Borrel ABŞ-nin təlimatını həyata keçirir -Analitik

İndiki durumda AB-nin İrəvanla yaxınlığı, əməkdaşlığı sıxlaşdırması birbaşa Rusiya ilə əlaqədardır

Bakı və İrəvan arasında gedən sülh danışıqlarını Brüsselə, Vaşinqtona çəkmək cəhdləri də bununla bağlıdır


  Avropa İttifaqı-Ermənistan Tərəfdaşlıq Şurasının iclası keçirilib. Tərəfdaşlıq Şurasının iclasına Aİ-nin Xarici işlər və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell, Ermənistan nümayəndə heyətinə isə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan rəhbərlik ediblər. Cozep Borrell bildirib ki, Avropa İttifaqı-Ermənistan münasibətləri müsbət dinamika ilə inkişaf edir. Onun sözlərinə görə, Aİ-Ermənistan əlaqələrinin daha da inkişafı üçün potensial var: “Bu gün Ermənistan XİN rəhbəri də bildirdi ki, onun ölkəsi Aİ ilə daha da yaxınlaşmağa hazırdır. Biz bu gün əməkdaşlıq gündəliyinin hazırlanması barədə qərar qəbul etdik. Bu ambisiyalı gündəlik münasibətlərimizin daha da irəliləməsi üçün yol xəritəsi olacaq”. Ali Nümayəndə onu da qeyd edib ki, Aİ Ermənistanın nəqliyyat, əlaqələnmə, enerji təhlükəsizliyi sahəsində dayanıqlılığının artırılmasını, eyni zamanda Ermənistanın Qara dəniz yaşıl dəhlizi və digər regional əlaqələnmə layihələrində iştirakını dəstəkləyir. Borrell, bu gün Ermənistan XİN rəhbəri ilə regional vəziyyəti, Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə etdiklərini də diqqətə çatdırıb. Borrell deyib ki, o, sərhəddəki son insident barədə məlumatlandırılıb. Borrell onu da əlavə edib ki, Aİ regionda suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı əsasında dayanıqlı və davamlı sülhün əldə olunmasına sadiqdir. 
 
 Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev "Sherg.az"a deyib ki, Avropa İttifaqının məqsədi Ermənistanla Rusiyanı üz-üzə qoymaqdır. Professorun sözlərinə görə, tərəflər arasında hər hansı yaxınlaşmadan söhbət getmir:
 "Ermənistan hazırda buqələmun kimidir. İrəvanın ikili oynaması, şəraitə və vəziyyətə uyğun addım atması Qərbə yaxşı bəllidir. İndiki durumda AB-nin İrəvanla yaxınlığı, əməkdaşlığı sıxlaşdırması birbaşa Rusiya ilə əlaqədardır. ABŞ-nin təlimatını həyata keçirən C.Borrel çalışır ki, Ermənistanla Rusiya qarşıdurması daha da güclənsin. Bakı və İrəvan arasında gedən sülh danışıqlarını Brüsselə, Vaşinqtona çəkmək cəhdləri də bununla bağlıdır. Rusiyanı tamamilə bu prosesdən kənarlaşdırmaq və dolayı yolla regiondan əlini çəkmək istəyirlər. İrəvan da Qərbdəki görüşlərə meyillidir. Ancaq anlamır ki, mövcud müstəvidə təklif edilən danışıq platformaları nəticə verə bilməz. Ermənistan hökumətinin Qərblə yaxınlığı Moskvanı kifayət qədər qıcıqlandırır. Onsuz da Kreml İrəvandan yanıqlıdır və münasib zamanda bunun heyfini çıxacaq". 
  
Həmsöhbətimiz vurğulayıb ki, ABŞ və Avropa ölkələri Ukrayna-Rusiya müharibəsində siyasi və hərbi cəhətdən Moskvaya uduzdular: "Ukrayna Qərb üçün artıq itirilmiş, uğursuz olmuş variantdır:
"Ona görə də Cənubi Qafqazı əldə saxlamağa çalışırlar. Bilirlər ki, Qafqaz Avropa Birliyi üçün çox önəmlidir. Gürcüstanla məsələ də yarımçıq qalıb, tam həll olunmayıb. Çünki Gürcüstanın da əraziləri işğal altındadır. İndi Ermənistanı müəyyən məsələlərə cəlb edərək özlərinə yeni dayaq nöqtəsi yaratmaq niyyəti güdürlər. Zənn edirlər ki, Azərbaycanla da dil tapacaqlar. Bunun üçün də ilk növbədə Rusiyanı regiondan sıxışdırıb çıxartmaq lazımdır. Amma bu, çətin məsələdir. Ermənistanda Rusiyanın 10 minə yaxın hərbi və təhlükəsizlik qüvvələri var".