Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Adil oğlu Salahlıya həvalə edilib.
Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Qeyd edək ki, indiyədək Komitənin sədri Mübariz Qurbanlı idi. O, yeni hökumətin tərkibində yer almayıb.
İlahiyyatçı Tural İrfan “Sherg.az”a bildirib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr postuna təyinat birbaşa dövlət başçısına aiddir:
“Bu postun nə qədər boş qalacağı haqda da heç bir məlumata malik deyiləm. Ola bilsin məsləhətləşmələr, araşdırmalar gedir və təyinatın çox da gecikəcəyinə inanmıram. Çünki bu post çox əhəmiyyətli, çox vacib, dövlət üçün lazımlıdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hər zaman öz çəkisini, obyektivliyini, dövlətçiliyə xidmət obrazını qoruyub saxlayıb. O Komitə dövlət üçün lazımlı kadrlar yetişdirib, təcrübə verib, dinimizin, başqa dinlərin sağlam fəaliyyəti üçün layiqli töhfələr bəxş edib. Məhz bu baxımdan şəxsi düşüncəm olaraq deyə bilərəm ki, dövlət üçün sağlam adamlar çoxdur. Məsələn, millət vəkillərindən Razi Nurullayev, Ceyhun Məmmədov, Fazil Mustafa... Elə həmin Komitənin özünün daxilində də Gündüz İsmayılov, Amil Cavadov kimi xidmətləri olan simalar var. Ancaq təbii ki, arzudan əvvəl, əsas başqa meyarlar var, onu dövlət, dövlət başçısı ölçür - biçir, bilir. Ona görə də onun qərarını gözləmək lazımdır.
Müşahidələrimə görə indiyəcən təyin olunan şəxslərin hərəsi özünə xas töhfələr verib, hərəsinin öz yeri olub. Təbii ki, nöqsanlar da olub. Ancaq danmaq olmaz ki, əsasən son illərdə bu vəzifədə çalışan Mübariz Qurbanlının fəaliyyəti daha çox nəzərəçarpan oldu. Din sahəsində çox islahatlar aparıldı, məscid və ziyarətgahlara təyinat məsələsi şəffaflaşdı, attestasiyalar, imtahanlar keçirildi, İlahiyyat İnstitutunun fəaliyyəti yüksəldildi, dini radikalizm və xurafatla mübarizə sahəsində xeyirli işlər görüldü... Bu Komitə hər zaman öz kadrları, öz yönü, obrazı ilə dinə yaraşan, dövlətə fayda verən işlər görməklə özünü təsdiq edib. İnanıram ki, indən belə də bu inkişaf yüksələn tempdə davam edəcək”.