AzMİU-da 8 MART... - Ana sevinəndə allah sevinir! - Tədbirdən reportaj+ FOTOLAR


 Təqvim 6 Mart 2023-cü ili göstərir. Bu tarix ona görə önəmlidir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə aylardır,  hazırlaşılan ümdə tədbir məhz bu gündə baş tutdu. Əlbəttə, dəvətlilər içərisində mən də vardım. Belə bir tədbirin ərsəyə gələcəyi xəbərini alan kimi ağlımdan keçən ilk fikir bu oldu: möhtəşəm olacaq, zövq alacağıq. Niyə? Çünki məşqlərdə epizodik də olsa, iştirak etmişdim. Hazırlıq prosesindən xəbərim vardı. Tədbirin təşəbbüskarı və təşkilatçısı Əcnəbi dillər kafedrasının müdiri, dosent hörmətli Aygün xanım Məmmədovanın sözün yaxşı mənasında “arı zəhməti”nin  şahidi olmuşdum. 

Aygün xanım, kafedra müdiri qiyafəsini bəzən ssenarist, bəzən müğənni, bəzən aktrisa qiyafəsinə, kafedra otaqlarını məşq zalına dəyişərək, səhnəyə çıxacaq tələbələrlə işləyirdi. Özü də zərgər dəqiqliyi ilə... Bütün səhnələri yüksək ustalıq və peşəkarlıqla qururdu. Asan idimi? Xeyr! Ona görə çətin idi ki, səhnədə rol alanlar peşəkar və ya professional aktyorlar deyil, məhz tələbələr idi. Özü də texniki təmayüllü ali təhsil ocağının tələbələri. Az ədəbiyyat oxuyan, az teatra gedən və az şeir öyrənən tələbələr. Hətta tələbə seçimi də çox uğurla həyata keçirilmişdi. Onların səs diapazonu və ifa edəcəkləri obrazlara qədər dəqiq ölçülmüşdü. 

Bu  cür tələbələri tapıb, onların potensiallarını üzə çıxarmaq məxsusi istedad, zövq və dünya görüşü tələb edir. 
Heç kimə sirr deyil ki, həmin tələbələrlə işləmək və ortaya müfəssəl iş qoymaq olduqca çətindir. 

Buna rəğmən Aygün xanım və komandasının (Əfsanə Həziyeva, Qənirə Məmmədzadə və Səbinə Qasımova müəllimlər) bu işin öhdəsində məharətlə gələcəyinə inanırdım.

...Və nəhayət bunları düşünə-düşünə AzMİU-nun akt zalına tərəf yol alıram. 


Binaya daxil olar-olmaz artıq bayram ovqatı duyulurdu. 

Bütün qonaqlar tar və kamanının ifasında canlı musiqi ilə qarşılanır, tədbir zalına uğurlanırdı. 

Hamının çöhrəsinə gülüş və təbəssüm qonmuşdu sanki. 

Artıq saatın əqrəbləri  12:00-ı göstərirdi. Universitet rəhbərliyi, prorektorlar, dekanlar, kafedra müdirləri, müəllim və tələbələr- hər kəs öz yerini alır və tədbir öz işinə başlayır.

Aparıcılar Muxram və Hafiz tədbir iştirakçılarını ürəkdən salamlayıb, xoş gəlmisiniz deyərək, tədbiri açıq elan etdilər. Onlar Azərbaycan xanımlarını 8 Mart Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edərək, onlara can sağlığı, səadət və gələcək işlərində uğurlar arzuladılar:

Qadınlar olmasaydı, dünyanın heç bir əhəmiyyəti olmazdı. Qadınlar insanlığın davamı üçün əvəzolunmazdır və ən böyük xoşbəxtliklərin arxasındakı qəhrəmandır! Qadınlar həyatın mənası,bəzəyi və əbədi gözəlliyidir! Ən qiymətli varlıq olan qadınların, Beynəlxalq Qadınlar günü mübarək olsun!

Ardınca “Ritm” rəqs qrupu  “Flamenko”- 4 rəqsini ifa edir.

Dahi Nizami Gəncəcinin

Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Olmuş bütün aləmdə sənin şəninə şayan!

misralarını səsləndirən aparcı qeyd edir ki, N.Gəncəvinin böyük ustalıqla yaratdığı qadın obrazları və xarakterləri o zamankı ədəbi inkişafda intibah hadisəsi, yenilik, birincilik və hünər idi. O, qadın obrazlarının vasitəsilə ictimai düşüncə və həyata eşq donunda bir isti həyat , müqəddəs ailə və yaşam dəyərləri, ən əsası ədalət , mərhəmət və nəcabət gətirdi.
Bununla yanaşı aparıcı onu diqqətə ərz edir ki, Azərbaycanın müasir peşəkar musiqi sənətinin və millioperasının banisi, dahi bəstəkar- Üzeyir Hacıbəylinin özünəməxsus orijinallığı ilə fərqlənən “Sevgili canan” qəzəl-romansı qəlblərə sirayət edən ifadəli melodiyadır.


“Sevgili canan” səslənir və tədbir iştirakçılarının zövqünü oxşayır.

Azərbaycan qadınının dünyanın ən gözəl və ən güclü qadını olduğu vurğulanır:
“Onlara xas olan işgüzarlıq, müdriklik, yüksək daxili mədəniyyət,
xalqımızın zəngin milli-mənəvi sərvətlərinə sədaqət, müasir Azərbaycan
qadınının mövqeyini və simasını müəyyən edir.

Azərbaycan qadını- səbirli, şəfqətli, qoruyucudur!
O, həkimdir, yaradıcıdır, alimdir, diplomatdır!
Şərəfin, şanın ucalığında dayanan varlıqdır!

Ana! Dünyada müqəddəsliyini təyin edə biləcək və
əzəmətini təsvir edə biləcək heç bir ölçü yoxdur. Ən səmimi sevgilər, ən
coşqun, saf məhəbbətlər və vicdani sədaqətlər “ANA” kəlməsində olan həqiqi mənanı ifadə etməkdə acizdir.

Sonra sazda Ruhani üstündə bir ana  şeiri səslənir və bu da iştirakçıların qəlbini riqqətə gətirir. Gənc aşıq alqışlarla yola salınır.

Qeyd olunur ki, Azərbaycan ədəbiyyatının, mədəniyyətinin,incəsətinin inkişafında müstəsna xidmətlər göstərmiş görkəmli dramaturq, şair, nasir, teatrşünas, Cəfər Cabbarlının “ANA” şeirində ananın böyüklüyü və müqəddəsliyi yüksək bir duyğu ilə nəzərə çatdırılır. Anaya sonsuz ehtiram və məhəbbət hər sətrdə hiss edilir.

“ANA” şeiri təqdim olunur ki, bu şeir də tədbir əhlini təsirləndirir, kimini keçmişə, kimi bu günə, kimini də gələcəyə aparır. Kimi anasının var oluşuna sevinir, öz-gözünə təbəssüm, kimi də anasını itirdiyinə görə, kədələrnir və çöhrəsinə hüzn “qonur”.

Bildirilir ki, Azərbaycan ədəbiyyatına qiymətli töhfələr vermiş görkəmli şair, tərcüməçi- Əli Kərimin parlaq poeziyasının zirvəsi, “Qaytar ana borcunu” şeiri olmuşdur. Anaya ehtiram motivi güclü olan bu şeirdə bir qadının nə qədər dözümlü, vəfalı, əzabkeş olması, bir ananın övlad uğrunda hər məşəqqətə qatlaşması çox böyük ustalıqla təsvir edilir.

Ana-övlad münasibətlərinə həsr olunmuş bu əsər məzmun, dil, üslub, orijinal işləmə tərzi baxımından klassik əsərlərdən xüsusilə fərqlənir.

“Qaytar ana borcunu” tamaşası səhnələşdirilir. Bu səhnə də iştirakçılar tərəfindən böyük maraqla qarşılanır. Məxsusi olaraq tələbə lərin rolları müfəssəl şəkildə ifa etmələri təəccüblə qarşılanır.  



Onların tamaşadakı obrazları real canlandırmaları bu işə can qoyulduğunu aydın şəkildə ortaya qoyur.


Qeyd olunur: Poetik dilinin sadəliyi, xəlqiliyi və ahəngdarlığı ilə seçilən Əliağa Vahid qəzəllərində ana dilimizin gözəlliyi özünəməxsus yer tutmuşdur. Müasir Azərbaycan ədəbiyyatında qəzəl janrının görkəmli nümayəndəsi, Füzuli ənənələrinin davamçısı olan Əliağa Vahid qadınlara əvəzedilməz şeirlər həsr etmişdir.


 
“Gözəldir”, “Gözəlim” şeirləri təqdim olunur.

“Küçələrə su səpmişəm.” ifa olunur.


Ardınca “Dünyada cəsarətli xanımlar” barədə prezentasiya təqdim olunur və onların həyatı, fəaliyyəti və hikmətli kəlamları barədə məlumatlar verilir.

“Talant” rəqs qrupu tədbirə ayrıca bir çoşqu, qaynarlıq qatdı.

Sonra “Janna Dark” tamaşası səhnələşdirilir...

Məlumat verilir:

-Janna Darkın rəsmi məhkəməsi, 1 ildən sonra başlayır... Məhkəmə ilə bağlı bütün xərcləri ingilislər ödəsə də, onu cadugərlikdə ittiham edən hakimlər fransızlar idi. Zalım kral, onu taxta çıxaran Janna Darkın diri-diri yandırılmasına göz yumdu.

Orleandan tonqala aparan triumfal marşı, artıq bitmişdi... Necə deyərlər, bəzən əfsanə gerçəyə dönür, bəzən də gerçək
əfsanəyə... 

Cəsarətli və fədakar Janna Darkın məhkəmə sənədləri halhazırda Fransa Milli Kitabxanasında qorunub saxlanmaqdadır. Fransanın əsas simvollarından biri olan Janna Dark simasında hər bir xalqda nümunə vardır.

Ukraynada 2018 ci ilin 17 mayında zəhmətkeş, təəssübkeş, eləcə də lütfkar qadınların real vəziyyətini təzahür etdirən Song- “Плакла"mahnısı qısa müddətdə ölkə boyu populyarlıq qazanaraq, dillər əzbərinə çevilmişidir. 7-dən 70-ə hər kəs bu əsərin sözləri və musiqisindən təsirlənərək, qadın hüquqlarının qorunması, onların cəmiyyətdə aparıcı qüvvəyə çevrilməsi və ən müqəddəs, pak sevgiyə layiq olmasına dair yekdil fikrə gəlmişdir.

Song- “Плакла" səsləndirilir.


Ardınca zalda əyləşən xanımlara güllər hədiyyə olunur. 

Qadına qarşı zorakılıqdan bəhs edən aparıcı deyir ki, tarixin bütün dövrlərində bir problem kimi qəbul edilmişdir. 1998-ci ildə Ümummilli Lider Heydər Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, Azərbaycanda qadınların rolunun artırılmasına dair tədbirlərin keçirilməsi, dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında fərman Heydər Əliyevin ölkəmizdə gender bərabərliyinin təminatçısı olduğunu təsdiq edir. 

- Azərbaycan Respublikası prezidentinin 6 fevral 2006-cı il Fərmanı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi
yaradılmışdır.Milli Məclis tərəfindən qəbul olunmuş "Gender bərabərliyi haqqında" Qanunun məqsədi kişi və qadınlar üçün ictimai həyatın bütün sahələrində bərabər hüquqların təmin edilməsi və cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasıdır. Azərbaycan qadınları ictimai-siyasi proseslərdə həmişə fəal olmuşlar. Onlar arasından görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimlər yetişmişdir.


“Who you are" səsləndirilir.



Xarici dillərdə - ingilis, rus, italyan, alman, fransız dillərində  şeirlər ifa olunur və tələbələrimiz bu işdə də öz məharətlərini yüksək peşəkarlıqla tərənnüm edirlər.

Fransız müğənni İndilanın “Derniere Danse” mahnısı ifa olunur və auditoriya tələbələri alqış atəşinə tutur.

“Ötən günlərimi qaytaraydılar” təqdim olunur.

Auditoriya “Qadınlar” şeirini dinləyir.

Aparıcılar tədbirdə rol alan bütün tələbləri fakültələr üzrə səhnəyə çağırırlar.
Sonda isə Aygün xanım Məmmədova başda olmaqla bu tədbirin araya-ərsəyə gəlməsində bilavasitə rolu və əməyi olan müəllimlər səhnəyə dəvət olunurlar.

Qonaqları salamlayan A.Məmmədova qeyd edib:

“Hər birinizi xoş gördük. Dəvətimizi qəbul edib, tədbirimizdə iştirak etdiyiniz üçün təşəkkür edirik. Xüsusi təşəkkümüzü, hörmətli rektorumuz, professor Gülçöhrə xanım Məmmədova edirik. Hər zaman olduğu kimi, bu dəfə də bizə böyük dəstək verdi”.

Aygün xanım auditoriyadan bu cür istedadlı tələbələrə gurultulu alqış istəyib:

“Doğrudan da universitetimizin belə qabiliyyətli tələbələri var. Məqsədimiz onların xüsusi istedadını üzə çıxarmaq və tanıtdırmaqdır. Auditoriyalarda dərs tədris edərkən onların bacarıqlarını müşahidə edə bilmirik. Düzdür, onların üzərində çox işlədik, çox əmək sərf etdik. Bu gün uğurla çıxş etdilər. Onlara gələcək işlərində nailiyyətlər arzu edirik”.

A.Məmmədova tədbirə qatılan amerikalı qonaq Kaylı salamlayıb və ona da iştirakına görə təşəkkür edib:

“Bu, bizim 5-ci tədbirimizdi. Tələbələrlə işləməkdən zövq aldıq. Allah valideynlərinə bu tələbələrin bəhrəsini görməyi nəsib etsin. Prorektorlarımız, dekanlarımız və kafedra müdirlərimizdən kiminsə ürək sözü varsa, buyurub fikir və düşüncələrini bizimlə bölüşə bilərlər. Ki, bu da bizim üçün böyük stimul olar”. 

AzMİU-nun Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev səhnəyə təşrif buyurub, səlis, rəvan və təsirli nitqi ilə iştirakçıların “ürəyinə su səpir”:

“Tədbir iştirakçılarını salamlayıram. Düzdür, dünəndən etibarən sərhəddə baş verən erməni təxribatından dolayı əhvalımız yaxşı deyildi. Şəhidlər vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Üzgünük, amma bugünkü tədbiri də təxirə sala bilməzdik. Çünki istər birinci Qarabağ savaşında, istərsə də, 44 günlük vətən savaşında döyüşən qeyrətli oğullarımızı, igidlərimizi məhz Azərbaycan anaları böyüdüb, boya-başa çatdırıb. Bu  tədbir onlara minnətdarlıq ifadə etmək üçün bizə bir fürsət, imkan verdi. Qadın həyatın özüdür, həyata rəng qatan, onu yönləndirən, gözəlləşdirən qadındır. Həyatın başlanğıcı qadındır. Dünyanın ən zəhmətkeş və fədakar qadını məhz Azərbaycan qadınıdır”.

Bu tədbirin böyük əziyyətlər hesabına ərsəyə gəldiyini vurğulayan Orxan müəllim Aygün xanıma və digər müəllimlərə ayrıca minnətdarlıq ifadə edib:

“Gülçöhrə xanım iştirak edə bilmədi. Ötən dəfə mən qatıla biməmişdim. Gülçöhrə xanım mənə demişdi ki:- Çox şeyi qaçırdın. Gülçöhrə xanım da tədbiri səbirsizliklə gözləyirdi. Təəssüf ki, başqa tədbirə qatılmalı oldu. Düşünürəm ki, onun da fikri elə bizim yanımızdadır”. 

Prorektor qeyd edib ki, Aygün xanım ən xırda ayrıntılara, detallara ciddi fikir verib:

“Ekrandakı görüntülərlə səhnədəki hadisələrin mizanı, hadisələrin ardıcıllığı, axarlılığı hər şey saniyəsinə qədər düşünülmüşdü. Bu da böyük zəhmətin, diqqətin, səyin nəticəsidir. Aygün xanım tələbələrimizin istedadlı olduğunu söylədi. Bu doğrudur, amma bu istedadı üzə çıxarmaq da hər kəsin bacaracağı iş deyil. Necə deyərlər:“Zər qədrini zərgər bilər”. Bizim 4 zərgərimizi (Aygün xanım, Əfsanə, Səbinə və Qənirə müəllimləri nəzərdə tutur) alışlayıram.  Hər növbəti tədbir  əvvəlkindən daha düşünülmüş, daha rəngarəng olur. Həm proqramın rəngarəngliyi, həm də müxtəlif dillərdə təqdim olunma olduqca möhtəşəmdir.

Strateji planlaşdırma şöbəsinin müdiri Qənirə Məmmədzadə də dəvəti qəbul edib, tədbirə təşrif buyuran xanımların bayramını təbrik edib.

Zaldakı qadınların bayramını təbrik edən baş müəllim Əfsanə Həziyeva bildirdi:

“Orxan müəllimin qeyd etdiyi kimi, torpaqlarımızı azad edən oğulları dünyaya gətirən, böyüdüb, boya- başa çatdıran anaların qarşısında baş əyirəm. Biz bu bayramı onların övladlarına borcluyuq, hər zaman da borclu olacağıq. Biz müəllimlər şəhid anaları, qazilər və ölməz şəhidlərimizin ruhu qarşısında söz veririk ki, onlardan sonrakı nəsilləri onların qəhrəmanlıq dastanları ilə tərbiyə edəcəyik. Onların böyük şücaətlər hesabına bizə əmanət etdiyi vətənə layiqli  tələbələr yetişdirəcəyik. Yaşasın müstəqil Azərbaycan, yaşasın analarımız!

Baş müəllim Səbinə xanım Qasımova xanımların 8 Mart bayramını təbrik edib.

A.Məmmədova Elm və innovasiya üzrə prorektor, professor  Nigar Aslanovanı səhnəyə dəvət edir:

“Çox sağ olun, Aygün xanım, minnətdaram. “Janna Dark” səhnəsi məni təsirləndirdi. Tələbələrimizdən Hollivud ulduzları çıxar. Azərbaycan tarixinə nəzər yetirdikdə siyasət, elm və başqa sahələrdə qadınlarımız çox böyük nüfuza, rola malik olduğun görərik. Güclü xanımlarımız olub və var. Onlar savad,  dəyanət və tərbiyələri ilə seçiliblər. 44 günlük Vətən savaşında məhz həmin xanımların yetişdirdikləri oğullarımızın sayəsində zəfər çaldıq. Zaldakı bütün xanımları təbrik edirəm. Bayramınız mübarək olsun! Can sağlığı və işlərinizdə uğurlar arzulayıram. Həmişə qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün mübariz olmağınızı arzulayıram”.
Sonda xatirə fotosu çəkildi.






Hazırladı: Ayyət ƏHMƏD