“Xocasən” stansiyası paytaxtda sıxlığı aradan qaldıracaqmı?

Ekspert hesab edir ki, tıxac problemini həll etmək üçün sürətli icra oluna biləcək layihələrə üstünlük vermək lazımdır

  Bakı Metropoliteninin “Xocasən” stansiyasının və “Xocəsən” elektrik deposunun açılışı olub. “Xocasən” stansiyası bənövşəyi xətt üzərində yerləşən dördüncü stansiyadır. Kompleksin ümumi sahəsi 4200 kvadratmetr, stansiya platformasının uzunluğu 144 metrdir. Metronun yeni stansiyasının istifadəyə verilməsinin tıxac problemini həll etməyəcəyini düşünənlər, tıxacın aradan qaldırılacağına ümid edənlərdən çoxdur. 

Əsas da budur ki, yeni stansiya paytaxtın mərkəzi deyil, kənar hissəsindədir. Həm də metronun daha az sərnişin daşınan “Bənövşəyi xətt”i üzərindədir.  
  Yeni metrostansiyanın açılmasını dəyərləndirən nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev "Trend.az"a açıqlamasında bildirib ki, "Xocasən" metro stansiyasının fəaliyyətə başlaması paytaxtda sıxlığın aradan qaldırılması üçün müsbət addımdır. Onun sözlərinə görə, stansiyanın potensialı böyükdür, amma daha funksional olması üçün bəzi dəyişikliklərə ehtiyac var. "Bəzi dəyişikliklər etmək lazımdır ki, stansiyadan daha çox insan istifadə edə bilsin. "Xocasən" metro stansiyasının yaxınlığında dəmiryol stansiyası var. Onunla multimodal daşınmanın təşkili barəsində düşünmək olar. Sumqayıt, Xırdalan, Xocasən, Lökbatan, Sahil və Ələt dəmiryolu "Xocasən" stansiyası ilə əlaqələndirilsə, bu, daha uzaq məsafələrdən metroya əlaqəni təmin etmiş olar. Həmçinin yaxınlıqdakı "Sədərək" ticarət mərkəzi ilə stansiyanı marşrut şəbəkəsi ilə əlaqələndirmək olar. Bütün bunlar "Xocasən" stansiyasından istifadə edənlərin sayına və şəhərlə əlaqəsinə birbaşa təsir edə bilər", - R.Ağamirzəyev bildirib. Ekspertin sözlərinə görə, qeyd olunan işlər görülərsə, nəqliyyatın bugünkü vəziyyətinə ciddi təsir edəcək: "Burada əsas nəzərdə tutulan məqamlar xətlərin ayrılmasıdır. Belə ki, yaşıl xətt üçün "Dərnəgül" elektrik deposunun inşasının tamamlanması, "Xətai" stansiyasından sonra iki stansiyanın (Y 14 və Y15) tikintisi, 4.6 km uzunluğunda Dərnəgül-Koroğlu xəttinin tikintisi və 3 stansiya, Y15- Həzi Aslanov xəttinin və iki yeni stansiyanın tikintisi, 28 May/ C. Cabbarlı stansiyalarında qırmızı və yaşıl xətlərin ayrılmasıdır. Bundan başqa bənövşəyi xəttin şəhərin mərkəzinə çatdırılması mütləqdir. Hazırkı vaxtda bənövşəyi xətt "8 Noyabr" stansiyasında tamamlanır. Layihə üzrə "Xətai" stansiyasında əlaqələndirmə təmin edilərsə, trafikə təsir göstərəcək".

  Nəqliyyat məsələləri üzrə mütəxəssis Eldəniz Cəfərov  da Sherg.az-a açıqlamasında metrostansiyaların sayının artmasının müsbət hal olduğunu dedi:
- “Xocasən” stansiyası əhalinin sıx məskunlaşdığı ərazidə olmasa da, bu stansiya ərazidə və ətrafdakı sənaye müəssisələrində çalışanlar üçün əlverişli olacaq. Həm rahat gediş-gəliş baxımından, həm də vaxta qənaət baxımından.  Doğrudur, metrostansiyanın çevrəsində sıx məskunlaşma yoxdur, amma ətraf ərazilərdə əhali yaşayır. Bu stansiyanın istifadəyə verilməsi mərkəzi stansiyalarda sıxlığı aradan qaldırmayacaq, lakin digər yeni stansiyaların tikintisi üçün mərkəz rolunu oynayacaq və ətraf ərazilərdə yeni stansiyaların tikintisinə şərait yaradacaq. 

  E.Cəfərov qeyd etdi ki, yollarda və ictimai nəqliyyatda sıxlığı aradan qaldırmaq, tıxac problemini həll etmək üçün sürətli icra oluna biləcək layihələrə üstünlük vermək lazımdır:

- Məsələn, tramvay xətlərinin çəkilməsi. Lakin tramvay xətlərini “turistlər qarşısında dayanıb şəkil çəkdirsinlər” deyə yox, ictimai nəqliyyatda sıxlıq aradan qalxsın, alternativ nəqliyyat vasitələri olsun deyə çəkmək lazımdır. Elə etmək lazımdır ki, tramvaylar rentabelli olsun, əlverişli nəqliyyat növü kimi ondan istifadə edənlərin sayı da çox olsun. Tramvaylar Bakıətrafı qəsəbələri birləşdirmək üçün ən uyğun, əlverişli nəqliyyat vasitəsi ola bilər. Lakin yerüstü nəqliyyat vasitələrinin inkişafı metro tikintisini axsatmamalıdır. Bu işlər paralel aparılmalıdır, çünki metro tikintisi yeraltı infrastrukturun genişlənməsinə və yenilənməsinə də şərait yaradır.