Rusiya masada olmamalıdır - Deputat 

Uyğun zamanda, uyğun şəraitdə Qarabağ erməniləri ilə ikitərəfli görüş mütləq baş tutacaq
 
 Rusiya Xankəndi ilə Bakı arasında dialoqun başlamasında maraqlı olduğunu bildirib.
  
Rusiya sülhməramlılarının əvvəllər iki nümayəndə heyətinin görüşlərinin təşkilində kömək etdiyini xatırladan Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, bu mövzu tərəflərin gündəliyindədir: “Rusiya sülhməramlıları əvvəllər iki nümayəndə heyətinin görüşlərinin təşkilinə kömək ediblər və bundan sonra da lazımi yardımı göstərməyə hazırdırlar".
  
Onun sözlərinə görə, Rusiya heç bir ilkin şərt irəli sürmür, o, Qarabağda artan gərginlik fonunda hazırda ciddi şəkildə tərəflərin yanaşmalarını bir-birinə yaxınlaşdırmaq üçün əzmlə çalışır.

  Qeyd edək ki, “Caliber” nəşrinin iki gün əvvəlki məlumatına görə, Yevlaxda rəsmi Bakı ilə Qarabağ bölgəsində sıx məskunlaşan erməni etnik azlıq nümayəndələri arasında görüşün təşkili üzərində iş gedir. Məlumatda isə xüsusi qeyd olunub ki, görüşün təşəbbüskarı heç bir halda üçüncü ölkə deyil. Xarici dövlətlərin nümayəndələrinin iştirakı olmadan eksklüziv olaraq mərkəzi hakimiyyət nümayəndələri ilə erməni etnik azlığı arasında baş tutacaq dialoq Bakının məlum təklifinin məntiqinə uyğundur.
  
Millət vəkili Ceyhun Məmmədov isə "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan nümayəndələri ilə Qarabağ bölgəsindəki ermənilərin nümayəndələri arasında görüş keçirilməsi çox önəmlidir: “Azərbaycan xeyli müddətdir bu görüşün təşkili üçün çalışır. Ermənistan, Rusiya və hətta bəzi qərb ölkələri isə bu görüşlərin bilavasitə onların iştirakı ilə keçirilməsinin tərəfdarıdır. Rusiyanın bölgədə xüsusi maraqları olduğu üçün Azərbaycan- Ermənistan arasındakı bütün danışıqlarda vasitəçi kimi çıxış etmək istəyir. Lakin Azərbaycan dəfələrlə bildirib ki, Azərbaycan nümayəndələri ilə Qarabağ bölgəsindəki erməni nümayəndələri arasında keçirilən görüşlərdə vasitəçilərə ehtiyac yoxdur. Rusiya isə məqsədli şəkildə xof yaradır ki, guya, vasitəçilərin iştirakı olmadan dialoq mümkün deyil. Biz isə hesab edirik ki, uyğun zamanda və uyğun şəraitdə ikitərəfli görüş mütləq baş tutacaq”.