“Pakistanla Azərbaycan hərbi müştərəkliliyi strateji müttəfiqlik kimi rəsmiləşdirmək üçün ilk növbədə hərbi aspektlərə yeni elementlər daxil etməlidir”
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Asim Munirin dəvəti ilə mayın 23-də bu ölkəyə rəsmi səfərə gedib.
Səfər çərçivəsində general-polkovnik K.Vəliyevin Pakistanın hərbi rəhbərliyi ilə görüşü, həmçinin bir sıra hərbi təyinatlı müəssisələrə ziyarəti nəzərdə tutulub.
Səfəri “Sherg.az”a dəyərləndirən siyasi şərhçi Aqşin Kərimov bildirib ki, Kərim Vəliyevin Pakistana gedişi son zamanlar Pakistanda cərəyan edən qeyri-sabit vəziyyət fonunda diqqət çəkir:
“Söhbəti ona gətirmirik ki, Azərbaycan Pakistanın daxili işləri ilə məşğul olur, bu, belə deyil. Çünki Pakistan onsuz da siyasi baxımdan qeyri-sabit ölkədir və orada hansısa siyasətçinin pensiya yaşına çatması müşkülə çevrilir. Kərim Vəliyevin səfəri isə Pakistanda baş verən hadisələr səbəbindən rəsmi İslamabadın xarici siyasət kursunda yaranan axsaqlıqları düzəltmək üçün vacibdir. O mənada ki, ölkədəki etirazlar Azərbaycan-Pakistan prioritetlərinin ləngiməsinə şərait yaradır”.
Analitikin sözlərinə görə Pakistanda hakimiyyətdə hansı qüvvənin olmasından asılı olmayaraq onun Azərbaycanla bağlı siyasəti dəyişməyəcək:
“Lakin qeyri-sabitlik xarici siyasət prioritetlərinə də təsir göstərir. Fikir verirsinizsə, son zamanlar Azərbaycan-Pakistan ikili, Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlıq formatındakı notlar bir qədər zəifləyib. İndi bunu irəliyə aparmaq lazımdır. Kərim Vəliyev də Pakistan tərəfinin dəvəti ilə həmin ölkəyə gedib.
Deməli, rəsmi İslamabad özü də hansısa axsamalardan məmnun deyil. Ümumiyyətlə Kərim Vəliyevin səfərindən sonra Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli təlimləri canlanacaq, həmçinin Bakı ilə İslamabad arasındakı hərbi-texniki əməkdaşlıqda yeni daşımalar həyata keçirilə bilər.
Yəni Pakistanla Azərbaycan hərbi müştərəkliliyi strateji müttəfiqlik kimi rəsmiləşdirmək üçün ilk növbədə hərbi aspektlərə yeni elementlər daxil etməlidir. Kərim Vəliyevin qovluğunda da həmin elementlər yerləşdirildiyini hesab edirəm”.