Yarış qızışır: Türkiyədə seçkilər CHP üçün daha çətin olacaq

Ekspertin sözlərinə görə, müxalifətin böyük şəhərləri növbəti dəfə əlində saxlaması asan görünmür


  Türkiyədə 31 martda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı son çalışmalar həyata keçirilir. Mərkəzi Seçki Komissiyasında (YSK) seçkilərdə iştirak edəcək siyasi partiyaların seçki bülletenindəki yerlərinin müəyyən edilməsi üçün püşkatma olub. YSK səddi Əhməd Yener partiyaların bülletendəki sırasını paylaşıb. Ümumən, son zamanlar Türkiyədəki müxalifət partiyalarının - CHP, İYİ Partiya və digər siyasi partiyaların daxilində böhran yaşanır. Eyni zamanda müxalif partiyalar arasındakı münasibətlərdə soyuqluq özünü büruzə verir, hətta bəzi partiyalar arasında “soyuq savaş” gedir. Bir çox analitiklər növbəti seçkilərdə hakim Ədalət və İnkişaf  Partiyasının (AKP) böyük şəhərlərdə qələbə qazanacağını iddia edirlər. Ankara və İzmir istisna olmaqla müxalifətin böyük şəhərlərin əksəriyyətini bələdiyyə seçkilərində itirəcəyini deyirlər. Hətta vurğulanır ki, AKP əsas şəhərləri götürərsə, müxalifət partiyalarında böhran daha da dərinləşəcək. Artıq İYİ Partiya və Məmləkət Partiyası öz namizədləri ilə seçkilərə gedəcəklərini bəyan ediblər. 
 
 Politoloq Əhəd Məmmədli "Sherg.az"a deyib ki, bələdiyyə seçkiləri müxalifət, xüsusən Cümhuriyyət Xalq Partiyası (CHP) üçün daha çətin olacaq. Ekspertin sözlərinə görə, müxalifətin böyük şəhərləri növbəti dəfə əlində saxlaması asan görünmür: 

"Çünki müxalifət bələdiyyə seçkilərinə birləşmiş halda, ortaq namizədlərlə getmirlər. Hər partiya öz namizədlərini təklif edir. Ötən seçkilərdə müxalifət vahid namizədlə marafona qatıldığı üçün Əkrəm İmamoğlu qələbə qazana bildi. İYİ və Səadət partiyaları CHP-nin namizədini dəstəklədilər ki, bu da səsvermənin nəticəsində mühüm rol oynadı. İndi durum fərqlidir. Bu da müxalifətin işini mürəkkəbləşdirir. Hakim AKP-nin də İstanbul üçün namizədi - millət vəkili Murat Kurum uğurludur. Murat Kurum rəqibi Əkrəm İmamoğlu kimi populist, enerjili, siyasi mənada "həyasız"dır. Həm də gənc və ambisiyalıdır. Natiqlik xüsusiyyətləri ilə yanaşı, polemika aparmasını da yaxşı bacarır. Belə deyim var, deyirlər, "dinsizin öhdəsindən imansız gələr". O baxımdan İstanbul üçün Murat Kurumu uğurlu namizəd hesab edirəm. Türkiyədə rəqabətli seçki marafonu üçün bu amillər önəmli nüansdır. AKP-nin Ankaranı geri almaq şansı da var".