərə sahib olacaqsınız. Elm ardınca gedənlərə uğurlar diləyirik”. Bu cür zaman kapsullarından daha 8 ədəd olduğu bildirilir.