“Xankəndidə yaşayan ermənilərdən kömək istəyənlər var”


Novella Cəfəroğlu: “Bir neçə nəfər zəng edib deyir ki, imkanları olsa, çoxdan Azərbaycan qanunlarına tabe olardılar”

“Azərbaycan vətəndaşları kimi yaşamaq, Azərbaycan tərəfi ilə əlaqə qurmaq, işlə təmin edilmək istəyirlər”

"Qaynar xəttin üstünlüyü budur ki, Xankəndidə yaşayan vətəndaşlarımızın düşüncəsini, Azərbaycana münasibətlərini öyrənirik”

  “Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Xankəndidə yaşayan erməni əsilli vətəndaşlarımız üçün yaradılmış Qaynar xəttə müraciətlər daxil olur”. Bunu Qaynar xəttin fəaliyyət göstərdiyi D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu “Şərq”ə açıqlamasında bildirib. N.Cəfəroğlu qeyd edib ki, Xankəndidə yaşayan erməni əsilli vətəndaşlardan müxtəlif məzmunlu müraciətlər alırlar: “Biz onlara ana, bacı kimi müraciət etdik ki, hansı humanitar probleminiz varsa, bildirin, Azərbaycan dövləti sizə lazım olan bütün yardımı göstərəcək. Dünya görür ki, Şuşa-Laçın yolunda heç bir blokada yoxdur. “Humanitar fəlakət” haqqında erməni separatçılarının və onların havadarlarının səsləndirdiyi fikirlər də əsassızdır. Təcili yardım maşınları rahat hərəkət edir, Xankəndidəki mülki əhalinin gediş-gəlişi də sərbəstdir. Ancaq bəzi separatçılar bizim bu xeyirxah jestimizi də pisləyirlər. Zəng edib söyüş söyənlər var. Həm də zəng edib, kömək istəyənlər də. Bir neçə nəfər zəng edib deyir ki, imkanları olsa, çoxdan Azərbaycan qanunlarına tabe olub, Azərbaycan vətəndaşları kimi yaşamaq, Azərbaycan tərəfi ilə əlaqə qurmaq, işlə təmin edilmək istəyirlər, amma onları sıxışdırırlar. Qaynar xəttin üstünlüyü budur ki, Xankəndidə yaşayan vətəndaşlarımızın düşüncəsini, Azərbaycana münasibətlərini öyrənirik. Ən böyük üstünlük həm də budur ki, müraciət edənlərə kömək göstərilir”. N.Cəfəroğlu Xankəndi ermənilərinin guya blokadaya salınması barədə yalan məlumatlara inanaraq Azərbaycan tərəfini ittiham edənlərə də cavab verdi: “Xankəndi Azərbaycan dövlətinin qanuni ərazisidir. Və orada yaşayanların yolu heç vaxt kəsilməyib. Onlar Azərbaycan torpaqları ilə hərəkət edərək rahatca Ermənistana gedib-gəlirlər. Amma naxçıvanlılar bir əsrdən artıqdır doğma yurdlarına gedib-gələ bilmir. Çünki separatçı ermənilər buna imkan vermir. Niyə naxçıvanlılar üçün quru yolun açılmasına imkan verilmir və bu gün heç bir humanitar fəlakət yaşamayan erməniləri müdafiə edənlər bir dəfə də olsun naxçıvanlıların hərəkət məhdudiyyəti barədə məsələ qaldırmır, Azərbaycan əhalisinin hüquqlarını müdafiə etmirlər? Amma bizi məcbur etmək istəyirlər ki, onların sərbəst gediş-gəlişini təmin edək. Bu qədər ayrı-seçkilik, açıq-aşkar tərəf saxlamaq dünya dövlətləri üçün utancvericidir”. 
  N.Cəfəroğlu cəmiyyət nəzdində yaradılmış Qaynar xəttin bundan sonra da aktiv olacağını və müraciətlərin qəbul ediləcəyini dedi. 
  Millət vəkili Elman Məmmədli də “Şərq”ə açıqlamasında Azərbaycan dövlətinin hər bir vətəndaşının konstitusion hüquqlarını tanıdığını bildirdi: - Qaynar xəttin fəaliyyətə başlaması Azərbaycan tərəfinin bir daha humanist mövqedən çıxış etdiyini göstərir. Cənab Prezident dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində yaşayan bütün vətəndaşlar eyni hüquqlara malikdir. Söhbət separatçılardan, Azərbaycan əleyhinə cinayətlər törədən cinayətkarlardan getmir, söhbət Xankəndidə yaşayan mülki vətəndaşlardan, dinc əhalidən gedir. Azərbaycan Konstitusiyasının vətəndaşlara tanıdığı hüquqlar hamıya şamil olunur. Azərbaycan qanunları bu dövlətin ərazisində yaşayan hər kəsi qoruyur. Cənab Prezident beynəlxalq tədbirlərdə, görüşlərdə çıxışları zamanı da dəfələrlə bəyan edib ki, ölkə ərazisində yaşayan vətəndaşlarla bağlı məsələlər bizim daxili işimizdir. Kimliyindən, etnik mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar Azərbaycan qanunlarına tabe olmalıdırlar və onların hüquqları bu qanunlarla da qorunacaq. Əgər Qarabağ iqtisadi rayonu ərazisində hazırda yaşamaqda davam edən erməni əsilli vətəndaşlarımız da ölkə qanunlarına tabe olub dinc şəraitdə yaşamaq istəyirlərsə, buna heç bir maneə ola bilməz. Qaynar xəttin yaradılmasında məqsəd budur ki, dövlət vətəndaşının hansı problemləri olduğunu bilsin və ona lazımi yardım göstərilsin. Bu, Azərbaycan dövlətinin növbəti dəfə sərgilədiyi humanist, xeyirxah mövqedir. 
  E.Məmmədli Xankəndidə yaşayan ermənilərin Qaynar xəttdən istifadəsində heç  bir çətinlik olmadığını da bildirdi: 
- Dövlət qurumları, vətəndaş cəmiyyəti institutları öz işini görüb. Hazırda bütün informasiyalar anındaca dünyaya yayılır. Qaynar xəttin mövcudluğu barədə nəinki Qarabağdakı ermənilər, dünyadakı ermənilərin hamısı məlumatlıdır. Onlar Azərbaycan tərəfinin yaydığı bütün informasiyaları daim izləyirlər. Hər hadisədən də xəbərdardılar. Qaynar xəttə edilən müraciətlər də bunu təsdiq edir. Ona görə də hesab edirəm ki, bu humanitar layihə məqsədinə çatıb. Azərbaycan dövləti Qarabağdakı erməni vətəndaşlarına da hər cür imkan, şərait yaradır. Kimin problemi varsa, buyursun, müraciət etsin, dövlət qurumları, ictimai təşkilatlar həll etsinlər.