Analitik: Avropa Şurası strateji səhvə yol verir 

"Rusiya Ermənistandadır və bu ölkədən çıxmaq kimi planı yoxdur”

 

  "AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməməsi regionda geosiyasi proseslərdən irəli gəlir". 
Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 
Ekspert bildirib ki, Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, müstəqil siyasət aparması AŞPA-da belə bir qərar verilməsinə gətirib çıxarıb: 
"Prosesin arxasında Fransa dayanır. Xüsusilə, Azərbaycanla münasibətlərin daha da inkişaf etdirilməsi istiqamətində AŞPA rəhbərliyi intensiv danışıqlar apara bilərdi. Fransanın təhriki ilə Azərbaycana qarşı bu siyasətə gedilməyə bilərdi. Hazırda Ermənistan hakimiyyətində bu, "diplomatik qələbə"  kimi qəbul edilir. Amma Ermənistan rəhbərliyi bununla Azərbaycanla sülh müqaviləsi istiqamətində aparılan danışıqlara zərbə vurur. İlk növbədə Ermənistan sülh müqaviləsində maraqlı olsaydı, Azərbaycana qarşı beynəlxalq təşkilatlarda anti-Azərbaycan siyasətinə son qoyardı. Ermənistanın məqsədi Azərbaycana qarşı beynəlxalq təzyiqləri maksimum formalaşdırmaq və Ermənistanın şərtləri ilə sülh müqaviləsi bağlamağa nail olmaqdır". 

  Ekspert vurğulayıb ki, əgər Avropa Şurası rəhbərliyi arxa fonda Rusiyaya qarşı siyasət apararaq Azərbaycanı sıxışdırmağa çalışırsa, strateji səhvə yol verir:
 "Rusiya Ermənistandadır və bu ölkədən çıxmaq kimi planı yoxdur. Hətta Ermənistana yeni silah partiyası göndərir. Zəngəzur dəhlizi ilə bağlı məsələyə gəldikdə isə Ermənistan ilk növbədə ölkəsindən Rusiyanı çıxartsın, sonra "Azərbaycan Rusiyanın nəzarəti ilə Zəngəzur dəhlizini açır" kimi bəyanatlar səsləndirsin. Paşinyan Zəngəzurda Qərbin düşməni kimi qəbul edilən İran üçün konsulluq açıb. Rusiya da konsulluq açmağa hazırlaşır. Ermənistan özü Zəngəzura İran və Rusiyanı gətirib. Amma absurd şəkildə Azərbaycanı ittiham edir. Azərbaycana qarşı AŞPA-nın ədalətsiz mövqeyi regionda yeni problemlərə yol aça bilər. Çünki Ermənistan bundan istifadə edib, təxribatlara əl atar".