Vardanyanla bağlı qərar: İstintaq üçün 7-8 ay lazımdır -ŞƏRH

Dövlət Təhlükəsizliyi Xidmətində istintaqı davam etdirilən separatçı Ruben Vardanyan barəsində həbs qətimkan tədbirinin müddətinin uzadılmasından verilən apellyasiya şikayətinə baxılıb.
R.Vardanyanın müdafiəçisi tərəfindən verilən şikayətlə bağlı Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və R.Vardanyanın barəsində həbs müddətinin uzadılması barədə birinci instansiya məhkəməsinin qərarı qüvvəsində saxlanılıb.
Hazırda digər separatçılarla birlikdə Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq təcridxanasında saxlanılan Ruben Vardanyana Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak etmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham irəli sürülüb.
Qeyd edək ki, BBC bu yaxınlarda qalmaqallı milyarder Ruben Vardanyanı ifşa edən geniş araşdırma materialı ilə çıxış etmişdi.

Ruben Vardanyanla bağlı verilən qərar barəsində "Sherg.az"a danışan Domokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə bildirib ki, BBC Vardanyanın cinayətkar əlaqələrini ifşa etməzdən öncədə güman olunurdu ki, onun maddi imkanının yüksək olduğu kimi belə əlaqələri də mövcuddur:
"O, özünün cinayətkar əməllərini və çirkli pullarının qorunması istiqamətində müəyyən şəxslərlə əlaqə yaradaraq öz təhlükəsizliyini təmin etməyə çalışırdı. BBC sayəsində bütün dünya bildiki bu yaramaz hansı işlərlə məşğuldu". 

Ç.Qənizadə Dövlət Təhlükəsizlik Xidmətinin Baş İstintaq İdarəsi tərəfindən aparılan istintaqla bağlı həbs qətimkan tədbirinin uzadılması ilə əlaqədar verilmiş təqdimatın məhkəmə tərəfindən təmin edildiyini qeyd edib:
"Yenidən 4 ay müddətində istintaqın uzadılması qərarına gəlinib. Digər tərəfdən Ruben Vardanyan Azərbaycan qanunvericiliyi ilə hüquqları qorunan şəxslərdən biridir. Onun apelasiyya şikayət vermək haqqı var və  vəkilləri vasitəsilə sözügedən hüququndan istifadə edib. Lakin apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını doğru hesab edərək, 4 aylıq istintaq müddətinin uzadılması ilə bağlı qərarı qüvvədə saxlayıb". 

Hüquq müdafiəçisi Ruben Vardanyanın cinayət əməllərinin çoxluğu səbəbiylə istintaqı aparmaq üçün 7-8 ayın bəs etmədiyini söyləyib:
"Bu səbəblə də onunla bağlı verilən qərarlar hüquqi çərçivədədir. Hazırda Azərbaycanda Ruben Vardanyan kimi separatçı rejimin bir çox lideri həbsdədir. Onların hər biri haqqında müddətin uzadılması ilə bağlı addımlar atılacaqdır. Çünki hər biri xeyli sayda cinayətin işlənməsində yaxından iştirak ediblər. Onların törətdikləri hadisələrin tam araşdırıla bilməsi üçün istintaqa xeyli zaman lazımdır. Atılan addımlarsa, həm Azərbaycan qanunlarına, həm də beynəlxalq hüquq normalarına uyğun şəkildə aparılır".