Qətər Rusiya-Ukrayna müharibəsinin qısa zamanda bitməsini arzulayır - ŞƏRH

"Qətər hökumətinin başçısı və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Ukraynaya səfər edərək, bu ölkənin prezidenti Volodimir Zelenski ilə görüşüb. Nazir Qətər əmiri Şeyx Təmin bin Həməd Al Taninin salamını Zelenskiyə çatdırıb. Qətərli nazir ukraynalı həmkarı Dmitro Kuleba və baş nazir Denis Şmıqalla da görüşüb. Qətər əmirinin nazirini müharibə gedən uzaq Ukraynaya göndərməkdə məqsədi nədir?".

Sherg.az xəbər verir ki, buz sözləri politoloq Elxan Şahinoğlu deyib. Ekspertin sözlərinə görə, Qətər son illər bölgədə fəallığını artırıb:

"Qətər yaxın bölgələrdə baş verən münaqişələrin danışıqlar yolu ilə həllində maraqlıdır. Məsələn, Qətər Qərb ölkələri ilə sıx əməkdaşlıq etsə də, ABŞ-ın bu ölkədə hərbi bazası olsa da, Dohanın Tehranla da yaxşı münasibətləri var. Qətər vaxtilə Əfqanıstanla bağlı ABŞ və Taliban nümayəndələri arasında danışıqlara ev sahibliyi etmişdi. 
Səudiyyə Ərəbistanı başda olmaqla bir neçə ərəb dövləti bir neçə il əvvəl Qətərlə münasibətləri dondurmuş və Dohaya tələblər siyahısı göndərmişdi. Doha milli və təhlüksizlik maraqlarına zidd qiymətləndirdiyi həmin tələbləri yerinə yetirmədi. Türkiyə bu qarşıdurmada Qətəri dəstəklədi. Səudiyyə Ərəbistanı və tərəfdaşları Dohaya qarşı təzyiqin nəticə vermədiyini anladıqdan sonra Doha ilə əvvəlki əlaqələri bərpa etdilər. Zəngin ölkə olan Qətərin blokadaya alınması nəticə verdi. Bu həm də Qətərin bölgədə artan rolundan xəbər verirdi". 

Politoloq onu da qeyd edir ki, Qətər İran ətrafındakı gərginliyin azalmasının tərəfdarıdır:

"Bu baxımdan İranla Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin bərpası və səfirliklərin qarşılıqlı olaraq açılması Qətərin təhlükəsizlik maraqlarına uyğundur. Ancaq Qətər bununla kifayətlənmək istəmir. Qətər Rusiya-Ukrayna müharibəsinin də  qısa zamanda bitməsini arzulayır və bu istiqamətdə diplomatik fəallığını artırıb. Məsələn,  Qətərin xarici işlər naziri bir ay əvvəl Rusiyada da səfər etmiş və bu ölkənin rəsmiləri ilə də görüşmüşdü. Qətərli nazir Moskvaya yollanmadan öncə isə Ukrayna mövzusunu ABŞ dövlət katibi Entoni Blinkenlə müzakirə etmiş, Paris və Berlində də müharibənin dayandırılması mövzusu ətrafında fikir mübadiləsi aparmışdı". 

Ekspert vurğulayır ki, Qətər Türkiyə və Qərb ölkələri kimi Rusiyanın “taxıl anlaşmasından” çıxmasının əleyhinədir. Qətər Ukraynaya humanitar məqsədlərlə 100 milyon dollar yardım ayırıb. Bu pullar Ukrayna üçün tibbi avadanlılqarın alınmasına və digər sosial problemlərin həllinə xərclənəcək:

"Qətərli nazir Kiyevdə ukraynalı həmkarıyla birgə keçirdiyi mətbuat konfransında deyib ki, ölkəsi münaqişənin danışıqlar yolu ilə həllinə töhvə verməyə hazırdır. Qətərli nazir eyni zamanda ölkəsinin Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulamağı da unutmayıb. Şeyx Məhəmməd bin Əbdül Rəhman Moskvaya səfəri zamanı da Qətərin dövlətlərin ərazi bütövlüklərinə və suverenliklərinə hörmətlə yanaşdığını ifadə etmişdi. Bu yanaşma Ukraynaya qarşı işğalçı müharibəni davam etdirən Kremlin maraqlarına cavab vermir". 

Turan