Gürcüstanla quru sərhədlərinin açılmasına hazırlıq gedir? - Millət vəkili açıqladı


  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də “Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazax-Gürcüstan ilə dövlət sərhədi (130,15 km) hissəsinin dörd zolağa genişləndirilməsi layihəsi” çərçivəsində yenidən qurulan, ümumi uzunluğu 102 kilometr olan Gəncə-Qazaxbəyli hissəsinin açılışında iştirak edib.
  Bu xəbərdən sonra sosial şəbəkələrdə Azərbaycanla Gürcüstan sərhədlərinin açılacağına dair müzakirələr yer alıb.

  Millət vəkili Vüqar Bayramov isə “Sherg.az”a açıqlamasında deyib ki, nəqliyyat şəbəkəsi və avtomobil yollarının yenidən qurulması dövlət üçün prioritet məsələlərdən biridir: 

"Regionların sosial-iqtisadi inkişafına dair müvafiq dövlət proqramları çərçivəsində bu gün Azərbaycanda ən müasir yol-nəqliyyat infrastrukturu qurulur və irimiqyaslı layihələr icra olunur. Xüsusən də, beynəlxalq əhəmiyyətli yolların inşası və yaxud  mövcud yolların yenidən qurularaq, müasir səviyyəyə çatdırılması istiqamətində  çox mühüm  addımlar atılır. Bakı-Qazax-Gürcüstan ilə dövlət sərhədi magistral avtomobil yolunun Gəncə-Qazaxbəyli hissəsində yeni yolun qurulmasına gəldikdə isə onun tikilməsi ilə bağlı planlaşma və maliyyə ayrılması xeyli müddət əvvələ aiddir. Məqsəd isə ölkədaxili yol infrastrukturunun inkişafı və qonşu ölkələri  birləşdirən avtomobil yollarıının beynəlxalq standartlara uyğun qurulmasından ibarətdir. Gələcəkdə digər istiqamətlərdə də avtomobil və dəmiryolu sisteminin yenidən qurulması və sistemləşdirilməsi prosesi  davam etdiriləcəkdir. Quru sərhədlərin açılması isə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilən bir qərardır. Ona görə də sözügedən yolun açılmasının quru sərhədlərinin açılmasına hazırlıq olduğunu zənn etmirəm”.