Bakıdan son xəbərdarlıq: Avropa İttifaqı "binokl diplomatiyası"nın agentinə çevrilib

“Avropa İttifaqı tərəfini saxladığı Ermənistana ayı xidməti etməkdən imtina etməlidir. Çünki bu fəaliyyətin sonunda zərər çəkən Ermənistan olacaq"



  Avropa İttifaqının (Aİ) Azərbaycan Respublikasındakı səfiri Peter Mixalko Xarici İşlər Nazirliyinə çağırılıb. Görüş zamanı Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının əldə olunmuş ilkin razılıqlara zidd olan fəaliyyətinin ciddi narahatlıq doğurduğu bir daha diqqətə çatdırılıb. Sözügedən missiyanın regional sabitlik, habelə Azərbaycanla Ermənistan arasında etimad quruculuğuna töhfə vermək kimi bəyan edilmiş məqsədlərinə zidd olaraq, Azərbaycan əleyhinə təbliğat vasitəsi kimi geniş şəkildə sui-istifadə olunduğu qeyd edilib. Missiyanın mahiyyət etibarilə müxtəlif Avropa rəsmilərinin, habelə qeyri-rəsmi nümayəndə heyətlərinin sərhəd bölgələrinə səfərlərinin təşkilinə töhfə verən “binokl diplomatiyası”nın agentinə çevrildiyi Aİ tərəfinin diqqətinə çatdırılıb. İstisnasız olaraq, bu qəbildən olan bütün səfərlərdən Azərbaycana qarşı nifrətin yayılması, habelə əsassız Azərbaycanofobiyanın genişləndirilməsi üçün istifadə olunduğu qeyd edilib.
  "Binokl diplomatiyası”nın bu fəallığının sərhəd boyunca indiyədək görülməmiş sakitliyin hökm sürdüyü, habelə həm Azərbaycanın, həm də Ermənistanın ciddi etimad quruculuğu tədbirləri həyata keçirdiyi bir zamanda müşahidə olunmasının xüsusilə narahatlıq doğurduğu bildirilib. Bununla yanaşı, monitorinq missiyasının məsul olduğu bölgələrdə qanunsuz keçid cəhdinin qarşısının alınması ilə bağlı son hadisə, bu missiyanın bəyan edilmiş tapşırıqlarına ciddi kölgə salır. Bu qəbildən narahatlıq doğuran fəaliyyət heç bir şəkildə qeyd olunan missiyanın neytral bir aktor kimi inam və etimad quruculuğuna töhfə verməklə bağlı bəyan edilmiş məqsədlərinə uyğun gəlmir.

  Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Avropa İttifaqı missiyasının Ermənistanın məğlubiyyətindən sonra fəaliyyətə başlaması faktı onu göstərdi ki, bu missiya birtərəfli və qərəzlidir. Ekspertin sözlərinə görə, bu missiyadan Azərbaycan lehinə fəaliyət gözləmək də sadəlövhlük olardı: 

"Avropa İttifaqı məsələyə ikili standartlardan yanaşır. Azərbaycanın öz ərazi bütövlüyünü həll etməsi, beynəlxalq təşkilatların verdikləri bəyanat və tələbləri həyata keçirməsi, əslində, Aİ-nin də maraq dairəsində olmalı idi. Çünki Aİ-nin beynəlxalq aləmdə Ermənistanın işğalçı siyasətinə görə tədbir görməməklə nüfuzdan düşməsini məhz Azərbaycan önlədi. Amma görünən odur ki, qəbul edilən qərarlar ancaq görüntü xarakteri daşıyırmış. Aİ qeyd edildiyi kimi, "binokl diplomatiyası"nın agentinə çevrilib. Qurum öz daxili ambisiya və istəklərinin qurbanına çevirdiyi Ermənistanı dəstəkləməklə özü də bilərəkdən, ya bilmədən beynəlxalq nüfuzunu itirməyə doğru addımlayır. Məsələ ondadır ki, Azərbaycan Aİ-nin monitorinq missiyasının Ermənistanda da olsa fəaliyyətinə mane olmadı və buna qarşı aqressiv addımlar atmadı. Çünki özünün haqlı mövqeyinə arxayındır. Lakin Aİ bu xoş niyyəti Azərbaycan əleyhinə fəaliyyətə çevirməklə özünü tərəf kimi ortaya qoyur. Azərbaycan dövləti bu xarakterli fəaliyyətdən dəfələrlə narazı olduğunu bildirib və xəbərdarlıq edib. Hesab edirəm ki, Aİ bu xəbərdarlıqlara ciddi yanaşmalıdır və tərəfini saxladığı Ermənistana ayı xidməti etməkdən imtina etməlidir. Çünki bu fəaliyyətin sonunda zərər çəkən Ermənistan olacaq".