ABŞ-nin analitik mərkəzinin proqnozları ilk dəfə gündəmə gəlmir
ABŞ-nin tanınmış analitik mərkəzlərindən olan Xarici Əlaqələr Şurası 2024-cü il üçün müharibə ehtimalı olan ərazilərin xəritəsini hazırlayıb. Amerikalı analitiklərin fikrincə, Ermənistanla Azərbaycan arasında yeni müharibənin başlanması ehtimalı var. Maraqlıdır ki, Ermənistan-Azərbaycan arasında müharibə ehtimalı ABŞ-nin prioritetləri sırasına daxil edilməyib. Erməni siyasi ekspert Varujan Qeqamyan da tərəflər arasında müharibə ehtimalından danışıb. O da iddia edib ki, Ermənistanla Azərbaycan arasında yeni müharibə ehtimalı var. Ekspert ABŞ-nin nüfuzlu analitik mərkəzinin proqnozuna diqqət çəkərək bunun ciddi siqnal olduğunu söyləyib. Xatırladaq ki, son günlər Ermənistan rəsmiləri və erməni mediası da "yeni müharibə ehtimalını" tez-tez gündəmə gətirir. Hətta Azərbaycan Ordusunun bəzi yerlərdə "hərbi əməliyyatlar keçirəcəklərini" iddia edirlər.
Hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxalıyev "Sherg.az"a deyib ki, ABŞ-nin analitik mərkəzlərinin müharibə ilə bağlı proqnozları ilk dəfə gündəmə gəlmir. Ekspertin sözlərinə görə, bundan öncə də bu cür ehtimalların olması bəyan edilib:
"Azərbaycan-Ermənistan arasındakı proseslərin riskli bölgələrə aid edilməsinin səbəbi sülh sazişinin olmaması, maraqlı tərəflərin, xüsusən Ermənistanı cəsarətləndirən ölkələrin İrəvanı sülhdən uzaqlaşmağa təhrik etməsidir. ABŞ-nin analitik mərkəzləri fərqindədirlər ki, Azərbaycan və Ermənistan arasında sülh yoxdursa, müharibə ehtimalı aktualdır. Əgər müharibə sonrası iki dövlət münasibətlərini sülh sazişinə bağlamırsa, ötən 3 ildən artıq dövr ərzində İrəvan sülh danışıqları yönündə müsbət mesaj vermirsə, müharibə ehtimalı qalmaqdadır. Yəni ya sülh olmalıdır, ya da müharibə. Atəşkəs variantının hər zaman müharibəyə çevrilmə ehtimalı böyükdür. Ermənistan anklav ərazilərin Azərbaycana qaytarılmasına, kommunikasiyaların açılmasına müsbət cavab vermir. Amma bunlar bizim olmazsa olmazlarımızdır".
E.Şıxaliyev vurğulayıb ki, Ermənistan sürətli silahlanmaya gedir:
"Bununla yanaşı, Qərbin Ermənistandakı "mülki missiyası"nın tərkibi arta-arta 30 nəfərdən 208 nəfərə çatdırılıb. Hətta 2 minə qaldırmaq istəyirlər. Ermənistanda Rusiyanın hərbi kontingenti də var. İrəvan bütün münasibətlərini elə həddə çatdırıb ki, indiki halda müharibənin, konfliktin başlamasına sadəcə bir qığılcım çatışmır. Rusiya öz əsgərlərinə erməni hərbçilərin formasını geyindirib müşahidə postlarımıza qarşı diversiya fəaliyyəti həyata keçirə bilərlər. Azərbaycan tərəfinin məsələni aydınlaşdırması və cavab tədbirləri müharibənin əsasını qoyar. O baxımdan deyirik ki, hətta sülhün hansısa şərtləri İrəvanı qane etməsə belə, ən pis halda belə sülh müqaviləsi Ermənistan üçün daha məqsədəuyğundur. Ermənistan unutmasın ki, sülh yolu etmək istəmədiyi məsələlərdə hansı itkilərlə üzləşib".