İranı indi də jurnalistlər tərk edir - RƏY

Bunu İranda mühacirətin növbəti dalğası kimi səciyyələndirmək olar

İranın Avstraliyada keçirilən idman turnirinə ezam etdiyi jurnalistləri bu ölkədən sığınacaq istəyib.
Bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.Bildirilir ki, “İran idmanı” qəzetinin redaksiya heyətinin üzvü, "İran" qəzetinin idman şöbəsinin katibi Səid Zahidian və “İran” qəzetinin fotoqrafı Nəim Əhmədi İrana qayıtmaqdan imtina ediblər.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan mövzu ilə bağlı  “Sherg.az”a açıqlama verib.O, bildirib ki, bu klassik variantdır. Diktatura, avtoritar rejimdən cana doymuş İran vətəndaşları imkan düşən kimi xarici ölkədən sığınacaq istəyir.

“Keçmiş SSRİ-nin vaxtında da bu belə olub,Şimali Koreyada da hər zaman oxşar hadisələrə rast gəlinir. Kənardan müşahidə olunan odur ki, mövcud hakimiyyət vətəndaşların hüquqlarının, azadlıqlarının təmin olunmasında çox saylı problemlər yaşayır. Vətəndaşlar öz dövlətlərindəki hakimiyyətlərin zülmünə tab gətirməyərək tək çarənin ölkə hüdudlarından kənarda yaşamaq olduğunu düşünürlər”.

S.Soltanlı həmçinin qeyd edib ki, belə halların sayı son zamanlar kəskin surətdə artmaqdadır. Bunu İranda mühacirətin növbəti dalğası kimi səciyyələndirmək olar.

“İranda ictimai-siyasi fəal vətəndaşlar rejimin təzyiqlərindən, rejimin yaratdığı mühitdən cana doyduqlarından ilk fürsətdə ölkədən qaçırlar. İranda buna bənzər hadisələr əvvəllər də yetəri qədər çox olub. İdmançılar kollektiv şəkildə ölkədən qaçıb və xarici ölkədən sığınacaq istəyiblər. Məsələn, bu yaxınlarda İranlı şahmatçılar da xarici  ölkələrdən sığınacaq istəmişdilər. Hətta məhşur futbolçu Əli Dayinin də deyilənə görə ölkədən çıxıb və xaricdə yaşayacaq. Avstraliyadan sığınacaq istəyən iki jurnalistin də bu addımı atması rejimin təzahürüdür”.