Laçın dəhlizi qırmızı xəttimizdir! – “Nəzarət buraxılış məntəqəsi qurulsun!”


"Laçın yolunda postların qurulması realdır və Azərbaycan dövlətinin əsas məqsədlərindən biri də budur".
Bunu "Sherg.az"a açıqlamasında siyasi şərhçi Turab Rzayev “Laçın yolundakı postlar tezliklə açılacaq” iddialarına münasibət bildirərkən deyib.
O qeyd edib ki, sivil QHT-lərin və vətəndaş cəmiyyətinin əsas məqsədi də Laçın yoluna nəzarətin əldə olunması və ölkəmizin sərvətlərinin qanunsuz daşınmasını qarşısının alınmasıdır:

"Hətta aprelin 1-də Ermənistan hakimiyyəti köhnə Laçın yolunun bir hissəsindən istifadəni davam etdirmək istəyirdi. Azərbaycan bunun qarşısını almaq üçün Laçındakı yüksəklikləri ələ keçirərək onları yeni Laçın yolundan istifadə etməyə məcbur etdi. Artıq Azərbaycan həm yeni Laçın yolunun Ermənistanla giriş hissəsində, həm də Xankəndinə girişdə post quraraq nəzarət etməlidir. 

Hətta bununla bağlı ilkin görüntülər də var idi. Xatırlayırsınızsa, artıq yoxlamalar başlamışdı, sərhəddə bir çox maşın yığışmışdı. Həmçinin orada kiminsə halı pisləşmişdi və Azərbaycanın təcili tibbi yardım maşını Xankəndi yoluna çıxmışdı. Lakin artıq bunun rəsmiləşdirilməsi lazımdır. 

Düzdür, Lavrov da çıxış etmişdi ki, Laçın dəhlizində xüsusi nəzarət buraxılış məntəqəsi ilə bağlı razılıq yoxdur. Buna İran da xüsusi etiraz edir. Azərbaycana olan təzyiqlərin bir qismi də bununla bağlıdır. Ermənistan isə dünya ictimaiyyətinı ayağa qaldırmağa və beynəlxalq təşkilatlarla Azərbaycan arasında təzyiq formalaşdırmağa çalışır. 

Bu təzyiqlərə rəğmən Azərbaycan tərəfi Laçın dəhlizində nəzarət buraxılış məntəqəsi qurmalıdır. Çünki bu, bizim qırmızı xəttimizdir. Sülh bəyanatına görə də Azərbaycan Laçın dəhlizinin təhlükəsizliyinə cavabdehdir. Əgər təhlükəsizliyə cavabdeh Azərbaycandırsa, nəzarət də bizim əlimizdə olmalıdır".