Sentyabrın 25-də Xocalı şəhərində Qarabağın erməni sakinlərinin nümayəndələri ilə növbəti görüş başlayıb.
Görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxsi Ramin Məmmədov və Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri iştirak edirlər.
Xocalıdakı təmasları "Sherg.az"a dəyərləndirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov vurğulayıb ki, aktual olan mövzu Azərbaycanın şərtlərinin qəbul olunmasıdır:
"Çünki bunun əsasında lokal antiterror tədbirləri dayandırılıb. İndi isə bəzi məsələlərin həlli fonunda təmaslar baş tutur. Ümumiyyətlə ilk növbədə Qarabağdakı qanunsuz silahlılar torpaqlarımızı tərk etməlidir. Xatırlayırsınızsa, erməni tərəfi təəssürat yaratmaq istəyirdi ki, guya bu, Ermənistanın hərbi birləşmələri deyil və hansısa qondarma qrupa tabedirlər.
Təbii ki, bu həqiqətən uzaqdır. Çünki Azərbaycan dəfələrlə onların Ermənistan büdcəsindən maliyyələşən hərbçilər olduğunu vurğulayıb. Onların tərki-silah olunması və bölgədən çıxması təmin olunmalıdır. Biz artıq separatçılar və ailələrinin torpaqlarımızı tərk etdiklərinin şahidi oluruq. Lakin sayları çoxdur. Rəsmi Bakı təxminən 10 min separatçının olduğunu hesablayırdı. Onların arasında isə Azərbaycan vətəndaşlığını qəbul edənlərin olması mümkün deyil. Çünki sözügedən separatçılar Ermənistana xidmət edən hərbçilərdir”.
T.Zülfüqarovun sözlərinə görə, separatçılar silahlılarını həm rus sülhməramlılarına, həm də Azərbaycan hərbçilərnə təhvil verirlər:
"Digər tərəfdən sosial məsələlər də həll olunur. Hətta işıq və qaz təchizatı Ermənistanın şəbəkələrindən Azərbaycanın xətlərinə qoşulur. Yəni addım-addım reinteqrasiya prosesi gedir. Görüşün Xocalıda keçirilməsinin isə bizim üçün xüsusi mənası var. Çünkü Xocalı, Xankəndi və.s torpaqlar Azərbaycanın ayrılmaz hissəsidir".