Siyasətlə səhnəni səhv salan Zelenski: Artıq gecdir!

Avropa ABŞ-sız Ukraynaya dəstəyin öhdəsindən gələ bilməyəcək.
Bunu Ukrayna Prezidenti Vladimir Zelenski Almaniyanın ARD telekanalına müsahibəsində deyib.
“Avropa təkbaşına nə silah, nə də maddi cəhətdən Ukraynanın əvvəllər aldığı dəstəyin öhdəsindən gələ bilər. ABŞ yardımının gecikdirilməsi artıq bəzi AB liderlərinə də təsir edir. Əgər son nəticədə yardım göstərilməsə və Rusiya Ukraynada irəliləsə, Avropa və NATO-da parçalanma baş verə bilər. Çox çətin bir vəziyyətdəyik. Ukraynanın dağılmasının, millətimizin məhv olmasının, qlobal miqrasiyanın və Üçüncü Dünya müharibəsinin qarşısını almaq üçün həm geosiyasi, həm də maliyyə baxımından Rusiyanı dayandırmaq hələ də mümkündür”, - Zelenski bildirib.

Zelenskinin çağırışlarını "Sherg.az" üçün şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Ukrayna üçün vəziyyət hər keçən gün daha da pisləşir:

"Rəsmi Kiyev artıq parçlanma təhlükəsi ilə üz-üzədir. Zelenski belə gedişatı öncədən təxmin etməli idi. Amma o siyasətə səhnədən gəldiyi üçün bunu hesablaya bilmədi. Ukrayna xalqı səhnədən prezident seçəndə bunların baş vermə ehtimalını düşünməli idi. Amma artıq bunlar keçmişdə qalıb. Hazırda Ukraynaya edilən yardımlar azalmaqda davam edir. Müharibə uzandıqca məsələ Avropanın diqqətindən kənarda qalır və bir çox Avropa ölkəsi üçün vaxt itkisi olaraq görülür".