Azər Həsrət: Fransa casusları ilə bağlı başladılan hərəkat genişləndirilməlidir

Azərbaycanda Fransa səfirinin də trolları var

Azər Həsrət: "Səfirə yazdım ki, "Fransa Qafqaza kirli burnunu soxmağa davam etdikcə hələ çox şeyi bizdən öyrənməli olacaqsınız, xanım səfir..."


  Fransanın Azərbaycandakı səfiri Ann Buayon yerli medianın ünvanına istehza dolu paylaşım edib. Səfir bu barədə səfir X şəbəkəsində yazıb. O bildirib ki, oyanır və yerli xəbər saytlarına baxır: "Deyəsən, Korsikada seçkilərdir. Mən bilmirdim”. Qeyd edək ki, Korsikada insan haqlarının pozulması və yerli fəallara zorakılıqla bağlı Azərbaycan mediası xəbərlər paylaşır. Məsələ ondadır ki, Korsika adası uzun müddətdir Fransa müstəmləkəçiliyindən əziyyət çəkir. Bu bölgədə daha çox italyandilli qruplar yaşayırlar və onların əsas tələbi Korsika dilinin dövlət idarələrində işlənməsi ilə bağlıdır. Fransa hökuməti isə buna əngəl yaradır və korsikalıları təzyiq altında saxlayır. Dözülməz münasibətdən təngə gələn korsikalılar son günlər müstəqillik uğrunda mübarizəni gücləndiriblər. Yeni yaranmış "Nazione" hərəkatı da Fransadan ayrılmaq istəyən korsikalıların azadlıq uğrunda mübarizəsinə dəstək olan mühüm təşkilatlardandır. Hərəkat Fransa hakimiyyəti tərəfindən ciddi təqiblərə və repressiyalara məruz qalmaqdadır. "Nazione" üzvlərinin Fransa hökuməti tərəfindən həbs edilməsi də bunu təsdiqləyir. Fransa özünü "demokratiyanın carçısı" kimi qələmə verməyə çalışsa da, əslində, reallıq tamamilə fərqlidir. Partiyanın ilk gündən uğur qazanmasını həzm edə bilməyən Paris fəalların evlərinə hücum çəkiblər. Siyasi fəallar fransız polisinin amansız repressiyasına məruz qalıblar. İki fəal - Anto Simoni və Nikolas Pinzuti həbs ediliblər. Türkiyənin “Haber Global” telekanalının Korsika adasındakı son vəziyyətlə bağlı hazırladığı xüsusi süjetdə də qeyd olunub ki, sırf inancları səbəbi ilə iki fəal hakim qarşısına çıxarılıb və haqlarında “terror təşkilatı ilə əlaqədə olmaq” ittihamı ilə cinayət işi açılıb: “Onlar Makron hökumətinin təzyiqi ilə üzləşiblər. İki fəal Parisdə saxlanılır”. Süjetdə o da diqqətə çatdırılır ki, Fransa məsələ başqa ölkələrlə olduqda insan haqlarını müdafiə edir, ancaq öz sərhədləri daxilində dəyərlərə əməl etmədən korsikalılara təzyiq göstərir. "Patriotti" partiyasının sabiq sözçüsü, “Nazione” partiyasının üzvü Jan-Filip Antolini deyib ki, yenicə yaranan hərəkat Fransa dövlətini son dərəcə narahat etməyə başlayıb: "Fransa polisi iki fəalın evinə gedərək zorakılıq nümayiş etdiriblər, onların evlərini dağıdıblar, uşaqların gözü qarşısında atalarını yerə yıxaraq əllərini qandallayıblar, uşaqların oyuncaqlarını sındırıblar. Bu zorakılıq aktı dövlətin intiqam aldığını göstərir. Fransa dövlətinin hər hansı nümayəndəsinin Korsikaya səfərindən əvvəl belə aqressiv hallar sistematik hal alır. Dövlət səsimizi boğmağa, bizə mane olmağa çalışır". Onu da xatırladaq ki, son günlər Fransanı aksiyalar bürüyüb. Paris başda olmaqla bir sıra şəhərlərdə hüquqları tapdanmış fermerlərin yürüşləri keçirilməkdə, zaman-zaman polislə qarşıdurmalar yaşanmaqdadır. Ümumən, həm ölkə daxilindəki qarışıqlıq, həm də digər məqamlar Fransanın təzyiqlərdən, ədalətsizlikdən və müstəmləkəçilik siyasətindən əl çəkmək niyyətində olmadığını göstərir. Hər şeyə rəğmən, haqqı pozulanlar öz mübarizələrini davam etdirirlər. Digər ölkələr kimi Azərbaycan mediası da dünyanın ən önəmli olaylarına öz səhifələrində yer verir, diqqət ayırır. Amma görünən odur ki, Fransada baş verən etirazların, Korsikada yaşanan zülmün Azərbaycan mediasında işıqlandırılması rəsmi Parisi çox hiddətləndirir. Çünki Fransa hökuməti ədalətsiz daxili-xarici siyasətinin və repressiya dalğasının dünya ictimaiyyətinə çatdırılmasını qətiyyən istəmir. 
  
Siyasi şərhçi Azər Həsrət "Sherg.az"a açıqlamasında deyib ki, xanım səfirin X platformasındakı ironiyasına ironiya ilə cavab verib. Ekspert vurğulayıb ki, Fransanın Azərbaycandakı səfiri Ann Buayon yerli medianın ünvanına istehzasına bu cür cavab verib: 
"Səfirə yazdım ki, "Fransa Qafqaza kirli burnunu soxmağa davam etdikcə hələ çox şeyi bizdən öyrənməli olacaqsınız, xanım səfir...". İndiki halda ironiya, istehza ediləcək bir durum varsa, adını "demokratik, azad" qoymuş Fransa dövləti və bu dövləti idarə edən naşı, ölkəsini rəzil günə salmış Prezident Emanuel Makrondur. Həqiqətən də, Fransanın gündəlik həyatına baxsaq, görərik ki, o gözəl ölkə çox acınacaqlı duruma düşüb. Təsəvvür edin, Parisin küçələrində, hətta Eyfel qülləsinin qarşısında belə heyvan sürüləri, traktorlar, ot tayaları var. Görün, Fransa mədəniyyətini haradan-hara gətiriblər. Üstəlik də, Korsikada və başqa müstəmləkə ərazilərində insan haqlarının kobud şəkildə pozulması, ən adi hüquqların belə tanınmaması Fransanın üz qarasıdır. İndi kimə istehza etmək, kimin haqqında ironiya ilə danışmaq olar?! Azərbaycan Fransadan fərqli olaraq heç bir xalqı, milləti müstəmləkə altında saxlamır. Biz Parisdən fərqli olaraq Bakı şəhərində fermerlərin yürüşlərinə şahidlik etmirik. Ona görə də xanım səfir ifadələrində diqqətli olmalıdır. Azərbaycan dövləti Fransaya münasibətdə yetərincə səbirli davranır. Amma bu o demək deyil ki, səbrimiz tükənməzdir".

  A.Həsrət önəmli bir məqama da diqqət çəkib və bildirib ki, Fransa səfirinin də trolları var: 
"Səfirə cavabımın altında şərh yazanlar, səfir kimi istehza edənlər peyda oldu. Tanımadığım, bilmədiyim, hətta ictimai rəydə olmayan adamlardır. Anladım ki, səfirlik də trol dəstəsi saxlayır. Təəssüflər olsun ki, həmin trol dəstəsi azərbaycanlılardan ibarətdir. Bu baxımdan Azərbaycanın Fransa casusları ilə bağlı başlatdığı hərəkatı bir qədər də genişləndirməyə zərurət var".