Putinin gözlərini qan örtüb - RƏY

Polşanın Rusiya və Belarusiya sərhədini gücləndirməsi normal bir haldır

Polşa sərhəd mühafizəçilərinin dəstəklənməsi məqsədilə Belarusla sərhədə 2000 hərbçi göndərəcək.

Bu barədə ölkənin daxili işlər nazirinin müavini Maçey Vaşik bildirib.

Qərarın Belarus tərəfindən potensial hərbi fəaliyyətlər nəzərə alınaraq qəbul edildiyi bildirilib.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko ötən həftə “Vaqner” döyüşçülərinin Polşaya daxil olaraq şəhərləri dağıtmasına mane olduğuna görə özünə təşəkkür düşdüyünü deyib. Polşanın Belarusla sərhədlərini gücləndirmək qərarına Latviya və Litva da qoşulub.

Mövzu ilə bağlı “Sherg.az”a açıqlama verən  “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlu bildirib ki, Rusiya Ukraniyaya qarşı işğalçı müharibəyə başladıqdan sonra Polşa əleyhinə də açıqlamaların sayı çoxalmağa başladı: "Bir müddət öncə Rusiya Prezidenti və yaxın ətrafı belə açıqlamalar verməyə başladılar ki, guya, Polşa Belarusiyanın və Ukraynanın bir hissəsini zəbt etmək istəyir, belə marağı var. Tarix boyu o ərazilər Polşanın olub və indi yenidən həmin əraziləri işğal etmək istəyir. Amma bunlar hamısı saxta ittihamlar idi. Əksinə, Ukraynanı işğal etmək istəyən Rusiya özüdür. Polşa müharibənin ilk günlərindən etibarən Ukraynaya dəstək olub, müharibə dönəmində iki milyon Ukrayna vətəndaşına sığınacaq verib. Polşa Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir".
  
Politoloq həmçinin qeyd edib ki, Polşa Amerika ilə də müttəfiqdir. Rusiya bu səbəbdən Polşanı da hədəf alıb və müttəfiqi Belarusiyadan da bunun üçün istifadə edir: "Həmçinin nəzərə almaq lazımdır ki, Vaqner muzdlu qruplaşmanın bir hissəsi Belarusiyada yerləşir. Rusiya Vaqner qruplaşmasından Belarusiya üzərindən Polşa və Baltikyanı ölkələrə qarşı təxribatlar törədə bilər. Belə olduğu halda Polşanın Latviya, Litva və digər Baltikyanı ölkələrin Rusiya və Belarusiya sərhədini gücləndirməsi normal bir haldır".