Qələbəni qorumaq üçün birlik lazımdır

Hər bir vətəndaş məsuliyyətli davranmalıdır, atdığı addımlara diqqət etməlidir

Novella Cəfəroğlu qeyd etdi ki, Vətənimiz və dövlətimiz üçün xüsusi əhəmiyyət daşıyan aksiyalara hər adamı cəlb etmək doğru deyil

  Bakı Ağır Cinayətlər Məhkəməsində 20 yaşlı Fidan Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırmaları keçirilir. Yerli mediada yayılan məlumata görə, Fidan Əliyeva Ermənistana casusluqda, bu ölkənin xüsusi xidmət orqanının əməkdaşı vasitəsilə Azərbaycan haqda məlumatlar ötürməkdə ittiham olunur. Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Fidan Əliyevanı bir neçə ay öncə Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları saxlayıb. Məlum olub ki, Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində 2022-ci il dekabrın 12-dən başlanan və 138 gün davam edən etiraz aksiyasının iştirakçıları arasında Fidan Əliyeva da olub. Onun "Telegram" platforması üzərindən tanış olduğu Ermənistan xüsusi xidmət orqanı əməkdaşına məlumatlar, video və fotoşəkillər göndərdiyi iddia edilir. Görüntülərin bir hissəsinin Bakının müxtəlif yerlərindən olduğu bildirilir. Məhkəmədə sərbəst ifadə verən Fidan Əliyeva bildirib ki, "Telegram"da tanış olduğu adamı rusiyalı zənn edib. Onun sözlərinə görə, həmin şəxslə də məlumat ötürmək üçün yox, şəxsi məqsədlə tanış olub. “Əvvəl heç onun erməni olduğunu bilməmişəm. Məqsədim adi insan kimi tanışlıq olub. Başqa məqsədim – Azərbaycan barədə məlumat vermək niyyətim olmayıb”, - deyə o, əlavə edib. Foto-video məsələsinə gəlincə, Fidan Əliyeva bildirib ki, qarşı tərəf ondan bəzən müəyyən yerlərdə görüntülərini çəkib göndərməsini istəyirdi, o da göndərirdi. İş materiallarından isə görünür ki, Fidan Əliyeva gizlin danışdığı Ermənistan xüsusi xidmət orqanı əməkdaşının istəyi ilə Laçın-Xankəndi yolunda başlanan etiraz aksiyasına qoşularaq oradan foto və videomateriallar çəkib həmin şəxsə göndərib. Fidan Əliyeva ekofəalların olduğu bu videoları nə məqsədlə çəkib həmin şəxsə göndərdiyi sualına aydınlıq gətirməyib. Fidan Əliyevanın işi üzrə məhkəmə araşdırmaları davam edir.
  
Məsələ ilə bağlı “Sherg.az”a danışan D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu qeyd etdi ki, Vətənimiz və dövlətimiz üçün xüsusi əhəmiyyət daşıyan aksiyalara hər adamı cəlb etmək doğru deyil:

- Bu cür aksiyalarda kimlərin iştirak edəcəyi əvvəlcədən dəqiqləşməlidir. Laçın-Xankəndi yolundakı sosial aksiya kimi xüsusi əhəmiyyət kəsb edən tədbirlərə hər yoldan keçəni cəlb etmək olmaz. Ora göndərilənlər yoxlanılmış, sınanmış insanlar olmalıdır. Bu cür aksiyalara xüsusi şəxslər getməlidir. O şəxslər ki, bilirlər Vətən nədir, dövlətçilik nədir, aksiyanın məqsədi, məramı nədir. Və aksiyanın məsuliyyətini dərk edirlər, özlərinin də hansı məsuliyyət daşıdıqlarını dərk edirlər. Bu gənc xanım orada hansı statusla iştirak edib? Media nümayəndəsi olaraq, ictimai fəal olaraq, yoxsa ekofəal olaraq? O, hansı ictimai təşkilatın üzvüdür, bunlar yəqin ki, məhkəmə istintaqı zamanı müəyyənləşib, məhkəmə prosesində də açıqlanacaq. Kiminsə aksiya zamanı fotolar çəkib Ermənistana, ya da başqa bir ünvana göndərməsi əlbəttə ki, qəbuledilməzdir. Ola bilsin, gənc xanım fotoları kimə göndərdiyinin fərqinə varmaylb, bu, tanış olduğu adamla sadəcə, ünsiyyət xarakteri daşıyıb. Amma biz illərdir deyirik, Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti dövlət əhəmiyyətli məlumatların, cəbhə ilə bağlı informasiyaların mediada yayılmasının yolverilməz olduğunu bəyan edir, efirdə, sosial mediada bu bəyanatlar yayılır. Vətəndaşlarımız düşüncəli, məsuliyyətli davranmağa borcludurlar. Bilməlidirlər ki, Azərbaycan haqqında hər hansı məlumatın, videonun yayılması bizə düşmən münasibəti bəsləyən və fürsət gözləyən dövlətlərin, şəxslərin əlində vasitəyə çevrilə bilər. Niyə kimsə hardansa fotolar çəkilməsini istəməlidi? Azacıq düşünsələr, anlayarlar ki, burada bir məqsəd gizlənir. Müasir gənclər çox məsələlərdən xəbərdar deyil, yəni başa düşmürlər, şübhələnmirlər ki, niyə onlardan haranınsa fotosunun çəkilməsi istənilir?!
  N.Cəfəroğlu ölkəmiz və dövlətimiz üçün həssas məqamlarda hər bir vətəndaşın məsuliyyətli olmasını vacib sayır:
- Biz qələbə əldə etmişik. Amma o qələbəni əldə saxlamaq çətindir. İndiki zamanda hamımızın birliyi lazımdır. Bir çox insanlar ağılsız, düşünülməmiş hərəkətlər edir. Hərbi kolonu çəkib feysbukda paylaşırlar. Belə məqamda bunu etmək olmaz. Hamımız bilirik ki, nə əzablar çəkirik, vəziyyətin normallaşması, məsələlərin dövlətimizin xeyrinə həlli üçün. Hər bir vətəndaş məsuliyyətli davranmalıdır, atdığı addımlara diqqət etməlidir. Bu, Azərbaycan dövlətçiliyi məsələsidir.