Fransanın qərarı strateji addımdır  - Fərid Şəfiyev

Fransa Nigerdə hakimiyyəti ələ keçirmiş üsyançılarla hərbi əməkdaşlıqdan imtina edir və ilin sonuna qədər bu Afrika ölkəsindən ordusunu çıxarmaq niyyətindədir.

Bu  barədə Fransa Prezidenti Emmanuel Makron “TF1” və “France 2” telekanallarına müsahibəsində deyib.
“Biz hazırkı Niger hakimiyyət orqanları ilə hərbi əməkdaşlığa son verəcəyik, çünki onlar artıq terrorla mübarizə aparmaq istəmirlər. Bu, yaxın həftələrdə təşkil olunacaq və bu, əməkdaşlığın sonu deməkdir. Qarşıdakı həftələr və aylarda qoşunların nizamlı şəkildə çıxarılması zəruridir”, - Makron Niameydəki bazadan hərbçilərin çıxarılmasına toxunaraq bildirib.

O, qoşunların tam çıxarılmasının “ilin sonuna qədər” baş tutacağını açıqlayıb. Makron Parisin “terrorizmlə mübarizədə qitəyə kömək etməyə davam edəcəyini” vəd edib və bunun yalnız bunu tələb edən rəsmi, qanuni hakimiyyətlərlə əməkdaşlıqdan ibarət olacağını vurğulayıb

Hadisəyə münasibət bildirən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Sherg.az"a söyləyib ki, son illər ərzində Fransanın müstəmləkəsi olan bir sıra ölkədə çevrilişlər baş verib:

"Bunlar Burkina-Faso, Qvineya, Mali və Nigerdir. Hakimiyyətə gələn qüvvələrin hər biri isə rəsmi Parisi müstəmləkəçilik siyasəti yürütməkdə ittiham edib. Nigerdə də Fransaya qarşı ittihamlar eynidir. Rəsmi Paris Nigerdə hadisələrin fərqli cərəyan edəcəyini və çevrilişin uğurlu olmayacağını gözləyirdi. Lakin bu, baş vermədi. Ona görə də Fransa anladı ki, indiki hakimiyyət qalıcıdır və oradan ordusu ilə səfirliyini çıxarmalıdır. Çünki münasibətlər pozulub. Ümumiyyətlə bu təkcə Nigerlə bağlı deyil və bir çox ölkələrdə müşahidə olunur. Düşünürəm ki, Fransanın qərarı strateji addımdır".