Prezident bir daha təsdiqlədi: Birinci mərhələ, anklav olmayan 4 kənd qaytarılır...

İkinci mərhələdə isə anklav kəndləri müzakirə olunur


  "O ki qaldı işğal altında olan kəndlərə, bizim təklifimiz də hesab edirəm ki, çox məntiqlidir. Orada (Qazaxın kəndləri nəzərdə tutulur – red.) bildiyiniz kimi, anklav və qeyri-anklav kəndlər var. O kəndlər ki, anklav deyil, 4 kənd Azərbaycana qeyd-şərtsiz qaytarılmalıdır. O kəndlər ki, anklavdır, Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir, bununla bağlı ayrıca ekspert qrupu yaradılmalıdır və bu, müzakirə edilməlidir". Bu sözləri Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, bütün anklavlar qaytarılmalıdır, bu anklavlara gedən yollara şərait yaradılmalıdır və bu anklavlara oranın sakinləri yerləşdirilməlidir: "Yəni bizim mövqeyimiz bundan ibarətdir. Ermənistanın mövqeyi nədən ibarətdir, biz bunu başa düşə bilmirik".
 
 Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, rəsmi Bakı işğal altında qalan 8 kəndin qaytarılması ilə bağlı “mərhələli həll” variantından çıxış edir. Onun sözlərinə görə, Prezident İlham Əliyev də bunu təsdiqlədi: 
"Birinci mərhələ, anklav olmayan 4 kənd qaytarılır, ikinci mərhələdə isə anklav kəndləri müzakirə olunur. Çünki anklavların qaytarılması üçün bu kəndlərə dəhlizlər açılmalıdır. Ancaq iki ölkə və xalqlar arasında etimad mühiti formalaşmadan buna nail olmaq çətindir. Digər tərəfdən, bu dəhlizlərin ən azı ilk dövründə təhlükəsizliyin necə təmin edilməsi üzərində razılıq olmalıdır. Ermənistan tərəfi dəhliz məsələsinin çətinliyinə istinad edərək, anklavların qaytarılması məsələsini arxa plana keçirmək istəyir. Nikol Paşinyan “barter”dən - SSRİ dövründə Ermənistana verilmiş və anklav kimi qəbul edilən Başkəndlə Kərki və Qazaxın 3 anklav kəndinin dəyişdirilməsi variantına işarə edib. Hərçənd, dövlət başçısı İlham Əliyev də anklavların qaytarılmasının vacibliyinə toxundu və bəyan etdi ki, bununla bağlı ekspert qrupu yaradılmalı, həll yolları tapılmalıdır. Burada əsas diqqətçəkən məqamlardan biri Prezidentin “Ermənistanın bir anklav kəndi Azərbaycan ərazisindədir” deməsidir. Söhbət Başkənddən gedir və bu, dövlət başçısı səviyyəsində ilk dəfə dilə gətirilir".

  A.Nərimanlının sözlərinə görə, ölkə rəhbərinin "erməni anklavı" ifadəsinin iki istiqamətdə manevr xarakterli olması istisna edilməməlidir:
 "Cari dövrdə anklav olmayan 4 kəndin qaytarılmasına nail olmaq və sərhədin delimitasiyasının 1920-ci illərin xəritələrinə əsasən aparılmasını gündəmə gətirməklə həmin dövrdə Ermənistana “bağışlanmış” Başkəndin “erməni anklavı” olması iddiasını aradan qaldırmaq əsas məsələdir. Dövlət başçısının XX əsrin əvvəllərinə aid xəritələrin əsas götürülməsi haqda dedikləri də bu kontekstdə diqqət çəkir. Bu ayın sonunda Azərbaycan və Ermənistanın dövlət sərhədinin delimitasiyası üzrə komissiyalarının görüşü nəzərdə tutulur. Ölkə başçısı bəyan etdi ki, görüşdə Qazax-Tovuz bölgəsinin delimitasiyası müzakirə olunacaq. Yəni anklav olmayan 4 kəndin qaytarılması məsələsi...".