Baş nazirin çağırışı sifarişlidir  - Elçin Xalidbəyli 

"Silah istehsalı artıb və onları satmaq lazımdır. Bu məqsədlə də müxtəlif dövlətlərin rəsmi şəxslərinin dilləri ilə NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırırlar"

Estoniyanın baş naziri Kaya Kallas NATO-ya üzv olan müəyyən ölkələrin müdafiə hədəflərini kifayət qədər ciddiyə almadığını bildirib və potensial təhlükələrdən qorunmaq üçün onları müdafiə xərclərini artırmağa çağırıb.

Bu barədə estoniyalı nazir Sinqapura səfəri zamanı açıqlama verib.

Onun sözlərinə görə, bəzi NATO ölkələri gələn ilədək ümumdaxili məhsulun minimum 2 faizini müdafiə xərclərinə sərf etmək barədə qərarlarını təxirə salmağı düşünür.

Estoniyalı nazir bu minimumun ÜDM-in 2,5 faizi həddinə çatdırılmalı olduğunu bildirib.

Ukrayna savaşının dünyada bir çox şeyləri dəyişdiyini deyən siyasi şərhçi Elçin Xalidbəyli "Sherg.az"a bildirib ki, əvvəllər Avropa və Qərb dövlətləri müdafiə xərclərini azaltmağı düşünürdülər:

"Yəni onlar çalışırdılar ki, müdafiə xərclərinə ayrılan vəsaiti ölkənin sosial-iqtisadi problemlərinə sərf etsinlər. Amma Ukrayna savaşından sonra bu istiqamət dəyişdi. İndi Rusiya qorxusu altında bəzi dövlətlər və beynəlxalq siyasət mərkəzləri NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırıblar. Estoniyanın Baş nazirinin çağırışı da sifarişlidir. Yəni o müdafiə xərclərinin artırılması konteksində maraqlı olan qüvvələrin sözlərini deyən bir adamdır".

Analitikin sözlərinə görə, hazırda silah biznesi dünyada ən gəlirli sahəyə çevrilib:

"Yəni silah istehsalı artıb və onları satmaq lazımdır. Bu məqsədlə də müxtəlif dövlətlərin rəsmi şəxslərinin dilləri ilə NATO ölkələrini müdafiə xərclərini artırmağa çağırırlar ki, silah bazarı mümkün qədər genişlənsin".

Qeyd edək ki, NATO-ya üzv ölkələr 2014-cü ilin sentyabrında Uelsdə keçirilən sammitdə müdafiə xərclərini ÜDM-in ən azı 2 faizinə qədər yüksəltmək barədə qərar qəbul ediblər.