Mexaniki sayğaclarla maxinasiyalar etmək asandır

“Azəriqaz” smart tipli sayğacları niyə, hansı səbəbdən mexaniki sayğaclarla əvəz etdiyinin izahını verməlidir

“Heç bir qurumun ixtiyarı yoxdur ki, abonent evdə olmadığı halda sayğaca əl vursun, onu dəyişsin”
  
"Azəriqaz" İB nümayəndəsi gəlib, bizdən icazəsiz qazımızı kəsib ki, smartı mexanikaya dəyişirəm. Etiraz edirəm. Deyir, belə tapşırıq almışam. Eldəniz Vəliyevi yığmışam. Deyir ki, biz bununla daha yaxşı sistemə keçirik. Mexanikayla? Hansı əsrdə yaşayırıq? Yenə hansı fırıldağınız var? Mən kartla istifadə etdiyim qaza daha çox güvənirəm. Dövlətin pulunu mexanikayla silirsiniz? Bu nə biabırçılıqdır? Əslində, dövlətin təhlükəsizliyinə müdaxilədir. Qoy, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidmətinin əlaqədar qurumları, “Azəriqaz”ın maxinasiyalarının qarşısını alın!”. Bu statusu sosial şəbəkə istifadəçisi Gülnaz Qənbərli (Gulnaz Qanbarli) sosial mediada paylaşıb. Qeyd edək ki, məlum paylaşıma müxtəlif məzmunlu rəylərlə cavab verilib. Bəziləri mexaniki sayğacların daha rahat olduğunu, ödəmədə problem yaranmadığını, “kod”a düşmək əzabının olmadığını, bəziləri isə əksinə, kartla yükləməyə görə smart tipli sayğacların daha rahat və güvənli olduğunu, mexaniki sayğacların daha çox qaz sərf etdiyini yazıb.
 
 Əslində nə baş verir? İllər əvvəl “bəh-bəh”lə keçid edilən smart tipli sayğaclara nə oldu ki, yenidən köhnə zamanlara – mexaniki sayğaclara qayıdırlar?
  
Problemi “Sherg.az”a şərh edən Neftçilərin Hüquqlarının Müdafiəsi Komitəsinin sədri Mirvari Qəhrəmanlı ortada böyük maxinasiyalar olduğunu dedi:

- Birincisi, heç bir qurumun ixtiyarı yoxdur ki, abonent evdə olmadığı halda sayğaca əl vursun, onu dəyişsin. Başqa vaxt “sayğaca müdaxilə edilib”, əsas gətirərək abonentləri böyük məbləğdə cərimə edir “Azəriqaz”. Amma özü abonentin iştirakı olmadan müdaxilə edir. Abonent sayğacına müdaxilə edilmədiyinə necə əmin ola bilər? İkincisi, bütün sayğacların istifadə müddəti 25 il nəzərdə tutulur. Amma qanunda yazılıb ki, sayğaclar 5 ildən bir yoxlanmalıdır. “Azəriqaz” da qanunu əsas gətirərək sayğacları yoxlayır. Və yoxlama zamanı hansısa sayğaca müdaxilə edildiyi, ya da göstəricilərin düzgün qeyd edilmədiyi əsas gətirilərək dəyişirlər. Şəxsən bizim təşkilat Masallıda 2 abonentə hüquqi yardım göstərərək cərimələrin əsas yazıldığını sübut edib. Çox təəssüf edirəm ki, “Azəriqaz” abonentlərin hüquqlarını pozur. “Azəriqaz” smart tipli sayğacları niyə, hansı səbəbdən mexaniki sayğaclarla əvəz etdiyinin izahını verməlidir. Əsaslandırmalıdır bunu. Hesab edirəm ki, smart tipli sayğaclar daha güvənlidir. Mexaniki sayğaclar isə etibarsızdır. “Azəriqaz”ın mexaniki sayğaclara keçid etməsi isə, hesab edirəm ki, qaz itkisini abonentlərin hesabına azaltmaq məqsədi daşıyır. Mexaniki sayğaclarla maxinasiyalar etmək asandır. Ona görə də mexanikilərə üstünlük vermək istəyirlər.

P.S.Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.