Politoloq: Savaşın diplomatik həll variantı yoxdur

Putin növbəti prezidentlik dönəmində Ukraynanı işğal edib, yeni ittifaq dövləti yaratmağı planlaşdırır


  Rusiya Ukrayna ərazisinə raket zərbələri endirib. Raket zərbələri nəticəsində 4 nəfər ölüb, 34 nəfər yaralanıb. Məlumata görə, Novomoskovskda partlayış dalğası nəticəsində mikroavtobusun aşması səbəbindən 5-i uşaq olmaqla 24 nəfər xəsarət alıb. Xarkovda mülki obyektlərə ziyan dəyib. Zaporojye və Krivoy Roqda da xəsarət alanların olduğu bildirilir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş rəhbəri Devid Petreus bildirib ki, Ukrayna işğalçıların hücumuna tab gətirməsə, Rusiya ordusu dayanmayacaq. Moskvanın növbəti qurbanları Moldova və ya Baltikyanı ölkələrdən biri ola bilər. O qeyd edib ki, NATO-nun müdafiə xəttinin hazırda Ukrayna-Rusiya sərhədində olduğunu bildirib: "Rusiya qalib gəlsə, Putin Ukraynada çox böyük məqsədinə çata bilsə, bununla da dayanmayacaq. Moldova keçid nöqtəsində növbəti olacaq - bəlkə də Baltikyanı ölkələrdən biri...". 
 
 Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a bildirib ki, Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə keçir. Ekspertin sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı hücumlarını intensivləşdirməsi yeni ərazilər ələ keçirmək və prezident seçkiləri ərəfəsində Putinin reytinqinin yüksəldilməsi məqsədi daşıyır: 
"Rusiya kifayət qədər ordusunu komplektləşdirib və müdafiə xəttini quraraq Ukraynanın əks hücumlarının qarşısını alır. Cəbhədə vəziyyətin gərginləşməsi NATO-nu təcili toplantı keçirməyə məcbur edib. İki gündən sonra NATO-nun Ukrayna üzrə konfransı keçiriləcək. NATO Ukraynaya lazımi hərbi dəstəyi verməzsə, Rusiya Ukraynada yeni əraziləri işğal edəcək".
  
Analitik vurğulayıb ki, ABŞ-nin diqqəti Yaxin Şərqə yönəlib: 
"Yaxın Şərqdə siyasi-hərbi vəziyyət gərginləşir. Vaşinqton üçün bu region daha çox əhəmiyyət kəsb edir. Buna baxmayaraq, Ağ Ev Rusiyanın Ukraynada qalib gəlməsinə dözümlü yanaşmayacaq. Qərbin Ukraynada Rusiyaya məğlub olması Avropa İttifaqının ABŞ-dən ayrılmasına və NATO-nun süqutuna gətirib çıxara bilər. O baxımdan NATO-nun toplantısından sonra F16 qırıcıları və uzaqmənzilli raketlərin Ukraynaya tədarükü reallaşa bilər. Rusiya-Ukrayna müharibəsinin diplomatik həll variantı yoxdur. Rusiya rəhbərliyi danışıqlarda maraqlı deyil. Putin növbəti prezidentlik dönəmində Ukraynanı işğal edib, yeni ittifaq dövləti yaratmağı planlaşdırır. Amma il ərzində Ukraynaya yeni silahlar veriləcək və Rusiyaya qarşı hücumların ciddi müsbət nəticələri olacaq".