İran səfirinin “Ermənistanın tranzit müddəti Azərbaycandan iki gün azdır” fikri onun beyin məhsulu deyil
İranın İrəvandakı səfiri Mehdi Sobhani Hindistan silahlarının İran ərazisindən Ermənistana tranziti məsələsini şərh edib. Sobhani bildirib ki, Tehran Ermənistana regional sülhə töhfə verəcək istənilən yardımı göstərməyə hazırdır: "Əminəm ki, regionda qüvvələr balansı sülhə gətirib çıxaracaq". Səfir həmçinin bəyan edib ki, İran Azərbaycandan çox, Ermənistan ərazisindən Qara dənizə gedən yola üstünlük verir: "Ermənistanın tranzit müddəti Azərbaycandan iki gün azdır. Eyni zamanda Ermənistanda yol infrastrukturunun təkmilləşdirilməsinə ehtiyac var və tranzit tarifləri cüzi endirimdən istifadə edə bilər. İran hərbi və siyasi fəaliyyəti ilə Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsinin əleyhinə olduğunu nümayiş etdirdi. Dünyada “dəhliz” sözü adətən, sadəcə, nəqliyyat marşrutu kimi başa düşülür, lakin regionda bu anlayış, görünür, tamam başqa cür qəbul edilir". Diplomatın sözlərinə görə, İranın bu məsələdə mövqeyi çox aydındır və Tehran bunu həmişə vurğulayıb ki, yollar keçdiyi ölkənin suverenliyi altında olmalıdır.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a bildirib ki, İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi bundan təxminən iki il əvvəl həmkarından fərqli açıqlama verərək demişdi ki, Hindistan, İran, Azərbaycan, Gürcüstan, Qara Dəniz və Avropanı əhatə edəcək yeni nəqliyyat dəhlizinin aktivləşməsi üçün çalışmalar həyata keçirilir:
"İndi İranın iki səfirindən hansı düzünü deyib? İranın Ermənistandakı səfirinin “Ermənistanın tranzit müddəti Azərbaycandan iki gün azdır” fikri onun beyin məhsulu deyil. Bu, Tehrandan ötürülüb. Deməli, İranın istəyinin hansı istiqamətlə bağlı olduğu aşkardır. Ancaq məsələ burasındadır ki, Ermənistan Azərbaycandan fərqli olaraq nəqliyyat dəhlizi üçün lazım olan infrastrukturu formalaşdırmayıb, heç bu işə başlamayıb. Maliyyəsi də yoxdur. Bunu Ermənistanı tərifləyən İranın bu ölkədəki səfiri də etiraf etmək məcburiyyətində qalıb".