“Ermənistan kommunikasiyaların açılmasına hazırdır. Biz bunun mümkün qədər tez olmasını istəyirik”.
Bu fikirləri Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan deyib.
Onun sözlərinə görə, rəsmi İrəvan Ermənistan və Azərbaycan arasında yüksək səviyyədə əldə edilmiş razılaşmalara sadiqdir: “Ermənistan və Azərbaycan liderlərinin bu il iyulun 15-də Brüsseldə keçirilən sonuncu görüşündə bir sıra razılıq əldə olunub. Razılığa əsasən, Ermənistan və Azərbaycan müvafiq olaraq, 29,8 və 86,6 min kvadratkilometr olmaqla bir-birinin ərazi bütövlüyünü tanıyır. Eyni zamanda tərəflərin suverenliyi qorunmaqla regional kommunikasiyaların açılması nəzərdə tutulur”.
Ermənistan Baş nazirinin və digər rəsmilərin bundan əvvəl də bənzər açıqlamalar verdiyini vurğulayan siyasi şərhçi Kənan Novruzov "Sherg.az"a söyləyib ki, erməni rəsmilərin belə ritorika ilə çıxış etməyə mənəvi haqları yoxdur:
"Çünki 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında üçtərəfli bəyanat imzalanıb. Həmin sənədə görə regional kommunikasiya xətləri açılmalıdır. Belə bəyanatlar isə Ermənistanın özünü beynəlxalq ictimaiyyətə yaxşı qonşu kimi göstərmək cəhdidir. Digər tərəfdən bu həm də diqqəti Ermənistanın yeritdiyi destruktiv mövqedən yayındırmağa hesablanıb. Üçüncüsü, rəsmi İrəvan başa düşür ki, regionda reallıqları diqtə edən Bakıdır və bundan kənara çıxmaq mümkün deyil. Yəni Azərbaycanın maraqlarına uyğun olaraq regional kommunikasiyaların gec-tez açılacağını anlayır. Odur ki, əvvəlcədən belə bəyanatlar verərək məsələdə iradəsi olduğunu sübut etməyə çalışır".
Analitik əlavə edib ki, sentyabrın 19 da baş tutan lokal antiterror tədbirləri regionda yeni reallıqlar yaradıb:
"Bu yeni reallıqlar isə sülh müqaviləsi ilə bağlı əlverişli şəraitə yol açıb. Mən əvvəllər də qeyd etmişdim ki, müqavilə imzalanmamışdan öncə onu təmin edən şərait formalaşmalıdır. Bu isə Qarabağın terrorçulardan təmizlənməsi və Zəngəzur dəhlizinin (regional kommunikasiya xətlərinin) açılmasıdır. Birinci artıq həll edildi və separatçı xunta təslim oldu. İkinci məsələ isə yaxın zamanlarda reallaşacaq. Amma bu, Ermənistanın razılığının yox, rəsmi Bakının diplomatik uğurunun təzahürü kimi qiymətləndirilməlidir".