Bəzi səfirliklər turizmə problemlər yaradır - Viza zülmü

MDB-nin heç bir ölkəsində viza alınması məsələsi bizdəki kimi ağrılı, çətin deyil

Viza alınması, həqiqətən də, çox çətin, əsəbi və gərginlik yaradan işdir

  Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının bir illik fəaliyyətinə həsr edilmiş tədbirdə çıxış edən ATAA-nın Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov bir neçə problemli məsələyə toxunub. O qeyd edib ki, bəzi viza mərkəzləri, eləcə də bəzi səfirliklərin fəaliyyəti turizmə problem yaradır: “Getmə turizm sahəsində bizi ən çox narahat edən məsələlərdən biri də vizaların verilməsi ilə bağlıdır. Avropa ölkələrinin viza müraciətlərinə nəzər yetirsək, bəzi ölkələrin digərlərinə nisbətdə daha çətin viza verdiyini müşahidə edə bilərik. Vizaların verilməsi prosedurundakı çətinliklərdən danışarkən, bəzi viza mərkəzlərinin süni əngəllər yaratmasını qeyd etmək istərdim. Bir sıra hallarda lazımi sənədlərdən başqa, əlavə sənədlərin də tələb olunduğunun şahidi oluruq. Misal olaraq iş yerindən arayış və kart çıxarışı təqdim olunduğu halda, vergi ödənişinə dair arayış, bəzən gediş-gəliş biletlərinin alınmış variantları tələb edilir. Bəzən viza rüsumunun ödənilməsindən sonra əlavə xidmət haqqı tutulur. Bu xidmət haqqının isə nə olduğuna aydınlıq gətirilmir. Görüş günü ilə bağlı sıxıntılar hələ də qalmaqdadır. Bu da üzvlərimizin və turistlərin haqlı narazılığına səbəb olur”. Ş.Məmmədov bildirib ki, səfirliklər də viza verilməsinə süni maneələr yaradır: “Bəzi Şengen zonası ölkələrinin səfirliklərində görüş günü təyin etmək üçün sistem, demək olar ki, bağlı olur. Görüş günü həftədə 1 dəfə, ayda 4 dəfə qısa müddətə günün öncədən bilinməyən saatında açılır. Bu isə görüş gününü təyin etmək istəyən turistlərdə çaşqınlıq yaradır. Bir sıra hallarda təhsil viza müraciətlərində tələbələr çətinliklə viza ala bilirlər. Bəzən səfirliklərdən viza müraciətinə cavab 21 iş günü ərzində deyil, 2 ay və daha gec gəlir. Ya da orta büdcəli turistlər qəbul edilmir. Təəssüf ki, bir sıra hallarda səfirliklər çox yüksək əməkhaqqı və ya gəlirlər tələb edir ki, turist vizası verməkdə maraqlı olsun. Bəzən isə səfirliklər hotelin ödənilmiş qəbzini tələb etməklə turizm agentlikləri və turistlər üçün problem yaradır”.       
  
Ş.Məmmədov qeyd edib ki, problemlərin həlli üçün addımlar atılır. Bəzi ölkələrlə viza məsələlərində olan çətinliklərin aradan qaldırılması istiqamətində bu dövlətlərin Azərbaycandakı səfirliklərinə rəsmi müraciətlər ünvanlanıb, ATAA tərəfindən vizaların alınması mexanizminin sadələşdirilməsi üçün həmin səfirliklərin nümayəndələri ilə görüşlər təşkil edilib.
  
Problemlə bağlı “Sherg.az”a danışan iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, viza alınması, həqiqətən də, çox çətin, əsəbi və gərginlik yaradan işdir: 

- Azərbaycan vətəndaşları viza almaqda həqiqətən zülm çəkirlər. MDB-nin heç bir ölkəsində viza alınması məsələsi bizdəki kimi ağrılı, çətin deyil. İnandırım sizi, nə müəyyən sanksiyaların tətbiq edildiyi Rusiyada, nə Belarusda, nə hazırda münaqişə zonası olan Ukraynada, nə Orta Asiyada viza alınmasıyla bağlı vəziyyət bizdəki kimi bərbad deyil. Az-çox dostlarımız, tanışlarımız var, soruşuruq, oyrənirik, deyirlər, çox asan almışıq vizanı. Bizdə niyə belə çətindir, zülmdür viza almaq, doğrusu, anlamıram. Bu suala  Nazirlər Kabineti, Xarici İşlər Nazirliyi cavab verməlidir.
F.İbrahimov Şengen vizası ölkələrinə vizaların verilməsində də ciddi problemlər olduğunu dedi:

 - ABŞ bu məsələdə, həqiqətən də, demokratik davranır. ABŞ-yə getmək, Şengen vizası ölkələrinə getməkdən dəfələrlə asandır. Amma məsələn, Çinə viza almaq, ümumiyyətlə, mümkün deyil.  Hansısa ölkəyə Azərbaycan vətəndaşları kimi zülmlə viza alan vətəndaşlar bəlkə də dünyada yoxdur. Harasa səfər etmək istəyən insanlar viza alınmasında əsl zülmlə qarşılaşır. Elə şərtlər qoyurlar ki, imtina etmək istəyirsən səfərdən. Az qala, mülkiyyət haqqında sənəd də istəyəcəklər. Nə bilim… bank kartı təqdim et, gəlirin nə qədərdi… dəxli olmayan məsələlər. Xeyli sayda özəl turizm şirkətləri açılıb, onlar da səfirliklərlə əlbir işləyirlər. Onlayn viza siyahısına yazırlar, 3 ay gözlədirlər, sonra gedirsən ki, nə oldu, deyirlər, bu iş çox uzana bilər, istəyirsiniz, bunu kommersiya yoluyla həll edək. Kommersiya yolu da budur ki, əlavə ödəniş etməlisən, səni “atırlar” irəli. Yaxşı, irəlidə yer vardısa, siyahıda dayanmışdım, niyə viza verilmirdi? Anketlərin doldurulmasında da eyni “üsuldan” istifadə edirlər. Anketi bilə-bilə səhv doldururlar, aparırsan səfirliyə, baxıb deyirlər ki, filan yerdə səhv var, gedin düzəliş edin. Yenə həmin “Kommersiya yoluyla həll” başlayır. Bir anketdəki səhvi 100 manata düzəldirlər. Artıq şübhələnməyə əsas verirlər ki, turizm şirkətləri səfirliklərlə əlbir işləyir, bəlkə də bizim hansısa şirkətlərlə əlbirdirlər. Əlbir olub vətəndaşı incidir, rüşvət yoluyla viza verirlər. Şəxsən mən 1 ay əvvəl 1 illik Şengen vizası almışam, əməlli də pul xərcləmişəm.
  F.İbrahimov bildirdi ki, xarici ölkələrə vizaların alınması prosedurunun sadələşməsi vacibdir. Bunun üçün də Azərbaycan Avropa Birliyi ölkələri və digər ölkələrlə müəyyən sənədləri ratifikasiya etməlidir.