Qərbi Azərbaycana da qayıdış reallaşacaq

Məhərrəm Zülfüqarlı: "Prezidentimizin qətiyyətli çıxışı hamı kimi məni də ruhlandırdı"

"Yox əgər, buna mane olmağa çalışsalar, təxribatlar törədilsə, cavabları qətiyyətlə veriləcək"

  Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcması üzvləri, ziyalılarla görüşündə səsləndirdiyi fikirlər geniş əks-səda doğurub. Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılmış şəraitlə tanış olan cənab Prezident ziyalılarla görüşü zamanlı önəmli açıqlamalarla çıxış edib. Prezidentin səsləndirdiyi fikirlər Azərbaycan xalqının təkcə tarixi keçmişinə, mədəni irsinə deyil, tarixi torpaqlarına da sahib çıxmağa qadir olduğunu təsdiqləyən ciddi mesaj xarakteri daşıyır. Prezidentlə bu görüşdən sonra həm Qərbi Azərbaycandan olan ziyalılar, həm də ümumən ölkə ziyalılarında qədim torpaqlarımıza, dədə-baba ocağımıza qayıdışın gerçəkləşəcəyi əminliyini daha da artırıb.


  Azərbaycan Vətəndaş Cəmiyyətinə yardım Assosiasiyası Seçki Qərargahının rəhbəri, tarixçi-alim, professor Məhərrəm Zülfüqarlı “Şərq”ə açıqlamasında cənab Prezindentin Qərbi Azərbaycandan olan ziyalılarla görüşünü izlədiyini dedi: 

- Prezidentin ziyalılarla həmin görüşünü efir vasitəsilə izlədim. Və sizə bildirmək istəyirəm ki, bu görüş məndə xoş təəssürat oyatdı. Prezidentimizin qətiyyətli çıxışı hamı kimi məni də ruhlandırdı.  Azərbaycan xalqı böyük tarixə malik xalqdır. Bu, danılmaz həqiqətdir. Lakin zaman-zaman, tarixin çətin, kəşməkeşli, müxtəlif dönəmlərində, regionda baş verən ictimai-siyasi proseslər fonunda ərazi itkisinə məruz qalmışıq. 

Ərazi itkimiz 1828-ci il Türkmənçay müqaviləsinin imzalanmasıyla başlayıb. Çar Rusiyası İrəvan, Naxçıvan və Ordubad xanlıqlarını ləğv edərək, bu əraziləri birləşdirib erməni vilayəti təşkil edib. Vətəni olmayan erməni etnosunun da o zamandan Azərbaycan torpaqlarına yerləşdirilməsinə başlanılıb. 

Bunun nə məqsədlə edildiyi də məlumdur. Ermənilərin Qafqaza gəlişi bu üsulla həyata keçirilib. Sonra da yavaş-yavaş yayılmağa başlayıblar, Qarabağa da belə gəlib çıxıblar. Hara gediblərsə, harada yaşamağa başlayıblarsa, orada torpaq iddiası ilə çıxış ediblər. Təkcə Azərbaycana qarşı deyil, Gürcüstana qarşı da, Türkiyəyə qarşı da ərazi iddiaları irəli sürüblər, bu gün də həmin sərsəm siyasəti davam etdirirlər. 1918-ci ildə Gürcüstan Zaqafqaziya Seymini tərk edib müstəqilliyini elan edib, onun ardınca da Azərbaycan. Gürcülər də Qafqazın tarixi sakinləridir, Azərbaycan türkləri də. Təkcə ermənilər gəlmə, sonradan yerləşdirilmiş xalqdır. İki dövlət müstəqilliyini elan etdikdə, ermənilər də müstəqil olmaq arzularını bildirib.

 Belə olan halda ozamankı Azərbaycan Xalq Cümhuriyyəti ermənilər də digər 2 Qafqaz respublikası kimi suveren dövlət ola bilsin deyə, müəyyən ərazilərin ermənilərə güzəştə gedilməsinə bu şərtlə razılıq verib ki, ermənilər Azərbaycan və gürcü xalqı ilə birlikdə bolşevizmlə mübarizə aparsın. 

Ümumən Qafqazda Rusiya işğalına son qoyulsun. Amma sonrakı proseslər tarixdən məlum olduğu kimi başqa istiqamətə yönəldi, Azərbaycan da bolşeviklər tərəfindən işğal olundu, Gürcüstan da, Ermənistan ərazisində də həmçinin sovet hakimiyyəti bərqərar oldu. Lakin ermənilər nə xain xislətlərindən, nə də ərazi iddialarından əl çəkdilər.

 Sovet hakimiyyətinin ilk illərində yenə ərazi iddiaları ilə çıxış etdilər, bu da tarixi torpaqlarımızın bir hissəsinin – Zəngəzurun itirilməsi ilə nəticələndi. Daha sonra - 1946-cı ildə azərbaycanlıların tarixi torpaqlarından deportasiyası həyata keçirildi. Sonuncu dəfə - 1988-ci ildə isə Qərbi Azərbaycan torpaqlarından sonuncu Azərbaycan türkünün qovulması baş verdi. 

Özü də necə, soyqırıma məruz qoyularaq, zorla evlərindən çıxarılaraq, əli-ayağı yalın, işgəncələrə məruz qalaraq. Bu sonuncu deportasiya da 1946-cı ildə olduğu kimi sovet əsgərlərinin gözü qarşısında və onların birbaşa dəstəyi ilə həyata keçirildi. Bunları qısaca ona görə xatırlatdım ki, Azərbaycanın tarixi ərazilərinin itirilməsinin hansı şəraitdə baş verdiyi aydın olsun. Və bunu xüsusi olaraq vurğulamaq istəyirəm ki, Azərbaycanda istər cümhuriyyət dövründə, istərsə də sovet hakimiyyəti illərində siyasi hakimiyyətdə olmuş azərbaycanlı rəhbərlərdən heç biri ərazi itkisiylə barışmayıb. 

Bütün vasitələrlə buna mane olmağa, torpaq itkisinin qarşısını almağa çalışıblar. Nəriman Nərimanovdan üzü bəri hər bir azərbaycanlı rəhbər həmişə Azərbaycanın mənafeyini müdafiə edib. N.Nərimanovun Moskvaya göndərdiyi məktublar var. Nərimanov erməni daşnaklarının xain planlarından, Azərbaycan xalqının sovet hakimiyyətinə inamının zəiflədiyindən yazırdı. Ona görə də N.Nərimanovu zəhərləyib xaincəsinə öldürdülər. 

Hətta Mir Cəfər Bağırovun vaxtında da ermənilər Qarabağa iddia etməyə başlayıb, gürcülər də Zaqatala, Balakən bölgəsinə. M.C.Bağırovun cavabı bu olub  ki, elədirsə, ermənilər Azərbaycana Vedibasarı, Göyçə mahalını, gürcülər də Borçalını qaytarsın. Və bu ərazilər Azərbaycana birləşdirilsin. Ümummilli Lider Heydər Əliyev Mərkəzi Komitənin birinci katibi olduğu illərdə ermənilər başlarını qaldırıb sərsəm iddialarla çıxış edə bilmirdilər. Yəni bütün azərbaycanlı rəhbərlər erməni iddialarına müqavimət göstərib, torpaq itkisinə yol verməməyə çalışıblar. 

  M.Zülfüqarlı qeyd etdi ki, dövlətin güclü olması onun mövqeyinə birbaşa təsir edir: 

- İndi Azərbaycan güclü dövlətdir. Türkiyə kimi, Pakistan kimi güclü müttəfiqləri var. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında təmsil olunan türkdilli dövlətlərlə münasibətlərimiz ən yüksək səviyyəyə qalxıb.  Güclü orduya, dayanıqlı iqtisadiyyata, qalib xalqa malik müzəffər Ali Baş Komandan da tarixi həqiqətləri qətiyyətlə səsləndirir. Çünki Azərbaycan öz gücünə arxayın bir dövlətdir artıq. 

  M.Zülfüqarlı bildirdi ki, Prezidentin Qərbi Azərbaycan ziyalıları ilə görüşü ermənipərəst qüvvələrə açıq mesajdır: 

- Prezident bu mesajla ona işarə edir ki, əgər siz bizim hüquqi sərhədlərimizi tanımasanız, biz də tarixi ərazilərimizə iddia edəcəyik. Bu həm ermənilərə, həm də ermənipərəst qüvvələrə sərt mesajdır. 

Düşünürəm ki, inşallah, Qafqazda da sülh bərqərar olacaq. Necə ki, vaxtilə bir-biriylə düşmən olan Avropa dövlətləri indi sərhəd maneələri də tanımır, bir dövlətin vətəndaşı sərbəst şəkildə digər dövlət ərazisinə səfər edir. Qafqazda da belə bir mühit yarana bilər. 

Hesab edirəm ki, tarixi torpaqlarımız olan İrəvan, Zəngəzur, Vedibasar, Göyçə... bütün Qərbi Azərbaycan ərazilərinə soydaşlarımızın qayıdışı, köçü sivil yolla həyata keçəcək. Yox əgər, buna mane olmağa çalışsalar, təxribatlar törədilsə, cavabları qətiyyətlə veriləcək. 

  M.Zülfüqarlı qeyd etdi ki, hazırda ziyalılar və ictimai təşkilatlar və dövlət orqanlarının üzərinə düşən əsas vəzifələrdən biri Qərbi Azərbaycanla bağlı təbliğatı gücləndirmək, dünyada ictimai rəyi lehimizə dəyişməkdir. Bunun üçün kitablar nəşr olunub paylanmalı, xarici mediada geniş materiallar dərc edilməli, sənədli filmlərin yayımlanmasına nail olunmalıdır. 

Avropa Şurası, ATƏT PA-nın Azərbaycan təmsilçiləri də fəaliyyətlərində bu istiqaməti unutmamalıdırlar. Vaxtaşırı bəyanatlarla, müraciətlərlə çıxış etməlidirlər.