Sökürlər, vəd etdiklərini vermirlər, NARAZILIQ YARANIR

Binaların söküntüsü zamanı vətəndaşlarla müəyyən maarifləndirmə işləri aparılmalıdır


Paytaxtın növbəti dəfə inşaat şirkətlərindən biri sakinlərin evlərini gecə saatlarında sökməyə başlayıb.
Gecə saatlarında Bakının mərkəzində “Delux” inşaat şirkətinin əməkdaşları bir neçə ailənin evini qanunsuz şəkildə söküblər.
Yayılan görüntülərdə söküntü işləri zamanı ərazidə yaşayış olması öz əksini tapıb.
Evlərinin söküldüyünü görən sakinlər arasında halı pisləşənlər də olub.
DİN-in Mətbuat Xidmətindən bildirilib ki, Yasamal rayonu B.Şahtaxtinski küçəsində yaşayış evlərinə tikinti şirkətlərindən biri tərəfindən zərər vurulması ilə bağlı daxil olan məlumat üzrə araşdırma aparılır.
Bildirilib ki, iyulun 5-də saat 00:49 radələrində vətəndaş N.Nəcəfzadə DİN-in 102 Zəng Mərkəzinə ərazidə tikinti aparan MTK tərəfindən evlərdə yaşayış olduğu halda evlərin sökülməsi barədə məlumat verib. Məlumatla bağlı polis əməkdaşları həmin ünvanda razılıq olmadan bir neçə mənzilin divarlarına zərər vurulmasını müəyyən ediblər.
Vətəndaşın müraciəti əsasında söküntü işləri aparan şirkətin işləri dayandırılıb.
Faktla bağlı prosessual araşdırmalar davam etdirilir. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək.
Qeyd edək ki, bundan əvvəl də Paytaxtın Yasamal rayonu, Əlibəy Hüseynzadə küçəsində  Afət Quliyevaya məxsus mənzildə qanunsuz söküntü işləri aparılıb.
Baş verən hadisəyə görə “İbrahim-Q” MTK-nın vəzifəli şəxsləri barəsində cinayət işi açılıb.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a bildirib ki, istər konstitusiyaya, istərsə də digər qanunvericiliyə görə mülkiyyət hüququ toxunulmaz və pozulmazdır:

“Vətəndaş çıxarışı olmayan bir ünvanda yaşayırsa, və daimi yaşamaq hüququ varsa, artıq həmin əmlak o şəxsin mülkiyyətidir. Bu tip hallarda baş verən hadisələrə baxsaq tikinti şirkətləri heç bir şəxsin evini söküb tikmir. Vətəndaşlarla görüş keçirir və həmin şəxslərə  şirkətinin tikdiyi evlər təqdim olunur və kirayə pulları ilə bağlı söhbətlər aparılır. Bəzi hallarda vətəndaşları şirkətin verdiyi əmlaklar qane edir və yaxud da vətəndaşlar daha böyük əmlak istəyirlər. Yaşayış massivi olan ərazilərin sökülməsi üçün tikinti şirkətləri İcra Hakimiyyəti, Dövlət Şəhərsalma Arxitektura Komitəsi və Fövqaladə Hallar Nazirliyindən rəsmi sənədlər toplayırlar. Bütün qurumlardan rəsmi sənədlər toplandıqdan sonra həmin ərazinin sökülməsinə başlanılır. Yaşayış massivlərinin sökülüb yeni binaların tikilməsi üçün qanunvericilik dəyişib. Həmin ərazilərin qəzalı olması ilə bağlı rəy olmalıdır. Əgər rəy varsa, həmin ərazidən vətəndaşlar mütləq şəkildə köçürülməlidir. Fərdi həyət evləri sökülən zaman bəzilərinin çıxarışı olmur. Əmlak bazarında həmin evlərin satış qiyməti yüksək məbləğlə dəyərləndirilmir. Ancaq sökülən ərazidən vətəndaşlara verilən yeni tikili binalardakı təmirli mənzillərin satış qiyməti vətəndaşın köhnə mənzilindən bir neçə dəfə baha olur. Tikinti şirkətləri evləri sökülən vətəndaşlara yeni binalardan mənzil təqdim edən günə qədər köç xərcləri və kirayə pulunu qarşılayır. Bu  məsələlərdə vətəndaşlar tikinti şirkətindən daha çox əmlak tələb etdiyi üçün və tikinti şirkətinin digər sakinlər qarşısında götürdüyü öhdəliklər pozulmuş olur. Yəni bir ərazidə sakinlərin 80-90 faizi köçür, təxminən isə 10-15 faiz sakin çıxmır. Ancaq çıxmadığı halda şirkət bütün sakinlərdən evləri təhvil alanda onlarla notarial qaydada müqavilə bağlayaraq öhdəlik götürür. Yəni siz köçən tarixdən təxminən 3 ilə qədər yeni tikili binadakı mənziliniz ilə təmin olunacaqsınız. Köçməyən sakinlərə görə tikinti şirkəti maddi olaraq xərcə düşür. Şirkətin səlahiyyəti, köçməyən şəxsləri məhkəməyə verərək, köçən şəxslərə ödədiyi kirayə pulunu köçməyən sakinlərdən almaq hüququ var. Ancaq vətəndaşı məcburi formada evindən çıxararaq sökmək olmaz. Bununla bağlı tək tikinti şirkəti deyil, tikintiyə icazə verən qurumlar həmin şirkətə dəstək olmalıdır. 2040-cı ilə kimi Bakının baş planı artıq hazır vəziyyətdə olacaq. 2040-cı ilə qədər həmin qəzalı vəziyyətdə olan və yaxud istismar müddətini bitirmiş yaşayış massivləri təmizlənməli, yeni tikili binalarla əvəzlənməlidir. Bu məsələlərdə vətəndaşlarla müəyyən maarifləndirmə işləri aparılmalıdır. Rəsmi qurumlar tərəfindən vətəndaşlara zəmanət verilməlidir ki, biz sizə zəmanət veririk ki, sizin mənzilin bu tarixdə sökülüb və hər hansı bir tarixdə sizə təhvil veriləcək. Əksər hallarda vətəndaşlara rəsmi qurumlar tərəfindən zəmanət verilmədiyi üçün həmin şəxslərdə tikinti şirkətlərinə qarşı eribarsızlıq yaranır”.