Ermənistanın cinayətləri: 3800-dən çox vətəndaşımızın talehindən xəbər yoxdur

Birinci Qarabağ müharibəsi zamanı itkin düşmüş vətəndaşlarımızın müəyyən edilməsi istiqamətində Hərbi Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və aidiyyəti digər qurumlarla birlikdə zəruri tədbirlər görülür.
 Bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluğun 2023-cü ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş geniş Kollegiya iclasında deyib.
O bildirib ki, lakin mina məsələsində olduğu kimi, bu məsələdə də Ermənistan tərəfi əməkdaşlıq etməkdən yayınır və müvafiq məlumatları təqdim etməkdən imtina edir.

Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov "Sherg.az"a açıqlmasında söyləyib ki, Azərbaycan 30 illik erməni işğalından sonra hələ də onun fəsadlarını çəkməkdə davam edir:
"Ermənistan Azərbaycan xalqına qarşı bir sıra müharibə cinayətləri törədib ki, bunlar geniş, təsnifatlı şəkildə araşdırılır. Xüsusən Azərbaycan Respublikasının Hərbi  Prakrorluğu tərəfindən müharibə cinayətləri vahid cinayət işi ilə birləşdirilib. Müharibə cinayətləri əsir, itkin düşmüş vətəndaşlarımızla bağlı, onlara işgənc verilməsi, Azərbaycanın tarixi və mədəni abidələrinin dağıdılması, terror kimi istiqamətləri əhatə edir. Bunlardan ən ağrılısı, hələ də acısını çəkdiyimiz mina məsələsidir. Belə ki, rus sülhməramlılarının nəzarəti altında olan yerlərə belə çoxsaylı mina basdırılıb. Bu minalar Ermənistan istehsalıdır və bu günə qədər yüzlərlə partlama hadisələri qeydə alınıb. Nəticədə xeyli sayda Azərbaycan hərbçisi, mülkü vətəndaşı şəhid olub və ya yaralanıblar". 

Ə.Şahidov Azərbaycanın qarşısında duran ən vacib problemlərdən birinin də, minalarla bağlı olduğunu vurğulayıb:
"Təssüflər olsun ki, razılıq əldə olunmasına baxmayaraq Ermənistan tərəfi mina xəritələrinin verilməsi məsələsində səmimi deyil və əməkdaşlıqdan boyun qaçırır. Təqdim etdikləri mina xəritəsi isə böyük ölçüdə yalnış olur. Digər narahatçılıq yaradan məsələ əsir və itkin düşmüş şəxslərlə bağlıdır. Bu istiqamətdə də aidiyyatı qrumlar son 30 ildə xeyli işlər görüb. Amma 3800- dən çox vətəndaşımız barədə hələ də heç bir məlumat yoxdur. Onların hansı ərazilərdə basdırıldığı ilə bağlı Ermənistan tərəfi dəqiq məlumat vermir. Bunlar hamısı Azərbaycana qarşı törədilmiş müharibə cinayətləridir və Ermənistan dövləti bunun məsuliyyətini daşıyır. Təssüflər olsun ki, beynəlxalq təşkilatlarda bu məsələdə susurlar. Ermənistanın müharibə cinayətlərinə qarşı dünyada ikili standartlar var. Azərbaycana münasibətdə bu qərəzlilik açıq şəkildə özünü birüzə verir. İstənilən halda Azərbaycan bu sözügedən proseslərin sonuna qədər gedəcək və Ermənistan törətdiyi əməllərə görə cavab verməli olacaq".