ABŞ müdafiə naziri Lloyd Ostin bu Ermənistan müdafiə naziri Suren Papikyanla görüşüb. Bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Görüş zamanı müdafiə sahəsində Ermənistan-ABŞ əməkdaşlığı ilə bağlı məsələlər müzakirə olunub. Lloyd Ostin qeyd edib ki, ABŞ Ermənistanın müstəqilliyini, suverenliyini və rifahını dəstəkləyir. Həmçinin iki ölkə arasında əməkdaşlığın genişlənməkdə davam etdiyini söyləyib. Nazir Ostin əlavə edib ki, ABŞ Ermənistan Silahlı Qüvvələrində islahatları davam etdirməyə hazırdır.
Tərəflər beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələləri də müzakirə ediblər.
Politoloq Oqtay Qasımov "Sherg.az"a bildirib ki, Ermənistanın bu günkü revanşist duyğularının və ütopik "Böyük Ermənistan" ideyasının müəlliflərindən biri də məhz ABŞ-dir:
"1918-ci ildə Amerikanın Prezidenti və elə Bayden administrasiyası qədər də ermənipərəst olan Vudro Vilson erməniləri kifayət qədər dəstəkləyərək onlara çox böyük vədlər verdi. O vədlərin arasında Türkiyənin 6 vilayətini Ermənistana vermək nəzərdə tutulurdu. Bunun əsasında ermənilər kütləvi qırğınlar və terror cinayətlər törədərək azərbaycanlıları qətlə yetirməklə əraziləri təmizləyərək Ermənistan qurmağa çalışdılar. Nəticədə ABŞ, Rusiya və digər böyük dövlətlərin də dəstəyi ilə belə bir marianik dövlət quruldu. Bu günə qədər də ABŞ-ın siyasəti Ermənistana qarşı dəyişmədi. Hər zaman himayə edici münasibət oldu. Ermənistan 70 il Sovetlər Birliyinin tərkibində olsa da, ABŞ-la əlaqələr heç kəsilmədi. Bundan başqa 1988-ci ildə Ermənistanda baş verən Zəlzələ zamanı Prezident Buşun həyat yoldaşı Barbara Buş da Ermənistana səfər etdi. Eyni zamanda ABŞ Ermənistana humanitar dəstək edirdi. 1993-cü ildə Ermənistan Dağlıq Qarabağ Muxtar Vilayətini tam şəkildə işğal etdi. Lakin ABŞ işğalçı dövlətin əvəzinə Azərbaycanı cəzalandırdı. Bununla da 907-ci bədnam düzəliş qəbul olundu. İşğal dövründə də Amerika məhz ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi Azərbaycan ərazilərinin Ermənistanın nəzarətində qalmasında maraqlı idi. Bu prosesi uzatmaqla işğalla barışmağa və reallıqları qəbul etməyə məcbur etmək istəyirdilər. Hətta ABŞ səfirliyinin siyasi məsələlər üzrə müavini Azərbaycan əgər dövlət sərhədlərinə, Gorus-Laçın sərhədinə çıxarsa, bunu dövlətin parçalanması ilə başa çatacağını demişdi. Digər tərəfdən ABŞ 44 günlük savaşda və 2023-cü il sentyabrın 19-da antiterror əməliyyatlarına mane ola bilmədi".
Politoloqun sözlərinə görə, ABŞ öz maraqlarını həyata keçirmək üçün Ermənistanı dəstəkləyərək, burada yerləşmək və Güney Qafqazda öz nüfuzunu təsis etmək istəyir:
"Bunun üçün Rusiyanı bölgədən sıxışdırmaq və öz təsirini artırmaq niyyətindədir. Həmçinin Zəngəzur dəhlizinin açılmasına mane olan ölkələrdən biri də ABŞ-dır. Hətta Ermənistanı təhrik edərək 10 Noyabr Bəyanatının şərtlərinin pozulmasını da onlar təşkil ediblər. Biz bunu Amerikanın rəsmi nümayəndələrinin dilindən dəfələrlə eşidirik. Amerikalı hüquqşünas və diplomat Ceyms O'braynın keçən ilin noyabrında senatda səsləndirdiyi fikir bir daha xatırlatmaq yerinə düşər. O zaman qeyd edildi ki, Azərbaycanla münasibətlər əvvəlki kimi olmayacaq. Yəni Amerika Azərbaycana qarşı qeyri-dost münasibətini sərgiləyəcək. Həmçinin ABŞ keçən ilin sentyabrından aktiv şəkildə Ermənistanla hərbi əməkdaşlığı açıq müstəviyə keçirib. Həmçinin Ermənistan ordusunun yenidən qurulmasında ABŞ geniş iştirak edir. Amerikalı hərbçilər Ermənistan Müdafiə Nazirliyində təlimatçı və müşavir sifəti ilə çalışırlar. Elə ABŞ-ın xeyir-duası ilə Hindistan, Yunanıstan, Fransa və İran Ermənistanın sürətlə silahlandırılması prosesində iştirak edirlər. Xüsusilə Hindistandakı silahların və hərbi texnikanın bir qismi Amerikan şirkətlərinin lisenziyası ilə istehsal olunur. Yəni Amerika birbaşa yox, dolayısı ilə Ermənistanı silahlandırmağa çalışır".
Oqtay Qasımov vurğulayıb ki, ABŞ-ın bu cür addımları və himayədarlığı Ermənistanı sülh prosesindən yayındıran əsas əlamətlərdən və faktorlardan biridir:
"Digər tərəfdən ABŞ-ın Ermənistan üzərindən bir neçə məsələni həll etməyə çalışır. Xüsusilə də son dövrlər Gürcüstanla Qərb arasında gərginlik var. Məhz Ermənistanın Qərb üçün əhəmiyyətinin artmasının səbəblərindən də budur. Bütün hallarda ABŞ Bayden administrasiyasının bu cür yanlış siyasətini davam etdirəcəksə, bölgədə gərginliyə səbəb olacaq. Bölgə ölkələri bu məsələdən mənfi yöndə təsirlənəcəklər. Eyni zamanda ABŞ-ın maraqları da ciddi şəkildə zədə alacaq. Çünki bölgənin əsas lider ölkəsi olan Azərbaycanın ABŞ-ın maraqlarını tapdalayaraq öz maraqlarını təsis etməyə çalışacaq. Bu da onun mənafeyinə uyğun olmayacaq".