Səbail Rayon Məhkəməsində qondarma rejimin “dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına baxılıb.
Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib.
Məhkəmə tərəfindən Ruben Vardanyan barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.
Həmçinin Rusiya Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Komitəsinin üzvü Aleksandr Başkin deyib ki, Rusiya qondarma “Dağlıq Qarabağ"ın "dövlət naziri" vəzifəsində çalışmış Ruben Vardanyana heç bir hüquqi kömək etməyəcək.
Onun sözlərinə görə, Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina etdikdən sonra Moskva ona kömək edə bilməyəcək, bu onun qərarının nəticəsidir.
“Vətəndaşlıqdan imtina etmək könüllü seçim idi, müvafiq olaraq bu addımın bütün hüquqi nəticələri onun seçiminə görədir", - Başkin qeyd edib.
Vardanyanın Rusiya vətəndaşlığından imtina etdiyini deyən “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru, politoloq Elçin Mirzəbəyli "Sherg.az"a bildirib ki, bu fakt rəsmi Moskva tərəfindən qeydə alınıb:
"Rusiya Prezidentinin müvafiq sərəncamı ilə Ruben Vardanyan vətəndaşlıqdan məhrum edilib. Bu aspektdən indiki şəraitdə Moskvanın Bakı ilə olan hüquqi əsasları təmin edəcək müqavilələrdən kənar hərəkət etmək imkanı yoxdur. Yəni Kreml bu prosesdə hansısa formada iştirak edə bilməz. Çünki sözügedən şəxs onların vətəndaşı deyil. Digər tərəfdən Rusiya tərəfinin mövqeyi də ortadadır. Onlar beynəlxalq hüquqa uyğun davranış sərgiləyirlər".
E.Mirzəbəylinin sözlərinə görə, Azərbaycanın Vardanyan və digərləri ilə bağlı mövqeyi əvvəldən bəllidir:
"Azərbaycanın xalqının qanına əli bulaşan, cinayətlər törədən, Qarabağda yaşayan erməni əhalinin reinteqrasiyasına mane olan və kin-küdurət toxumu əkən bütün şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılacağına şübhə etmirəm. 4 aylıq həbs müddəti isə Azərbaycan qanunvericiliyinə əsasən həyata keçirilən prosedur qaydadır. Yəni bu 4 ay istintaqın aparılması üçün nəzərdə tutulub. Çünki qanunvericilikdə həbs qətimkan tədbirinin məhkəmə qərarı olmadan icrasına icazə verilmir. Azərbaycan isə bütün addımları hüquqi çərçivədə atır. Vardanyan onsuz da cinayətlərinə görə Azərbaycanın ədalət məhkəməsi qarşısında cavab verəcək. Ona hansı cəzanın veriləcəyi isə istintaqın nəticəsindən və məhkəmənin qərarından asılıdır".
Qeyd edək ki, Ruben Vardanyan ötən gün “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılıb.
Ermənistan vətəndaşı olan 1968-ci il təvəllüdlü R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.