Regionlarda həkim çatışmır -AÇIQLAMA

Kəndi saxlayan onun məktəbi, xəstəxanası, kitabxanasıdır

2000 nəfərlik elə kənd var ki, adi aptek yoxdur


  Milli Məclisin iclasında “Əhalinin sağlamlığının qorunması haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov məlumat verib. Deputat Səyyad Salahlı (Aran) çıxışında bildirib ki, Azərbaycanda həkimlərin əməkhaqqı az olduğu üçün onlar xaricə üz tuturlar və belə bir durumda regionlarda kadr çatışmazlığı yaranır: “1200-1300 manat məvacib həkimin ehtiyaclarını ödəmir. Məndə olan məlumata görə, məsələn, İmişli Rayon Mərkəzi Xəstəxanasında cəmi 30 həkim işləyir. Onkologiya və bu kimi ixtisaslarda həkim yoxdur. O boyda rayonda sadəcə bir psixiatr var. Bəs camaat kimin üstünə getməlidir?! Halbuki xətəxanaya cəmi 1000 müraciət olur. Saatlıda da eyni vəziyyətdir. Bir çox ixtisaslarda həkim yoxdur. Bu məsələnin üzərində ciddi nəzarət olmalıdır”. S.Salahlı qeyd edib ki, müəllim pensiya yaşına çatan kimi işdən çıxarıb, yerinə yenisini gətirirlər. Lakin pensiya yaşı çatmış həkimlərlə müqavilənin vaxtını uzadaraq işləyirlər. Çünki həkim çatışmır.
  Deputat Aqil Abbas isə çıxışında xatırladıb ki, vaxtilə ali təhsilini başa vuran gənclərin təyinatla regionlara işləməyə göndərilməsi ənənəsi var idi və onun özü də rayonda təyinatla işləyib. Bu gün bölgələrdəki xəstəxanalarda həkim çatışmazlığının hökm sürdüyünü deyən deputat təyinat məsələsinə qayıtmağı zəruri sayıb.
 
 Təhsil  eksperti Nadir İsrafilov “Sherg.az"a açıqlamasında  bildirib ki, regionlarda həkim çatışmazlığı problemi var: 
"Regionları inkişaf etdirdikdə biz əsas diqqəti yönəldirik ki, yollar çəkilsin, parklar salınsın, digər infrastruktur qurulsun. Ancaq regionlarda da təhsili, səhiyyəni inkişaf etdirmək lazımdır. Mən də bölgələrdə oluram. Məsələn, şimal bölgəsində elə 1000-2000 nəfərlik kənd var ki, adi aptek yoxdur. Kiminsə adi qızdırması qalxsa, aptekdən bir dərman almaq üçün 30-40 km qət edib rayon mərkəzinə getməlidir. Hətta tibb məntəqəsi də yoxdur. Ona görə də bizdə ifrat dərəcədə urbanizasiya var, şəhərlərə axın yaranır, bu, ayrı-ayrı kəndlərin sıradan çıxmasına gətirib çıxarır. Kəndi saxlayan onun məktəbi, xəstəxanası, klubu, kitabxanasıdır. Sovet dövründə bizim kəndlərdə hər şey vardı. Məsələn, mənim çalışdığım kəndin məktəbi, kitabxanası, klubu, xəstəxanası da vardı. İndi bunlar yoxdur. Kəndə kimsə çarəsiz şəkildə çalışmağa gedirsə, 1 ay çalışır, yerdəyişmə üçün qayıdıb gəlir. Çünki həmin ərazidə sosial şərait yoxdur”.
 
 Ekspert deyib ki, kənddə yaşayan əhalinin də sağlamlığı önəmlidir:
 “Bu sahədə mövcud problemin iki həll yolunu görürəm. Birincisi odur ki, əməkhaqqının maksimum artırılması kimi stimullaşdırıcı tədbirlərlə həkimləri regionlara cəlb etmək olar. İkincisi isə təyinat yolu ilə bu problemi həll etmək mümkündür. Biz təyinat mərhələsini keçən adamlarıq və yaşlı, orta nəsil bu barədə məlumatlıdır.
Təyinat da hərbi xidmət kimi bir sahə idi. Çünki təhsil, səhiyyə prioritet sahələrdir. Nəyə görə həkimlər, müəllimlər təyinatla işləməyə göndərilməsin? Onlar təyinatla getməli və işləməlidir. Təyinat müddəti başa çatdıqdan sonra müvafiq işlə təmin oluna bilərlər. Bu gün həkimin çalışması üçün hansısa kənddə bir tibb məntəqəsi tikmək nə böyük işdir? Biz hazırda ayrı-ayrı sahələrə yüksək məbləğdə vəsait ayırırıq. Hesab edirəm ki, təyinat bərpa olunmalı, ya da stimullaşdırıcı tədbirlərlə həkimləri kəndə cəlb etmək olar”.