Burun-buruna gələn düşmənlər: İran ABŞ-dən niyə çəkinir?

İranın Ali Rəhbəri Seyid Əli Xamenei ABŞ-la birbaşa toqquşmadan qaçmaq üçün aydın göstərişlər verib.
Bu barədə "New York Times" yazıb.
Nəşrin xəbərinə görə, İranın Ali Milli Təhlükəsizlik Şurası bu həftə fövqəladə iclas keçirərək.
Şura İraqda İrana yaxın qüvvələrin İordaniyada ABŞ-nin 3 əsgərinin ölümünə və 40-dan çox əsgərinin yaralanmasına səbəb olan hücumdan sonra ABŞ-nin cavab addımı atacağından dərin narahatlığını ifadə edib.
Şuranın müzakirələrindən xəbərdar olan və ictimaiyyət qarşısında çıxış etmək səlahiyyəti olmayan üç iranlı rəsmi bildirib ki, Şura çərçivəsində prezident, xarici işlər naziri, silahlı qüvvələrin rəhbərləri və ölkənin Ali Rəhbərinin iki köməkçisi, ABŞ-ın İrana hücumu və ya regiondakı proksi qüvvələrə zərbələrlə bağlı bir sıra ssenariləri və bunların olacağı təqdirdə, necə cavab veriləcəyi müzakirə olunub.
"Müzakirələrdən xəbərdar olan mənbə bildirib ki, Əli Xamenei açıq göstərişlər verib: Birləşmiş Ştatlarla birbaşa müharibədən çəkinin və İranı amerikalıları öldürən qüvvələrin (proksilərin - red.) hərəkətlərindən uzaqlaşdırın, lakin Birləşmiş Ştatlar zərbə vurarsa, cavab verməyə hazırlaşın”, - nəşr yazıb.

ABŞ və İran arasındakı gərginlik barədə "Sherg.az"a danışan politoloq Tural İrfan bildirib ki, İran ABŞ-a qarşı açıq savaşdan çəkinir və çalışır ki, Yaxın Şərqdə özünə bağlı qüvvələrin əli ilə birinciyə zərbə endirməyə çalışır:
"İran sonunu və doğuracağı nəticəni düşünmədən atdığı addımlar və etdiyi hücumlarla özünü çıxılmaz duruma salır. Bu da növbəti belə haldır. Əvvəl Pakistan ilə, sonra da ABŞ ilə silahlı mübarizə İran üçün ağır nəticələnə doğura bilər. İran heç bir zaman ABŞ-yə birbaşa zərbə endirə bilməz. Bunun bir çox səbəbləri var. Ümumiyyətlə Amerika real hücuma hazırlaşan kimi İran dərhal geri çəkilir və araya vasitəçilər salaraq müəyyən qədər hücum təhlükəsini neytrallaşdıra bilir".
Politoloq İranın müharibədən çəkindiyini vurğulayıb:
"Ancaq ola bilsin ABŞ İranın Yaxın Şərqdəki mərkəzlərinə, yəni hərbi nöqtələrinə zərbələr endirsin. Çünki İraq, Suriya, Livan və Yəməndə Tehrana bağlı güclərin o, silahlı dəstələrin var olduğu və real təhdid yaratdığı bir zamanda İrana hücum ağılsızlıq olardı. Odur ki, ABŞ -nin də İrana birbaşa hücum edəcəyi ağılabatan görünmür. İranın hazırkı hakimiyyətinin apardığı siyasət Qərbə müəyyən mənada sərf edir. Çünki Yaxın Şərqdə vəziyyəti gərgin saxlamaqda İranın rolu böyükdür və onun bazalarının orada mövcudluğu da qarşılıqlı maraqlara hesablanıb".