Vaşinqtonun imici: ABŞ ordusu İrqdan çıxır?

ABŞ və İraq tezliklə Amerika qoşunlarının bu ölkədən çıxarılması ilə bağlı danışıqlara başlayacaq.
Bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
​“Amerika və İraq yüksək hərbi komissiya çərçivəsində dialoqa başlamaq üçün razılaşmaya yaxındır. Bu görüşdə gələcək addımların müəyyənləşdirilməsi gözlənilir. Vaşinqton qoşunların çıxarılması cədvəlində İraqdakı mövcud vəziyyət, hökumət və təhlükəsizlik qüvvələrinin sabitlik dərəcəsinin nəzərə alınmasını istəyir. Öz növbəsində İraq rəhbərliyi hesab edir ki, qoşunların çıxarılması tarixləri heç bir vəziyyətdən asılı olmamalıdır”, - mənbə bildirib.

ABŞ ordusunun İraqdan çıxarılması barədə "Sherg.az"ın suallarını cavablandıran hərbi-siyasi ekspert Həşim Səhrablı bu addımın bölgədə yaşanan hadisələrlə bağlı olduğunu söyləyib:

"Belə ki, İsrail Fələstin münaqişəsi yenidən alovlanandan sonra Yaxın Şərqdə hər an daha genişmiqyaslı münaqişələrin yaranması ehtimalı çoxalıb. Bu qarşıdurmalar yalnız ölkələr arasında deyil, regiondakı silahlı terror qruplaşmaları arasında da ola bilər. Məsələn Hizbullah İsrailə savaş elan edə və yaxud  İranın Suriyada, İraqda dəstəklədiyi qüvvələrlə onların qarşısında dayanan birləşmələr arasında müharibələr ola bilər. Eyni zamanda Suriya, Liviya, İran, İraq  dövlət səviyyəsində münaqişələrə qatıla bilərlər. Hər keçən gün bu ehtimallar  daha da artır. ABŞ məsələlərə bu prizmadan yanaşır".

H.Səhrablı İraqın da ABŞ-nin hərbi qüvvələrinin ərazisindən çıxmasını istədiyini qeyd edib:
"ABŞ-nin sözügedən istək fonunda ərazidə güc istifadə edərək qalması onu təcavüzkar vəziyyətə sala bilər. Amerika və Qərb müttəfiqləri dünyaya demokratiya, azadlıq və s. kimi dəyərlərlə hökm etmək mövqeyini tuturlar. Yəni bu dəyərləri xarici siyasətlərinin bir silahı kimi istifadə edirlər. Ona görədə rəsmi Vaşiqton özünün imicinin zədələnməsini istəmir və nüfuzunu qorumaq üçün bölgədən çıxmağı qəbul etmiş ola bilər".