Azərbaycan dünyanın mərkəzi olacaq

Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi;

BƏƏ-nin təcrübəsindən Bakıda keçiriləcək

COP 29 Beynəlxalq Konfransında istifadə olunacaq

  Yanvarın 9-da Azərbaycan Prezidenti İlham Əliyevlə ölkəmizdə səfərdə olan Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan arasında geniş tərkibdə görüş keçirilib. Görüşdə Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti Şeyx Mansur bin Zayed Əl Nəhyan da iştirak ediblər. Səfər çərçivəsində Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında "Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu", eyni zamanda bir çox sahədə memorandumlar imzalanıb. Tərəflər arasında energetika sahəsində əməkdaşlığa dair dörd sənəd imzalanıb. Anlaşma Memorandumu enerji sektorunda, xüsusilə elektrik enerjisinin ötürülməsi layihələrində investisiya əməkdaşlığı üzrə çərçivənin yaradılmasını, şəbəkənin inkişafını, texniki bilik və təcrübə mübadiləsini nəzərdə tutur. Strateji Əməkdaşlıq sənədi isə quruda 2 QVt günəş, 2 QVt külək, dənizdə 6 QVt külək enerjisi layihələri ilə yanaşı, damüstü günəş enerjisi layihələri, “yaşıl hidrogen”, “yaşıl ammonyak,” sintetik metan, dayanıqlı aviasiya yanacağı istehsalı və “yaşıl enerji”nin ixracı kimi yeni istiqamətlər üzrə əməkdaşlığı, investisiya imkanlarının öyrənilməsini əhatə edir. Daha sonra danışıqlar təkbətək görüş əsnasında davam etdirilib. Son illər Azərbaycanın Avropa, Türk dünyası ölkələri ilə olduğu kimi, ərəb dövlətləri ilə də münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu mənada Birləşmiş Ərəb Əmirlikləri ilə münasibətlər xüsusi əhəmiyyətə malikdir. Azərbaycanın Ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı var. Ərəb ölkələri də mütəmadi olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə öz dəstəyini ifadə edib. Eyni zamanda Ərəb Dövlətləri Liqasının bütün üzvləri Azərbaycanın hazırda sədrlik etdiyi Qoşulmama Hərəkatının (QH) da üzvləridir. İslamofobiya meyillərinə qəti şəkildə qarşı çıxan Azərbaycan 2008-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü əsasında başladılan “Bakı Prosesi” sayəsində müsəlman ölkələri ilə Avropa dövlətlərinin nümayəndələrini bir araya gətirməklə mədəniyyətlərarası dialoqun dünya miqyasında təbliğinə güclü təkan verib. Məhz bu proses çərçivəsində Azərbaycan tərəfindən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumları təşkil edilir. Ərəb dünyasının ən zəngin ölkələrindən biri olan Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) informasiya-kommunikasiya texnologiyaları sahəsində və digər beynəlxalq platformalarda ölkəmizə qarşı birmənalı mövqeyi ilə fərqlənib. Azərbaycan ilə BƏƏ arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. Ölkələrimiz arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar, xüsusilə də, BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində inkişaf edib. Diplomatik əlaqələrin inkişafı, iki ölkə arasında münasibətlərin dostluq zəminində yüksək trayektoriya qazanması 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonraya təsadüf edir. Qarşılıqlı dostluq və hörmət prinsiplərinə əsaslanan Azərbaycan-BƏƏ əlaqələri hər zaman yüksək səviyyəsi, dialoq mühitində inkişaf tempi ilə diqqət çəkib. Münasibətlərimizin çoxşaxəli və dinamik olması, açıq siyasi dialoq ölkələrimiz arasında enerji və iqtisadi sahələrdə də əlaqələrin inkişafına müsbət təsir göstərib. Xatırlatmaq yerinə düşər ki, BƏƏ-nin “Dar əl-Bir” Xeyriyyə Cəmiyyəti, Zayed bin Sultan Əl Nəhyan Xeyriyyə Təşkilatı kimi humanitar qurumlar tərəfindən 30 ilə yaxın müddətdə məcburi köçkün soydaşlarımıza müntəzəm olaraq humanitar yardımlar göstərilib. 2006-cı il noyabrın 20-21-də Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə rəsmi səfəri iki ölkə arasında əlaqələrin inkişafına təkan verib. Səfər çərçivəsində iki ölkə arasında iqtisadi, ticari və texniki əməkdaşlıq, səhiyyə və tibb elmi, hərbi əməkdaşlıq, həmçinin ali təhsil sahələrində əməkdaşlıq haqqında sazişlər bağlanıb. Dövlət başçısının BƏƏ-yə növbəti səfəri bundan 10 il sonra - 2016-cı il fevral ayında reallaşıb. Son illər ölkələrimiz arasında iqtisadiyyat, o cümlədən energetika sahəsində əlaqələr dinamik inkişafdadır. 2017-ci ildən bəri Dubay şəhərində ölkəmizin ticarət nümayəndəliyi, 2019-cu ildən isə yerli məhsullarımızın BƏƏ və Körfəz ölkələrində satışını təşkil etmək və “Made in Azerbaijan” brendinin BƏƏ bazarında daha çox tanıtmaq üçün “Azərbaycan Ticarət Evi” fəaliyyət göstərir. Hazırda Azərbaycanda BƏƏ investisiyalı 350-dən çox kommersiya qurumu qeydiyyatdadır. Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun xüsusi payının olması şübhəsizdir. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan bu sahədə imkanlarını daha da şaxələndirir və elektrik enerjisi, əsasən də “yaşıl enerji”nin önəmli təchizatçısına çevrilməyi planlaşdırır. Bununla bağlı mövcud potensialın reallaşdırılması, investisiya qoyuluşu “yaşıl enerji” sektorunun sürətli inkişafına yol açır. Xəzərin Azərbaycan sektorunda təsdiq olunmuş külək enerjisi potensialı 157 qiqavata bərabərdir. Azərbaycan 2030-cu ilədək olan dövrü əhatə edən strateji mərhələdə ölkənin elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerji mənbələrinin payının 30-40 faizə çatdırılması hədəf kimi qarşıya qoyulub.
  Millət vəkili Azər Badamov "Sherg.az"a deyib ki, Birləşmiş Ərəb Əmirliklərinin prezidentinin Azərbaycana ilk rəsmi səfəri iki ölkə arasındakı dostluq, qardaşlıq münasibətlərinin inkişafına böyük töhfə verəcək. Deputat vurğulayıb ki, səfər çərçivəsində ölkələrarası imzalanmış Strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu əlaqələrimizn inkişafında yeni bir mərhələ açacaq:

"Birləşmiş Ərəb Əmirlikləri BMT TŞ-də Azərbaycana qarşı qətnamələrin qəbul olunmasına yox deyən qardaş ölkədir. Dostluğumuz beynəlxalq tribunalarda sınaqdan çıxıb. BƏƏ-nin investisiyaları ilə ölkəmizdə bərpaolunan enerji istehsalı sahəsinin inkişafında yeni dövr açılıb. Belə ki, keçən il 230 meqavatt gücündə Qaradağ günəş elektrik stansiyası BƏƏ-nin "Masdar" şirkətinin investisyası hesabına tikilib. O cümlədən 10 qiqavat gücündə bərpaolunan enerji stansiyalarının tikintisi ilə bağlı planlar razılaşdırılıb. Bu gün imzalanmış Strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu və digər sənədlər ölkələrimiz arası ticarət, iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, mədəniyyət və təhsil sahələrində də əlaqələrimizin və əməkdaşlığımızın inkişafı istiqamətində yeni səhifə açacaq. BƏƏ COP 28 Beynəlxalq Konfransına ev sahibliyi edib. Bu baxımdan BƏƏ-nin bu sahədəki təcrübəsindən Bakıda keçiriləcək COP 29 Beynəlxalq Konfransında istifadə olunacaq. Hesab edirəm ki, bu beynəlxalq konfransı BƏƏ-nin təcrübəsini öyrənərək daha yüksək səviyyədə təşkil edə biləcəyik. Azərbaycan COP 29 çərçivəsində dünyanın mərkəzi olacaq. Beləliklə, Azərbaycanla BƏƏ arasında əməkdaşlığın geniləndirilməsi üçün potensial çox genişdir. Dövlət başçılarının şəxsi dostluq münasibətləri də dövlətlər və xalqlararası əməkdaşlığı möhkəmləndirəcək".