Paşinyan anlayır ki, Rusiyanı qısa zamanda əvəzləmək qeyri-mümkündür -ŞƏRH

Yüz ölç, bir biç…

Qərbin İrəvanla siyasi, hərbi və iqtisadi əməkdaşlığını genişləndirməsi prosesi uzun müddət çəkə bilər


  Bir neçə səbəbdən Rusiya müdafiə və hərbi-texniki sahədə Ermənistanın əsas tərəfdaşı ola bilməz. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Hökumət başçısı bildirib ki, hərbi-texniki və müdafiə əlaqələri saxlayacaqları dövləti müəyyən etməyin zamanıdır: "Əvvəllər bu problem sadə idi. Çünki belə bir məsələ yox idi və konsepsiya yaratmaqda heç bir çətinlik də yox idi. Müdafiə sektorunda münasibətlərimizin 95-97 faizi Rusiyanın payına düşürdü. İndi bu, həm obyektiv, həm də subyektiv səbəblərə görə ola bilməz". 
  Xatırladaq ki, Ermənistanın maliyyə naziri Vahe Ovannisyan bir neçə gün öncə Rusiyadan silah alınması ilə bağlı əsas məsələlərin həll olunduğunu demişdi. Nazir qeyd etmişdi ki, bu kimi məsələlərlə bağlı müzakirələr ictimaiyyətə açıqlanmır: "Müdafiə Nazirliyindəki tərəfdaşlarımdan sualların qaldığına dair heç bir siqnal almamışam". Ermənistanın strateji tərəfdaşı Rusiya ilə münasibətləri İkinci Qarabağ müharibəsindən sonra pisləşib. Məhz ondan sonra ölkə rəhbərliyi geosiyasi oriyentasiyasını Qərb istiqamətində dəyişmək niyyətinə düşüb. Xüsusən təhlükəsizlik vəziyyəti ilə bağlı ciddi problemlə üzləşdiyini bildirən İrəvan hökuməti hesab edir ki, “əsas tərəfdaşı” olan Rusiya üzərinə götürdüyü sülhməramlı funksiyaları yerinə yetirmir. Ona görə də daha Moskvaya “bel bağlamaq olmaz. Keçən ilin sonunda "Wall Street Journal" nəşrinə müsahibəsində Baş nazir Nikol Paşinyan Rusiya qoşunlarının Ermənistanda olmasında “heç bir prioritet” görmədiyini bildirmişdi. Lakin Rusiya qoşunlarını çıxarmaq asan məsələ deyil, çünki Ermənistanın əksər sənaye sahələri, infrastrukturu və hətta sərhəd nəzarəti Rusiyanın əlindədir. "Fitch" Agentliyi məlumat yayıb ki, Ermənistn iqtisadiyyatı yaxın gələcəkdə də Rusiyadan ağır şəkildə asılı qalacaq. Həmçinin rus sərhədçilər Ermənistanın Türkiyə və İranla dövlət sərhədini qoruyur. 

  Politoloq Əli Oruclu "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan 44 günlük müharibədə çox cəhd etdi ki, Rusiyanı Azərbaycanla savaşa çəksin. Ekspertin sözlərinə görə, İrəvan hökuməti səy göstərirdi ki, ən azından Moskvanın Bakıya təzyiqinə nail olsun, lakin bu, baş vermədi:
 "Rusiya 44 gün ərzində və ondan sonrakı proseslərdə demək olar ki, birbaşa Ermənistanın yanında olmadı. Kremldən gələn bəzi açıqlamalar istisna olmaqla Ermənistan Azərbaycanın qarşısında tək qaldı. Bu məqamlardan istifadə edən hökumət erməni ictimaiyyətində də anti-Rusiya əhval-ruhiyyəsini gücləndirməyə çalışdı və nisbətən buna nail oldu. Rəy sorğularında ermənilər arasında artıq Rusiyaya etimadın olmadığı üzə çıxdı. Sorğularda Qərb ölkələri, hətta İran və Hindistan belə Moskvadan öndə gəlməyə başladı. Bu da Rusiyanın gözləntiləri doğrultmamasından irəli gələn isterikadır. Bəli, Paşinyan hökuməti xalqın da dəstəyi ilə Rusiyadan uzaqlaşmaq yolunu tutub və bu istiqamətdə ciddi addımlar atır. Reallıq odur ki, İrəvan hökuməti bunun əksini iddia etməsinə baxmayaraq, hələ də Ermənistanın təhlükəsizliyi, iqtisadiyyatı, elə müdafiə sənayesinin özü Rusiyadan asılıdır. Kadrların əksəriyyəti də rusyönlü, rustəhsillidir. Paşinyan gördü ki, rus silahları, hərbi texnikası Qərb silahlarına, həmçinin müasir hərbi texnikalara uduzdu. Vətən müharibəsində də bu fakt özünü göstərdi. Baş nazir Ermənistan ordusunu, silah arsenalını yeniləmək, modernləşdirmək niyyətindədir".

  Analitik əlavə edib ki, Qərbin Ermənistanla siyasi, hərbi və iqtisadi əməkdaşlığını genişləndirməsi prosesi uzun müddət çəkə bilər: 
"Hansısa Qərb, yaxud başqa bir regionda olan ölkənin Rusiyanı qısa zamanda əvəzləməsi qeyri-mümkündür. Rusiyanın Ermənistanla bağlı əlində təzyiq rıçaqları çoxdur. Rusiyada yaşayan, işləyən ermənilərin sayı kifayət qədərdir. Əlaqələrin birdən-birə qopması, bağların qırılması çətindir. Həm də onu da nəzərə almaq lazımdır ki, Qərb Ermənistanı şirnikləndirir, müxtəlif vədlərlə təhrik edir və Rusiyaya qarşı cəbhə almağa məcbur buraxır. Amma Qərbin öz vədlərinə nə dərəcədə əməl edəcəyi də şübhəlidir. Yəqin ki, Paşinyan da bunun fərqindədir, ortada Gürcüstan, Moldova, Ukrayna nümunələri var. Ancaq hər şeyə rəğmən, baş nazir Qərblə-Rusiya arasında öz siyasi maraqları naminə manevrlər edir. Anlayır ki, Qərb də Ermənistanı pulsuz silahlandırmaqda, təhlükəsizliyini təmin etməkdə o qədər maraqlı deyil. Məqsəd Rusiyanı ilk növbədə Ermənistandan, sonra İrəvanın əliylə bölgədən sıxışdırıb çıxartmaqdır. Çalışır ki, Moskvanın "qırmızı xətti"ni keçməsin. Kreml də bunu görür. Məhz ona görə İrəvanın addımlarına sərt və adekvat cavab vermir".