Avropa-Azərbaycan münasibətləri: Bakı prinsipial mövqeyində qalır

Ümid edək ki, Avropa Şurası Azərbaycanın mesajını düzgün dəyərləndirəcək


  Rəsmi Bakı Fransanın Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsini, sülhə mane olmasını, beynəlxalq riyakarlığını ifşa etməyə davam edir. Prezident İlham Əliyevin ötən gün Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən çıxışında səsləndirdiyi fikirlər də məhz bu məqsədlərə xidmət edir. 
Dövlət başçısı çıxışında Azərbaycanla Ermənistan arasında mümkün sülhün baş tutmasına mane olan səbəbləri göstərdi. Prezident ilk növbədə yaxın tarixə ekskurs edərək artıq mövcudluğunu dayandırmış Minsk qrupunun 28 il ərzində münaqişənin həlli istiqamətində heç bir real addım atmadığını, keçmiş həmsədrlərin Ermənistana qətiyyən təzyiq göstərmədiklərini və işğalçı ölkəyə müvafiq sanksiyalar tətbiq etməkdən yayındıqlarını M.Çunqonqun diqqətinə çatdırdı. Qeyd olundu ki, artıq ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmiş, separatizmə son qoymuşuq. Lakin prosesi hələ tam başa çatmış hesab etmək olmaz. Çünki Azərbaycan ilə Ermənistan arasında de-fakto sülh mövcud olsa da, hüquqi-siyasi müstəvidə qalıcı sülh bərqərar olmayıb və yekun sülh sazişi imzalanmayıb. Bunun da konkret səbəbləri və günahkarları var.

  Politoloq Əlisahib Hüseynov "Sherg.az"a bildirib ki, Prezident Parlamentlərarası İttifaqın Baş Katibi M.Çunqonq ilə söhbəti zamanı həmin səbəblər barədə ətraflı danışdı və sülhə mane olan günahkarların ünvanlarını göstərdi. Qeyd olundu ki, Azərbaycan qalib ölkə statusuna sahiblənməsinə baxmayaraq, regionda sülh gündəliyinin təşəbbüskarı kimi çıxış edərək Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma təəssüflər olsun ki, Ermənistan tərəfindən buna adekvat reaksiya verilməyib:
 "Ötən 3 il ərzində Ermənistan rəhbərliyinin həm özünün ziddiyyətli və bəzən də revanşist siyasət yürütməsi, həm də Ermənistana havadarlıq edən qlobal aktorların regionda mövqelərini möhkəmləndirmək məqsədilə çirkin geosiyasi oyunlara rəvac verməsi sülh prosesinin uzanmasına səbəb olur. Lakin Azərbaycan sülhün bərqərar olması istiqamətində səylərini məntiqi ardıcıllıqla davam etdirib. Azərbaycanın sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürməsi  və sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı rolunda çıxış etməsi də bunu təsdiqləyir. Azərbaycanın sülh təşəbbüsləri rəsmi İrəvanı sülh prosesinə fəal şəkildə qoşulmağa məcbur edir. Yəni ki, sülh prosesinin əsas hərəkətverici qüvvəsi rolunda çıxış edən tərəf məhz bizik. Sülh şərtlərini diktə edən tərəf də Azərbaycandır. Azərbaycan həm sülh təşəbbüskarı, həm də sülhün zəmanətçisi kimi çıxış edir. Ona görə də hazırda Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur və iki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Lakin Ermənistan tərəfi indiki məqamda buna hazır deyil. Bunun üçün Paşinyan iqtidarı ilk növbədə öz sələflərinin Ermənistanı qonşularına qarşı aqressiv, təcavüzkar siyasət yürütməyə, ərazi iddiaları ilə çıxış etməyə təhrik edən siyasi mirasını ortadan qaldırmalıdır. Davakar müstəqillik bəyannaməsindən imtina etməli və konstitusiyanı dəyişməlidir. Çünki Ermənistanın müstəqillik haqqında bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları yer alıb. Bütün bunlar isə təbii ki, gələcəkdə sülh və sabitliyə real təhdid yarada biləcək amillərdir. Bu amillər aradan qaldırılmadan iki ölkə arasında etibarlı sülhün bərqərar olmasından danışmaq mümkün deyil". 

  Analitik diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti də məhz bu amilləri nəzərdə tutaraq İrəvanın diqqətinə çatdırıb ki, yalnız Ermənistan konstitusiyasında və digər normativ-hüquqi sənədlərində müvafiq dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər:
 "Hazırda Ermənistanın gündəmini Azərbaycan Prezidenti diktə edir. Nikol Paşinyanın da son açıqlamalarından görünən budur ki, artıq Ermənistan rəhbərliyi də sözügedən müstəqillik bəyanaməsinin və konstitusiyanın sülhə mane olduğunu anlamağa başlayıb. İrəvan başa düşüb ki, Azərbaycan Ermənistanın yeni konstitusiya qəbul etməyəcəyi təqdirdə sülh sazişini imzalamayacaq. Bu bizim qəti mövqeyimizdir. Və İlham Əliyev Azərbaycanın bu qəti mövqeyini Parlamentlərarası İttifaqın Baş Katibi ilə söhbəti əsnasında bir daha Ermənistan rəhbərliyinin diqqətinə çatdırdı. Paşinyan da, ona havadarlıq edən güclər də bilməlidir ki, sülhə gedən yol Ermənistanın Azərbaycan ərazilərinə olan iddialarından konstitusiya səviyyəsində imtina etməsindən keçir. Əks təqdirdə, sülh müqaviləsi adi kağız parçasına çevriləcək. Öz növbəsində Ermənistana havadarlıq edən aktorlar da bu ölkəni silahlandırmaq və onu revanşa hazırlamaq, regionda vəziyyəti gərginləşdirmək siyasətindən artıq əl çəkməlidir. Söhbət, xüsusən də, Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək siyasəti yürüdən Fransadan gedir. Rəsmi Paris regionda dağıdıcı siyasət həyata keçirərək od üstünə benzin tökmək prinsipindən çıxış edir. Fransanın bəzi ölkələrlə işbirliyi əsasında Ermənistanı silahlandırmaq xəttini tutması da məhz sözügedən siyasətin təzahürüdür. Makron Fransası Ermənistandan Azərbaycana qarşı maşa kimi istifadə edir. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) və ayrı-ayrı Avropa ölkələrinin parlamentləri də odun üstünə benzin tökən, iki ölkə arasında sülh prosesini dolayısı yolla əngəlləyən qüvvələr sırasında yer alır. Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpa olunmayacağı təqdirdə, Azərbaycan tərəfindən də Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələsinə yenidən baxılacaq. Bu, rəsmi Bakının prinsipial mövqeyidir və bununla da açıq mesaj verildi ki, Avropa Şurası Azərbaycan üçün vazkeçilməz qurum deyil. Ümid edək ki, Avropa Şurası İlham Əliyevin mesajını düzgün dəyərləndirəcək".