Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana yola düşüb. Dövlət başçısını hava limanından rəsmi şəxslər yola salıblar. Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.
Məlumata görə, dövlət başçıları İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində iştirak edəcək və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışını edəcəklər.
Bundan başqa, Azərbaycan və Türkiyə liderləri Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərksilah prosesini və Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edəcəklər.
Dövlət başçılarının, həmçinin digər regional və ikitərəfli məsələlər barədə fikir mübadiləsi aparacaqları gözlənilir.
Səfəri "Sherg.az"a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Türkiyə Prezidentinin belə bir dövrdə Azərbaycana gəlməyinin özlüyündə böyük mesajlar var:
"Nəzərə almaq lazımdır ki, qardaş Türkiyə ən həssas zamanlarda belə dövlət rəhbəri səviyyəsində Azərbaycana dəstək verib. Xatırlayırsınızsa, Rəcəb Tayyib Ərdoğan Şuşaya ilk səfər edən xarici ölkə rəhbərlərindən biridir. Həmçinin Qarabağda həyata keçirilən uğurlu lokal antiterror tədbirlərindən sonra Azərbaycana ilk səfər edən dövlət rəhbəri məhz cənab Ərdoğandır. Bu baxımdan rəsmi Bakı və Ankaranın birliyi, həmçinin Azərbaycanın terrora qarşı apardığı mübarizənin aktual olduğu bir dönəmdə Türkiyə Prezidentinin ölkəmizə səfəri bizim üçün müstəsna əhəmiyyətə malikdir".
Analitik əlavə edib ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələlərin də Naxçıvanda müzakirə olunması gözlənilir:
"Həmçinin burada Qars-Naxçıvan dəmir yolu xətti nəzərdə tutulur ki, Zəngəzur dəhlizinin ən önəmli halqalarından biridir. Hesab edirəm ki, bu səfər prosesin qarşısını almağa və Zəngəzur dəhlizini bloklamağa çalışan İran da daxil olmaqla bir çox dövlətlərə yaxşı bir mesajdır. Həmçinin artıq türk dövlətlərinin ortaq hərbi birliyinin yaradılması da aktual məsələlərdəndir. Düşünürəm ki, Naxçıvan şəhərində Türk Dövlətləri Təşkilatının bundan sonrakı fəaliyyəti də müzakirə olunacaq. Eyni zamanda Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın irəli sürdüyü "3+3" platformasının bundan sonrakı taleyi də səfər zamanı masaya yatırılan əsas məsələlərdən bir ola bilər".