Tehran-Vaşinqton gərginliyi: Yaxın Şərqdə vəziyyət məcradan çıxır

İrana bağlı silahlı qruplaşmanın ABŞ-ın İordaniyadakı hərbi bazasına hücumundan sonra Vaşinqtonun cavabından ehtiyat edən Tehran geri çəkilir.
 Bu barədə “Əl-Ərəbiyyə” Suriya İnsan Haqları Monitorinq Qrupuna istinadən məlumat yayıb.
Bildirilib ki, SEPAH Suriyadakı silahlı qruplaşmalardan ABŞ hədəflərinə hücumları dayandırmalarını istəyib.
Bununla yanaşı, İrana bağlı Kataib Hizbullah da bəyanat yayaraq, İraq və Suriyada ABŞ hədəflərinə hücumları dayandırdıqlarını açıqlayıb.
Bu qərarın SEPAH-ın Qüds qüvvələrinin komandiri İsmayıl Qaaninin tələbi ilə qəbul edildiyi bildirilir.

İran və ABŞ arasındakı gərginlik barədə "Sherg.az"a danışan politoloq Tural İsmayılov bildirdi ki, İran son dövrlər Yaxın Şərqdə Amerika mövqelərini təhdid edir:
 “Hazırda İranın dünya üzrə münasibətlərinin normal olduğu ölkə sayı azdır. Bu səbəbdən də Tehrana qarşı olan qüvvələr İranın daxilində gərginliklərin artmasında maraqlıdırlar. Həmin qüvvələrin İran daxilində bir sıra hadisələr törədərək, gərginlik yarada biləcəyi də istisna deyil”. 

Politoloq son dövrlər Yaxın Şərqdə vəziyyətin məcradan çıxdığını vurğulayıb:
 “İsrailin Livanda əməliyyat keçirməsi, beynəlxalq terror çağırışları, özəlliklə "Hizbullah"ın İsraili yox etməklə bağlı mesajları vəziyyətin kifayət qədər gərginləşdiyini göstərir". 

Ekspert istisna etmir ki, regionda aqressivlik və gərginlik daha da artacaq, radikallaşma güclənəcək:
 “Burada üçüncü qüvvələrin də birmənalı şəkildə maraqlarının olduğunu düşünürəm. Rəsmi Tehran bu günə qədər istər İsrailin, istərsə də, Qərbin etdiyi xəbərdarlıqlara məhəl qoymur. Aydın məsələdir ki, İran Şimali Koreya kimi nüvə silahını əldə edib geosiyasi müstəvidə əlavə dividentlər qazanmaq niyyətindədir. Bu həm də Tehrana daxili siyasətdə üzləşdiyi problemləri yoluna qoyub, ictimaiyyət nəzdində güclü dövlət imicini bərpa etmək baxımından da vacibdir. İranın edilən xəbərdarlıqlara baxmayaraq, uranı zəngiləşdirmək planından geri addım atmaması Qərbin və İsrailin daha ciddi işlər görməsini zəruri edir. Hesab edirəm ki, rəsmi Təl-Əviv yaxın müddət ərzində İranın strateji obyektlərinə, həmçinin uranı zəngiləşdirdiyi məkanlara aviazərbələr endirəcək”. 

T.İsmayılov ehtimal edilən İran-İsrail gərginliyi fonunda Azərbaycanın atacağı addımlar haqda da danışıb: 
“İran-İsrail gərginliyi fonunda Tehranın gücdən düşməsi və zəifləməsinin Güney Azərbaycan üçün müsbət təsirləri ola bilər. İllərdir haqları tapdalanan və istibdadın təzyiqlərinə məruz qalan soydaşlarımız öz müqəddəratını təyin edə bilər”. 

Ekspertin fikrincə, bizə yaxın bir coğrafiyada belə bir hadisənin baş verməsi Azərbaycana təsirsiz ötüşməyəcək:
 “İranın zəifləməsi maraqlarımıza uyğundur. O ki, qaldı rəsmi Bakının atacağı addımlara, hesab edirəm ki, Azərbaycan heç bir ölkəyə, hətta İsrailə belə ərazisindən istifadə edib başqa bir ölkəyə zərbə vurması üçün icazə verməz”.